Dilimizdəki sığamaq feili rusca “проводить рукой” kimi açıqlanır. Heyvanı sağanda da əl ilə əmcəklərini sığayırlar. Deməli, sağmaq və sığamaq kökdaş sözlərdir. M.Kaşğarinin “Lüğət”ində bal sağmaq birləşməsi var. Bu da balı sığayıb çıxarmaqla əlaqədardır. Mənbələrdə sağmaq sözü rus dilinə “вынуть”, “высосать” kimi tərcümə edilib. Dilimizdə (dialektlərdə) sıpqarmaq sözü də var (sıpqarmaq “son damlasına qədər içmək”, “boşaltmaq” və s. deməkdir). Mənbələrdə rus dilinə ососать kimi tərcümə olunub. Bu da, çox ehtimal ki, “sağmaq”, “sorub çıxartmaq” anlamı ilə bağlıdır. Deməli, sağmaq feili “sığayıb, sorub çıxarmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)