I Fəribürz

I FəribürzŞirvanşahlar dövlətinin on altıncı hökmdarı, Şirvanşah Salar ibn Yezidin oğlu.

I Fəribürz ibn Salar ibn Yezid
1063 – 1096
ƏvvəlkiSalar ibn Yezid
SonrakıII Mənuçöhr ibn I Fəribürz
Şəxsi məlumatlar
Doğum tarixi 1063
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Atası Salar ibn Yezid
Uşaqları

Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi.

Şavur ibn Fəzllə münasibət

[redaktə | mənbəni redaktə et]

Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı".[1][2] Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı. H.456-cı ilin məhərrəm ayında (yanvar, 1064) Arran hakimi Əbüləsvar Şavur ibn Fəzl dördüncü dəfə Şirvana basqın edib, bir sıra kənd və məntəqələri tutdu. Sonra Şavur qoşununun bir hissəsini bəzi əmirləri ilə burada qoyub Şirvanı tərk etdi. O, əhalidən 40 min dinar tələb etdi.

Şirvanşah Fəribürz rəcəb ayında (iyun-iyul, 1064-cü il) onunla sülh müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Şavur Şirvanşahdan 40 min dinar alıb, əvəzində Quylamiyan qalasını ona qaytardı. H.457 (1065)-ci ildə Fəribürz qoşunu ilə əl-Baibn kəndlərinə hücum çəkərək onları qarət edib dağıtdı. Şirvanşah Məsqətdəki Mehyariyə qalasına çatdıqda dərbəndlilər Qələban (Qəlabad) körpüsünün yaxınlığında ona müqavimət göstərdilər. Onların çoxu öldürüldü. Fəribürzün Dərbəndə basqınına əl-Bab əhalisinin rəisləri başçılığı ilə Əbd ül-Məlikin oğlu Əmir Mənsura qarşı üsyan qaldırıb, onu öldürmələri bəhanə olmuşdu. Mənsur Fərübürzün bibisi oğlu idi və onunla həmişə əmin-amanlıq içində yaşamışdı. Fəribürz onun intiqamını almaq üçün əl-Bab rəislərinin bir çoxunu edam etdirdi, əmlaklarını qarət edib, sürülərini qovub apardıqdan sonra Şirvana qayıtdı.[3]

Daxili münaqişələr

[redaktə | mənbəni redaktə et]

"Tarix-i əl-Bab"da Dərbənd ve

Beyləqan rəis və əmirləri, habelə, Dərbənd rəis və əmirləri ilə Şirvanşah arasında gedən mübarizəyə dair çoxlu məlumat verilir. "Tarix-i əl-Bab"da daha sonra xəbər verilir ki, h.457-ci il rəbiülaxir ayının sonuncu günü (9 aprel 1065) Fəribürzün əmisi oğlu Hürmüz ibn Mənuçöhr ibn Yəzid Təbərsərandakı irsi malikanəsindədayılarının yanında basdırıldı. Həmin il Fəribürz qoşunu ilə Məsqətə qayıtdı. Samurçayın sahilində düşərgə saldı və h.457-ci il rəcəb ayının sonlarında (1065-ci il iyulun əvvəlləri) öz dəstələrini (sərayə) Dərbəndin üstünə göndərdi. Dərbənd əhalisi çətin vəziyyətə düşdü. Fəribürz yalnız dərbəndlilər bibisi Şəmkuyyəni həbsdən azad edib, bütün əmlakı və qiymətli şeyləri ilə birlikdə müsəlman ilahiyyatçılarının – fəqihlərin müşayiətilə onun yanına göndərdikdən sonra Şirvana qayıtdı.[4]

Dərbənd XI əsrdə və sonralar Şərqi Qafqazın Şirvan hakimlərinin diqqətini daim cəlb edən iri ticarət, sənətkarlıq və siyasi mərkəzi olmuşdur. XI əsrin ortalarında müstəqil Dərbənd hakimləri sülaləsinə son qoyuldu, şəhər və onun ətrafındakı torpaqlar Şirvanın tərkiibnə daxil edildi və sonralar İraq səlcuqlarından asılı vəziyyətə düşdü.[5] H.464-cü ilin səfər ayında (noyabr, 1071) türk Yəğma sultan Alp Arslanın təyin etdiyi hakim kimi əl-Baba gəldi. Yəğma Şirvanşahdan əl-Bab qalasının və Məsqətin təslim olunmasını tələb etdi. H.464-cü ilin rəbiülaxir ayında (yanvar, 1072) Yəğma hakim kimi qalaya daxil oldu, Şirvanşahla Əfridun isə taxıl və ərzağı özləri ilə götürüb Şirvana getdilər. Həmin il Şirvanşahın qardaşı Güzdəhəm ibn Salar Şəkidə öldü, onun cənazəsi Yəzidiyyəyə gətirilib orada dəfn olundu.

