Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir.
Şahrux ibn II Fərrux Yasar | |
---|---|
Şirvanşahlar dövlətinin XXXXIII hökmdarı | |
1535 – 1538 | |
Əvvəlki | II Fərrux Yasar |
Sonrakı | I Təhmasib (Səfəvilər sülaləsi) Bürhan Əli (Dərbəndilər) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Vəfat səbəbi | baş kəsmə |
Fəaliyyəti | qubernator |
Atası | II Fərrux Yasar |
Ailəsi | Dərbəndilər |
Dini | Sünni İslam |
Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular.[1][2][3][4] h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir.[5] Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir.
Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi. Aralarında birlik olmadığı, qoşunlar vuruşmaq istəmədiyi üçün Şahrux əmirləri və əyanları ilə birlikdə üsyançıların qabağına çıxmaq iqtidarında deyildi. Şahrux əmirlərlə birlikdə Şamaxını tərk edərək Buğurt qalasına qaçdı. Qələndər şəhəri döyüşsüz tutdu. Lakin möhkəm rəhbərlik və mütəşəkkillik olmadığından üsyançılar qayda-qanun yarada bilmədilər və Şirvan əhalisinin narazılığına səbəb oldular. Bir neçə gün Şamaxıda qaldıqdan sonra üsyançılar arasında ixtilaf düşdü və onlar şəhəri tərk edərək, Salyana yollandılar. Qələndərin geri çəkilməsi xəbərini alan Şahrux əmirləri ilə Buğurt qalasından çıxaraq üsyançıları təqib etməyə atıldı. Salyan yaxınlığında onlara çataraq, döyüşdə məğlub etdilər, Qələndər əsir tutub öldürdülər.[6][7][8] Sosial xarakterinin aydın olmamasına baxmayaraq, kortəbiiliyi və kütləviliyi, yalançı hökmdarın zühuru və dərvişlərin iştirakı bu hərəkatı Ön Asiyanın XIII-XVI əsrlər kəndli üsyanlarına aid etməyə imkan verir.[9]
Üsyan yatırıldıqdan sonra, II Xəlilüllahın qələndəri Şirvanşah kimi tanıyan və Səfəvi sarayının tapşırığı ilə fəaliyyət göstərən dul arvadı Pərixan xanım Təbrizə gedərək, Şirvanın ağır daxili vəziyyəti və onu asanlıqla ələ keçirməyin mümkün olması barədə qardaşı şah Təhmasibə məlumat verdi.[10][11] Üsyan yatırıldıqdan sonra Şirvan əmirləri və zadəganları əhaliyə zülm və qəddarlığı daha da gücləndirərək son həddə çatdırdılar. Bu zaman Qorçubaşı Padar bir qrup hərbçi ilə Təbrizə gəldi, Təhmasibə şikayətlə müraciət edərək, ondan Şirvanın işlərinə qarışmasını xahiş etdi.[12][13] Şahruxun məktub göndərərək sədaqətini bildirdiyi türk sultanının ciddi təhlükə doğurması Təhmasibi təcili tədbirlər görməyə vadar etdi.[14][15][16]
Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah Təhmasib əlverişli bəhanə tapdı. Həsən bəy Rumlunun təbirincə "...Şah Şahruxun ölkəni pis idarə etməsi, onun əmirlərinin bəd əməlləri, ordusundakı oğurluq, bu ölkədəki imansızlıq və dini təsisatlara etinasızlıq haqqında eşitmişdi". Onda şah ustaclı, qacar və talış tayfalarının əmirlərinə Əlqas Mirzənin başçılığı altında Qarabağ və Muğanın qeyri-nizami dəstələri və iyirmi minlik qızılbaş qoşunu ilə Şirvanı tutmağa getməyi əmr etdi. H.945 (1538)-ci ilin baharında Əlqas Mirzə Qorçubaşı Padarın müşayiətilə Kürü keçdi, Şirvana girərək, 300 nəfər qarnizonla birlikdə Surxab və Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın ən möhtəşəm qalası olan Gülüstanı mühasirəyə aldılar. Şəhərin komendantı (kütval) Nemətulla bəy idi. Lakin qızılbaş əmirləri qoşunların bir hissəsini Gülüstan qalasının yanında qoyaraq, qalanın Şirvanşah Şahruxun vəkil Hüseyn bəy Lələ və Şirvan zadəganları ilə sığındığı yüksək zirvədə yerləşən əlçatmaz Buğurt qalasına tərəf döndərdilər. Qalanın müdafıəçilərinin müqavimətinə, Buğurt qalası yanında Hüseyn bəylə qızılbaşlar arasındakı döyüşün nəticəsinə baxmayaraq, sonuncular Şirvanlıları məğlubiyyətə uğradaraq, gürcü qalasını da ələ keçirdilər.
