1. Olduğu yerdə və halda durmaq, yerini dəyişməmək, yerindən getməmək. Hamı getdi, o qaldı. Qışda kənddə qalmaq.
// Yuxarı sinfə keçməmək. İkinci sinifdə qalmaq.
2. Var olmaq, mövcud olmaq, davam etmək. Onun gözəlliyindən ancaq iki gözü qalmışdır. Ürəyində heç bir hiss qalmamışdır.
3. Sağ olmaq, həyatda olmaq, yaşamaq. Onun indi bircə qızı qalmışdır.
// İnkar şəklində: qalmamaq – ölmək, yaşamamaq, həyatda olmamaq, sağ olmamaq. Övladı qalmamaq. Onlardan heç kəs qalmamışdır.
4. İşləndikdən, sərf edildikdən, xərcləndikdən sonra müəyyən miqdar mövcud olmaq. On kilo düyüdən bir kilo qalmışdır. Cibimdə bir manat pulum qalıbdır.
// Bir ədədi bir ədəddən çıxdıqdan sonra hasil olmaq. Beşdən üç çıxanda iki qalır.
5. Təxir edilmək, sonraya buraxılmaq, başqa vaxta keçirilmək. İclas sabaha qaldı.
// Dayandırılmaq, əl çəkilmək, buraxılmaq, tərk edilmək, vaz keçilmək. O iş qaldı. Kitabın nəşri hələlik qaldı.
6. Bir yerdə unudulub buraxılmaq, yaddan çıxarılmaq. Portfelim maşında qaldı. Gözlüyüm evdə qalıbdır.
7. İrs yetişmək, irsən çatmaq. Atasından ona xeyli şey qaldı.
8. Məhrum olmaq, əlindən çıxmaq. Qəpiksiz qalmaq. Yuxusuz qalmaq. Paltosuz qalmaq. İşsiz qalmaq.
9. Edə bilməmək, başa çatdıra bilməmək, nail ola bilməmək, davam etdirə bilməmək, gedə bilməmək, iştirak edə bilməmək. Dərsdən qalmaq.
// Gecikmək, çatışa bilməmək, yetişə bilməmək, gecikərək yerində qalmaq. Qatardan qalmaq.
10. Gələndən sonra müvəqqəti olaraq bir yerdə yerləşmək, qərar tapmaq, bir yerə düşmək; qonaq olmaq. Bu gecə harada qalmışdınız? Qonaqlar dünən bizdə qalmışdılar.
11. Aid olmaq, dəxli olmaq, üzərinə düşmək. Onun dərdini çəkmək sənəmi qalıbdır?
12. İlişmək, ilişib qalmaq, girib çıxmamaq. Boğazında sümük qalmaq. Güllə əzələsində qalıbdır.
13. Bir hala düşmək, bir vəziyyət içərisinə düşmək. Pis vəziyyətdə qalmaq. Ayaq üstə qalmaq. O, üç yaşında atasız qaldı. Yuxusuz qalmaq.
14. Mühafizə etmək, davam etmək, əl çəkməmək, saxlamaq. Öz fikrində qalmaq. Tutduğu mövqeyində qalmaq.
15. Yubanmaq, durmaq, bir yerdə ilişib qalmaq, gəlib çıxmamaq. Bizim yoldaşlar harada qaldı? Yarı yolda qalmaq. Bu vaxta kimi harada qalmısan?
16. Vaxt, zaman haqqında. Saat beşə üç dəqiqə qalıbdır. Ayın axırına iki gün qalıbdır. Onun ömrünə az qalıbdır.
// Hələ çatmamaq, yetişməmək.
17. İnkar şəklində: qalmamaq – 1) hamısı sərf olunmaq, işlənib qurtarmaq.
2) qırılıb qurtarmaq, məhv olub (edilib) qurtarmaq;
3) kifayətlənməmək. [Səlimi:] Oğlan, xarici kapital yalnız bizim torpağın sərvətini talan etməklə qalmır.
4) geri qalmamaq, bərabər olmaq. Dəcəllikdə yoldaşından qalmaz.
5) hərəkətində, işində, adətində davam etmək, arasını kəsməmək, əl çəkməmək. Kefindən qalmamaq. İşindən qalmamaq.
18. Qalmamışam, qalmamışıq şəklində – ehtiyacım(ız) yoxdur, bizə lazım deyil.
19. Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada mürəkkəb feil, yaxud müxtəlif ifadələr düzəldilir; məs.: avara qalmaq, sağ qalmaq, gözü qalmaq, heyran qalmaq.
◊ Əslinə qalanda – əslində, həqiqətdə, doğrusuna gəldikdə.