Tabeli mürəkkəb cümlə
Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik əlaqəsi əsasında birləşməsindən yaranır.
Belə cümlələrin tərkib hissələrinin qrammatik cəhətdən biri əsas, digəri isə ondan asılı olur. Əsas cümlə baş, asılı olan cümlə isə budaq cümlə adlanır. Budaq cümlə həmişə baş cümləyə aid olub, onu müxtəlif cəhətdən izah edir. Bu zaman budaq cümlə ya baş cümlənin buraxılmış cümlə üzvünün yerində işlənir, ya da ümumi məzmunla bağlı olur. Ümumi məzmunla bağlı olan şərt budaq cümlələri sadə cümləyə çevrilmir.
Bəzi budaq cümlələr baş cümlənin buraxılmış üzvünün sualına cavab verir: Mən bilirdim ki (nəyi?) , hər şey bizim iradəmizdən asılıdır. Bu cümlədə baş cümlə budaq cümlədən əvvəl gəlib və baş cümlədəki buraxılmış üzvü – tamamlığı əvəz edir.
Budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə verilmiş cümlə üzvünün sualına cavab olur: Mən onu da (nəyi?) bilirdim ki, əvvəl - axır torpaqlarımızı geri qaytaracağıq. O, elə (necə?) danışırdı ki, heç kəs diqqətini ondan yayındırmırdı.