Sərraf Qasım
Sərraf Qasım (31 dekabr 1939, Aşağı Qışlaq, Şahbuz rayonu – 9 fevral 2018, Aşağı Qışlaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi
== Həyatı ==
=== Uşaqlıq illəri ===
Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür.
=== Təhsili ===
Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.
1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır.
1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur.
Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur.
=== Əmək fəaliyyəti ===
Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.