Həmin ilin aprel ayında əl-Babın rəisləri Fəribürzün sonuncu sığınacağı olan Məsqətə doğru hərəkət etdilər. Lakin Şirvanşah həm onlarla, həm də Şəki ətrafındakı qərb qonşuları ilə mübarizəni davam etdirdi. Fəribürz əhalisi gah ona tabe olan, gah da əleyhinə üsyan qaldıran Dərbəndə sahib olmaq uğrunda vuruşmaqda idi. Nəhayət, h.467 (1074)-ci ildə Ərğar ibn Buğanın başçılığı ilə türk qoşunları gəldi. Ərğar ibn Buğa Şirvanın sultan tərəfindən iqta kimi ona verildiyini elan etdi. Lakin Şirvanşah özünəməxsus diplomatiya yolu ilə səlcuq sultanından özünün əvvəlki imtiyazlarının bərpa edilməsinə nail oldu və eyni zamanda Şərqi və Qərbi Lekzdə ləzgilərin tabe edilməsini başa çatdırdı. Lakin sərhəd vilayəti əl-Babı sultanın iqta kimi bağışladığını hər iki İraqın əmiri Savtəkinin nümayəndəsi bura gəldikdən sonra Fəribürz hər il sultanın xəzinəsinə vergi (mal) verən vassal vəziyyətinə düşdü. Sonra mənbədə deyilir: "Bu vəziyyət onun ölümünədək (...) davam etdi. Fəribürzdən sonra Şirvanın hakimi onun oğlu Əfridun ibn Fəribürz oldu..." V.F.Minorskinin fikrincə, bu məlumat Münəccimbaşının öz əlavəsidir. "Əl-Bab" salnaməsindən gətirilən bu məlumatlar "Nəinki səlcuq hücumlarının ağır həmlələrinə davam gətirən, həm də öz xanədanının imtiyazlarını möhkəmləndirən" [6][7] bacarıqlı hakim, diplomat və mərd sərkərdə olan Fəribürzün fəaliyyətini işıqlandırır.

Mənbələr göstərir ki, Fəribürz hakimiyyətini Arranda da bərqərar etmişdi. Onun istila etdiyi torpaqlar Muğandan dənizə qədər uzanıb gedirdi. Qumuq və alanlar ölkəsinədək Sulvar da onun ölkəsinə daxil idi. O, ləzgiləri, abxazları (yəni, gürcüləri) özünə tabe etdirmiş, Arranı ve Cənzəni (Gəncəni) tutmuşdu. Fəribürz bütün ömrünü qonşu əraziləri zəbt etməklə və öz dövlətinin sərhədlərini genişləndirməklə keçirmişdir. Onun hökmranlığının başlanğıcı -h.455-1063-ci il salnamələrdən məlumdursa, sonu mənbələrdə göstərilmir. Onu yalnız numizmatik və epiqrafik məlumatlara əsasən müəyyənləşdirmək mümkün olmuşdur.

Oğuzların gəlişi

[redaktə | mənbəni redaktə et]

İlə bağlı məlumatlar XI əsrin 30-cu illərində mənbələrdə ilk dəfə olaraq türk-quzların Şirvana girmək təhlükəsi qeyd edilir. Şirvanşahlar öz qonşuları ilə yanaşı, Orta Asiyadan çıxmış köçəri oğuz tayfalarının bir qolu olan səlcuqlara qarşı da mübarizə aparırdılar. XI əsrin əvvəllərində səlcuqlar güclü imperiya (1038-1157) yaradaraq, Ön Asiya ölkələrini, Azərbaycanı və qonşu ölkələri təhdid edirdilər. XI əsrin ortalarında səlcuqlar daxili siyasət nəticəsində zəifləmiş İranı, Azərbaycanı və bir sıra digər şərq ölkələrini güclü müqavimətə rast gəlmədən zəbt etdilər.[8][9][10][11] H.458 (1066)-ci ildə türk-quzlar Şirvana basqın etdilər, yaşayış yerlərini talan edərək çoxlu qənimət – insan, mal-qara və əmlak apardılar. Şirvanşah I Fəribürz ibn Salar türkləri Şirvandan gətməyə məcbur etmək üçün böyük təzminat verməli oldu. H.459-cu il məhərrəm ayının birində (22 noyabr 1066) türklərin başçısı Qaratəkin Şirvana ikinci dəfə Fəribürzün onunla ittifaq bağlamış əmisi Məmlan ibn Yezidlə birlikdə hücum etdi. Qaratəkin Yəzidiyyə (Şamaxı) şəhərini mühasirəyə alaraq, onun ətrafındakı yərləri viran etdi. Sonra o, ölkənin dağ və dərələrinə hücum çəkərək soyub dağıtdı, xeyli adam qırdı, sürüləri apardı, qadın və uşaqları əsir aldı. Şirvanı "boş səhraya"[12] döndərdi.

