Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam.
Buğurt qalası | |
---|---|
40°48′ şm. e. 48°37′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Qəleybuğurd kəndinin yaxınlığı |
Aidiyyatı |
Şirvanşahlar dövləti Şamaxı xanlığı |
Tikilmə tarixi | XII—XV əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | əhəng daşı |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 317 |
Kateqoriya | Qala |
Əhəmiyyət | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir.[1]
Nə zaman tikildiyi bilinmir.[2] Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub.[2] Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur.[3] 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu.[4] 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər.[5] Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
İskəndər Münşünün yazdığına görə bu müharibələr zamanı həm Gülüstan, həm də Buğurt qalası Təhmasibin əmri ilə dağıdılmışdır. Lakin Abdulla xan Şirvan bəylərbəyisi olan zaman türk sultanı Süleyman Qanuninin Şirvana yürüşü zamanı türk qoşunlarının başçısı Qasım bəy Buğurt qalasından hərbi müdafiə məntəqəsi kimi istifadə etməsi bu iddianın səhv olduğunu göstərir.[6] Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.