qaraçılar

qaraçılar
qaraçı
qaraçılıq
OBASTAN VİKİ
Qaraçılar
Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri. Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir. Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır. "Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "ἀτσίγγανοι" (atsinqanoi; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "doma" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "doma" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.
Azərbaycan qaraçıları
Azərbaycan qaraçıları (özünüadlandırma rom. Dom, pars, kürd domlar, koul) — Azərbaycanda yaşayan azsaylı xalqlardan biri, qaraçıların Azərbaycandakı icması. 1999-cu il və 2009-cu ilin əhali siyahıyaalması prosesində onlar hesaba alınmamışdır, lakin 2010-cu illərə aid edilən müxtəlif mənbələrdə Azərbaycanda yaşayan qaraçıların ümumi sayı təqribi olaraq 1,000, 2,000, 10,000 və 20,000 kimi göstərilmişdir. Qaraçılar Azərbaycanda ən çox Yevlax, Ağdaş və Balakən rayonlarında yaşayırlar, həmçinin Bakıda və Sumqayıtda da qaraçı icmaları mövcuddur. Azərbaycan qaraçıları İrandan çıxan "dom" boyundandırlar. Onlar ilk dəfə orta əsrlərdə Kəraçi və Sind regionlarından, ya da Baktriyadan İran vasitəsilə Azərbaycana gəlmişlər. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycana özlərini "pars" adlandıran farsdilli qaraçılar köçürülmüşdür. XIX əsrin sonlarında hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüştçü məbədləri ziyarət etməyə gəlmişdilər. Stalin repressiyalarının bir hissəsi olaraq Cənubi Qafqazda yaşayan qaraçılar 1936-cı ildən etibarən Qazaxıstana deportasiya edilmiş, lakin deportasiya qərarı 1956-cı ildə ləğv edilmişdir. Beləliklə, 1950–1960-cı illərdə Qazaxıstandan Azərbaycana kurmancdilli qaraçılar gəlməyə başlamışdır və onlar özlərini kürd adlandırırlar.