Oradan Bakıya enən Qaratəkin burada əhalinin xeyli hissəsini qırdı, qadın və uşaqları, sürüləri qovub apardı. Vəziyyət qorxulu hal alanda Şirvanşah 4000 çox madyandan ibarət cins at ilxısını Məsqətə göndərdi. Qaratəkinin dəstələri Bakıdan Şəbəranadək qabaqlarına çıxan hər şeyi qarət edib dağıdırdılar. Türklər dağlara qalxdılar və oradan Məsqət üzərinə hücuma keçdilər; Onlar Fəribürzün ikisini sürüb apararaq Şəbərana qayıtdılar. Sonra Qaratəkin yenidən Yəzidiyyəni mühasirəyə aldı. Şirvanşahın vəziyyəti daha da ağırlaşdı. Bələ ki, Qaratəkinə 2000 türk döyüşçüsündən ibarət kömək gəlib çatmışdı. Türklərin Fəribürzü aldadaraq qaladan çıxmağa məcbur etmək cəhdləri baş tutmadı. Fəribürz daxili düşmənini, doğmaca əmisini məhv etmək üçün sultanın haciibninə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkdi.[3]

"Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur. "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə (24 fevral 1067) onu qəddarcasına qətlə yetirdilər. Məmlanın meyiti Yəzidiyyəyə gətirilərək orada dəfn edildi". Bu hadisələrdən sonra türklər Yəzidiyyədən Kür çayı sahillərinə endilər. Onlar çayı keçib, topladıqları qənimətlə çıxıb getdilər. H.459-ci ilin rəbiülaxir ayında (fevral, 1067) Qəzvin hakimi Türk əl-Bəsan Şirvanı türklərin basqınlarından qorumağı vəd etməsi müqabilində Qaratəkinə hər il verməyi öhdəsinə götürdüyü 30000 dinarı almaq üçün öz məmurlarını Şirvanşah Fəribürzün yanına göndərdi.[13]

H.459 (1067)-cu ilin sonunda səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Böyük diplomatik bacarığa malik olan Şirvanşah Fəribürz qiymətli hədiyyələrlə onun yanına gedərək öz xidmətini (əl-hədiyyə vəlxidmə) təklif etdi və h.460 (1068)-cı ildə onunla birlikdə səfərə çıxdı. Şəddadi Fəzl ibn Şavur Fəribürzü itaətlə qarşılayıb, xəzinəsinin açarını ona verdi. Şirvanşah sultanın nüfuzundan öz şəxsi düşmənlərini cəzalandırmaq üçün istifadə etdi. O, h.459-cu ilin şəban ayında (iyun, 1067) Qəbələnin qapısı qarşısında kunililər (ehtimal ki, burada məskən salmış xəzərlər) [14][15] tərəfindən öldürülmüş dayısı oğlu Ləşkəristanın intiqamını almaq üçün Kuni üzərinə hücum edərək çoxlu adam qırdı, sürüləri apardı, kəndləri yandırdı. Alp Arslan Rum səfərindən (ehtimal ki, h.460 (1068)-cı il Gürcüstan səfərindən) qayıdaraq, Gəncədən keçib Bərdəyə gedərkən əl-Bab əhalisi şəhərin bir neçə rəisini həbs etmiş Şirvanşahdan ona şikayət etmişdi. Fəribürz şəhəri müstəqil idarə etməyə çalışan itaətsiz rəislərlə mübarizəni davam etdirirdi. Sultan onların azad olunmasını əmr etdi. Fəribürz onun əmrini yerinə yetirdi. Lakin sultan Şirvanşahla münasibətini dəyişdi və onu həbsxanaya salmaq əmri verdi. Bir müddətdən sonra sultan Şirvanşahı azad edib Şirvana gönədərərək, onu hər il böyük məbləğdə xərac verməyə məcbur etdi.

