Məhəmmədalı bəy Qazılı
Məhəmmədalı bəy Qazılı — Qarabağ bəyi
Məhəmmədalı bəy Qazılı 1828-ci ildə Seyidli oymağında anadan olmuşdur. O, Seyidli oymağının Qazılılar nəslindəndir. Atasının adı Hüseyn bəydir. Hüseyn bəy zəmanəsinin hörmətli, müdrik bəylərindən sayılmış, 1842-ci ildə Seyidli oymağında vəfat etmişdir. Ailənin kiçik övladı olan Məhəmmədalı bəyin özündən yaşca böyük Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy adlı üç qardaşı olmuşdur.
Məhəmmədalı bəyin adı Azərbaycanın, o cümlədən Qarabağın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış şəxsiyyətlər sırasındadır. O, xüsusi mədrəsə təhsili almış, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy adı ilə tanınmışdır. Məhəmmədalı bəy yaddaşlarda Qarabağın müdrik, savadlı, səxavətli, qoçaq, qeyrətli bəyi kimi xatırlanır. O, həyatı boyu ağıllı məsləhətləri, xeyirxah əməlləri ilə tanınmış, məhz bu üstün cəhətlərinə görə Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış Qarabağ bəylərindən idi. Məhəmmədalı bəyin Seyidli oymağında geniş torpaq sahəsi, təsərrüfatı olmuşdur.