Sehrli söz
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu.
Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur.
Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.