Quzanlı
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub.
1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.