Əlqas Mirzənin dörd ay (Cənnabi və Münəccimbaşıya görə yeddi, Hürşaha görə doqquz ay) mühasirədə saxladığı Şahrux və onun əmirləri məhrumiyyətlərə və vəziyyətlərinin ağırlığına baxmayaraq, Buğurt qalasında mərdliklə müdafiə olunurdular. Bu vaxt öz qoşunları ilə mühasirədəkilərin köməyinə gələn Şəki hakimi Dərviş Məhəmməd xan Buğurt qalasının yanında məğlubiyyətə uğradı və döyüşçülərinin çoxunu itirərək geri çəkildi. Buğurtun bürcləri toplarla dağıdılıb uçurulduqdan sonra Dərviş Məhəmməd xanın köməyindən ümidi kəsilən qala müdafiəçiləri müqaviməti dayandırdılar. Vəkil Hüseyn bəy bildirdi ki, şah gəlsə təslim olmağa hazırdılar. Saraya göndərilən qasid şahı Mərənddə tapdı.
Cənnabinin məlumatına görə Buğurta gələn şah Təhmasib adamlarını Şahruxun yanına göndərərək, ona aman, böyük iqta və müxtəlif hədiyyələr veriləcəyini vəd etdi. Lakin bunların hamısı yalan çıxdı. Sonra şah Şamaxının bütün sərkərdələrinə və rəislərinə hər cür nemətlər vəd edərək onlara xəyanət edərək aldatdı. O, şəhərin yüksək rütbəli sakinlərindən zorla iri məbləğdə pul alaraq, sonra onların çoxunun edam olunmasını əmr etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və Şirvan əmirləri hədiyyələrlə Təhmasibin hüzuruna gələrək saraylarının və xəzinələrinin açarlarını itaətlə şahın vəkillərinə təqdim etdilər.[17][18][19][20][21][22] Şirvanşahların hələ XIII əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə Təhmasib sahib oldu.[23]
Qəley-Buğurt qalasının süqutundan sonra, Şahrux, Hüseyn bəy və Məhəmməd bəy həbsxanaya salındı. Buğurt qalasını uçurmaq əmr edildi. H.945-ci il cəmadiyüləvvəl ayının üçündə cümə günü (27 sentyabr 1538-ci il) Gülüstan qalasının kütvalı Nemətulla bəy şahın hüzuruna gəlib qalanı ona təslim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam olundu. Şərəf xan Bidlisinin yazdığına görə
"Qızılbaşların amansız qılıncları ilə qalada mühasirədə olanlardan altı yüzə yaxın adam öldürüldü. Hətta, şah Təhmasib babası sultan Heydərin qan intiqamı olaraq, bir neçə Şirvan əyanını şəxsən öz əli ilə qətlə yetirdi"
Şah Təhmasib Şirvanı iqta kimi qardaşı Əlqas Mirzəyə verdi, Şirvanşah Şahruxu da əsl qul kimi qandalladaraq özü ilə götürüb Təbrizə qayıtdı və h.946 (1539)-cı ildə onu gizlincə edam etdirdi, "onun həyatı şahın əmri ilə söndü".[24][25][26][27]
Təhmasib Şirvanı tutduqdan sonra Şirvanşahlar xanədanın devrildiyini elan etdi və Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Ölkə şahın qardaşı bəylərbəyi Əlqas Mirzənin idarə etdiyi vilayətə çevrildi. Şirvanın, demək olar ki, bütün zadəganları məhv edildi, onun torpaqları qızılbaş tayfalarının başçılarına, əmirlərə paylandı. H.941 (1535)-ci ildə Təbrizi tutmuş türk sultanı Süleymanın tərəfinə keçən Əmir Qazi xan Təkəli sonuncuya xəyanət edərək, 6 minlik köçəri təkəli tayfası ilə Sürlük yaylağında şahın yanına gəldi. Şirvan vilayətinin bir hissəsi – Salyan, Mahmudabad və Bakı mahalları tiyul kimi ona bağışlandı. Lakin müstəqillik ənənələrinə sadiq qalan Şirvan əhalisi uzun müddət Şirvanşahlar dövlətinin məhv olması fikri ilə razılaşmayaraq bir sıra yerlərdə qızılbaşlara müqavimət göstərirdi. Qazi xan Təkəli inadlı və şiddətli mübarizədən sonra h.947 (1540/1)-ci ildə Bakı qalasını tutaraq, əhalidən xeyli adam qırdı. Lakin h.950 (1543/4)-ci ildə Təhmasibin suiqəsddə iştirak etməsindən şübhələndiyi Qazi xan Təkəli şahın əmrinə əsasən Əlqas Mirzə tərəfindən qardaşları ilə birlikdə Şirvanda edam olundu.[28][29][30][31]
SƏLƏF II Fərrux Yasar |
Şahrux ibn Fərrux Yasar Dərbəndilər |
XƏLƏF I Təhmasib (Səfəvilər)/Bürhan Əli |