Qubadlı
Qubadlı — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər.
== Etimologiyası ==
"Qubadlı" oykonimi kürd mənşəlidir. Qubadlı adında kürd tayfası indi də İranda yaşamaqdadır.
== Coğrafiyası ==
Laçından cənubda, Bazarçayın sağ sahilində, yarpaqlı meşələr arasında yerləşir.
== Tarixi ==
Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur. Sovet dövründə Qubadlı əvvəlcə Azərbaycan SSR-in Zəngilan rayonunun bir hissəsi idi, sonra isə Qubadlı rayonu yaradılmış və onun inzibati mərkəzi təyin edilmişdir. Şəhər 1923-cü ildən 1930-cu ilə qədər Kürdüstan qəzasının tərkibində olmuşdur. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində olmuşdu.Qubadlıya 1962-ci ildə şəhər tipli qəsəbə, 24 iyul 1990-cı ildə şəhər statusu verilmişdir. Burada asfalt zavodu, quşçuluq fabriki, daş karxanası, üç məktəb, iki xalq kitabxanası, mədəniyyət evi, kinoteatr və xəstəxana yerləşirdi. Qubadlı şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur.