Reyhan Tağıyeva
Reyhan Qəmbər qızı Tağıyeva (21 mart 1910, Tiflis – 29 noyabr 1973, Kirovabad) — Gürcüstan SSR əməkdar artisti, Gəncə Dram Teatrının aktrisası.
Reyhan Tağıyeva 21 mart 1910-cu ildə Tiflisdə dünyaya gəlib. Burada gimnaziya tipli məktəbdə ibtidai təhsil alıb. Bu illərdə Tiflisdə qadınlar klubunda qızların dram dərnəyi fəaliyyət göstərib. Məhz 15 yaşında olarkən ilk dəfə olaraq bu dərnəkdə Üzeyir Hacıbəylinin "Məşədi İbad" və "Arşın mal alan" komediyalarında Qoçu Əsgər və Soltan bəy obrazlarında çıxışlar edib.
Qeyd etmək lazımdır ki, həmin dövrdə Tiflis Azərbaycan Teatrının məşhur truppaları birləşərək 1922-ci ildə dövlət teatrı kimi fəaliyyət göstərib. 1927-ci ildə daha da möhkəmlənən aktyor truppası kimi fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram Teatrına Mirzəli Abbasov və İbrahim İsfahanlının dəvəti ilə Reyhan Tağıyeva aktrisa olaraq gəlib. İyirmi illik səhnə fəaliyyəti dövründə bu teatrın səhnəsində bitgin obrazlar qaleriyası yaradan Reyhan Tağıyeva 1947-ci ildə Gürcüstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisa məhz bu teatrın səhnəsində Cəfər Cabbarlının "Yaşar"ında Tanya, "Od gəlini"ndə Gülgün, "Almaz"ında Yaxşı, Hüseyn Cavidin "Knyaz"ında Ana, Üzeyir Hacıbəylinin "Arşın mal alan"ında Telli, Sabit Rəhmanın "Toy"unda Zalxa, Rza Şahvələdin "Dağlılar"ında Ana, Heydər İsmayılovun "Koroğlu"sunda Gülsənəm, Rəsul Rzanın "Vəfa"sında Ülkər xala, Süleyman Rüstəmin "Qaçaq Nəbi"sində Leyla, Konstantin Trenyovun "Düşmənlər"ində Baronesa, Tur qardaşları və Lev Şeyninin "Üzləşdirmə"sində Vera, Konstantin Simonovun "Vətən oğlu"nda Yasəmən obrazlarını böyük sevgi və məhəbbətlə yaratmağa müvəffəq ola bilib.
Tiflis Dövlət Azərbaycan Dram Teatrı 1947-ci ildə fəaliyyətini dayandırıb.