Bu sözlə bağlı quşqunu düşük, quşqun qırmaq, quşqunu boş, quşqunsuz və s. ifadələr də işlədilir. Quşqun müxtəlif mənalara malikdir: quyruq, qasıq, selik, tumanbağı və s. Quşqunu düşük –arıq, zəif atla bağlı işlədilir, yeriyəndə dal ayaqları sözünə baxmır. Quşqun qırmaq kimisə təqib etmək deməkdir. Quşqunsuz –çox səliqəsiz, natəmiz adama aiddir. Quşqunu boş - əxlaqsızlarla əlaqədar işlədilir. Quşqun mənbələrdə, o cümlədən “Kitabi–Dədə Qorqud” dastanında qusqun kimi yazılıb, qusmaq feili ilə bağlıdır. Quyruğun altından (natəmiz yerdən) keçdiyinə görə ona bu adı veriblər. M.Kaşğaridə “quş balası qusıncığ” ifadəsi var və buradakı qusıncığ sözü “natəmiz” mənasında işlədilib. Türk dillərində buna qudurğun da deyiblər, mənası “quşqun” (rusca пахва) kimi şərh olunub. Deməli, quşqun sözü, quyruqla əlaqədardır. Fars dilində ranəki “quşqun” deməkdir (ran quyruğun bədənə bitişdiyi yerdir). Deməli, quşqun onlarda da quyruqla əlaqədardır. Ruslar ona “подхвостник” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)