Sallamaq (sallanmaq) feili ilə bağlıdır. Tuva dilində salxım əvəzinə, salbak (saplağından asılan, sallanan) işlədirlər. Qaqauz dilində salkı (висячий), salkım (свисающий) sözləri də var. Hamısı “sallamaq” anlamı ilə bağlıdır. Ehtimal ki, saplaq kəlməsi də bununla əlaqədardır. Tuva dilindəki salbak sözü də sal və bağ hissələrindən ibarət olub, “sallama bağı” deməkdir. Bizdəki saplaq sözü sap kökündən və -laq şəkilçisindən ibarətdir, “sap yeri” deməkdir. “Salxım”ın kökü sallamaq sözündəndir, -x şəkilçisi -ıx şəkilçisinin ixtisarıdır (sol-ux, yol-ux qəlibi üzrə yaranıb). -ım şəkilçisi isə feildən isim düzəldir (biç-im..). Azərbaycan dilində feil -la şəkilçisi qəbul etmir, amma sallamaq kəlməsində bunun əksi müşahidə olunur. Görünür, səpələ qəlibi üzrə salala sözü yaranıb, sonra salla şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)