Uca andız
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir.
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.