Bu hadisələrlə əlaqədar Fəribürzün əmisi qızının əri Qaratəkin Yəzidiyyədən Məsqətə qaçdı və orada öldürüldü. Şirvanşahın qardaşı Güzdəhəm ibn Salar da pul götürüb ləkzlər ölkəsinə qaçmışdı. H.460-cı ilin ramazan ayında (iyul, 1068) Şirvanşah Fəribürzün oğlu Əfridun əl- Bab qalasını tərk edərək Şirvana getməyə məcbur oldu.

H.461 (1068)-ci ildə Şirvanşah qardaşı Güzdəhəmin ləkzlər ölkəsini tərk edərək əl-Baba getdiyini və burada rəislərin yanında sığınacaq tapdığını öyrəndi. H.46l-ci ilin ayında (noyabr, 1068) Şirvanşah qoşunla hərəkət edərək əl-Babı tutmaq məqsədilə Rubas çayının sahilində düşərgə saldı. Xürməstan deyilən yerdə, şəhərin divarları arxasında Şirvanşahın qoşunları ilə onun qardaşı Güzdəhəm ibn Saların başçılıq etdiyi dərbəndlilər arasında bir neçə vuruşma oldu.

Haydaq və Tüveyk əhalisi məhərrəm də dərbəndlilərin tərəfində vuruşurdu. Döyüşlər nəticəsində Şirvanşahın qoşunları məğlubiyyətə uğradı. Lakin əl-Bab rəislərinin rəisi Müfərric ibn Müzəffər Şirvanşahın tərəfinə keçdi. Müfərrəc dərbəndlilərin səhvindən istifadə edərək iç qalanı tutdu. Güzdəhəm ibn Salar isə şəhəri ələ keçirdi. Müfərric qalada qalmaqda idi və hər iki tərəfin tərəfdarları arasında hər gün toqquşma olurdu. Sonra Güzdəhəm ləkzlərin yanına, əl-Bab əmiri Əbd ül-Məlik ibn Ləşkəri isə Haydağa qaçdı.Bundan istifadə edən Müfərric şəhəri tutdu. Əlverişli şəraitdən istifadə edən Şirvanşah oğlu Əfridunla sərhəd vilayətlərinə (səqr) doğru hərəkət etdi və müttəfıqi rəis Müfərricin tutduğu əl-Bab qalasına daxil oldu. Dörd gündən sonra Şirvanşah oğlu Əfridunu əl-Baba hakim təyin edərək evə qayıtdı. Qalada möhkəmlənən Əfridun onun bərpası ilə məşğul olmağa başladı. O, qalanın qarşısında xəndək qazılmasını əmr etdi.[16]

Gürcülərlə toqquşmalar

[redaktə | mənbəni redaktə et]

"Tarix-i əl-Bab"ın verdiyi məlumata görə h.459-cu ilin cəmadiyülaxir ayında (aprel 1067) Fəribürzlə gürcülər arasında toqquşmalar olmuşdur. Gürcülər Şəkidəki Dəskərət əl-Hüseyn qalasını tutaraq, Kaxetiya hakimi Axsartan ibn Qagikə (1058-1084-cü illər) verdi. Sonuncu, həm də əvvəllər Fəribürzə məxsus olan Şəki vilayətinin hakimi idi. Fəribürzün qalanı geri almaq cəhdləri uğursuz oldu və o, paytaxta qayıtdı. H.464 ilin ramazan ayında (iyun, 1072) Fəribürz Arran hökmdarı Fəzl ibn Şavurla ittifaq bağlayaraq Şəkiyə soxuldu. Məluğ qalasını tutub dağıtdı və bütün "kafirləri", ehtimal ki, xristian və bütpərəstləri qırdı. Lakin Fəribürz vilayəti bütünlüklə geri qaytara bilmədi. Alp Arslanın yürüşü və gürcülərlə müharibəsi zamanı Axsartan öz torpaqlarını saxlamaq üçün islamı qəbul etdi.[17][18]

Fəzl ibn Şavurla münasibətlər

[redaktə | mənbəni redaktə et]

Şəddadi Fəzl ibn Şavur gürcülərin əsiri olarkən Fəribürz sülh sazişini pozaraq Arrana hücum etdi. Fəzl azad olunduqdan sonra qoşun yığıb Şirvanı tutdu və Dərbənddə öz adından xütbə oxunmasını əmr etdi.

Şirvanşahla Arranşah qoşunları və onunla birgə çıxış edən əl-Bab əhalisi arasındakı baş verən bir neçə vuruşmadan sonra Şirvanşah Məsqətin bütün torpaqlarını və Mehyariyəni (Dərbəndin ətrafındakı yerlər, indiki Quba rayonunun ərazisi) zəbt etdi. Əl-Bab qalası onun oğlu Əfridunun əlində idi. O, fürsət düşdükcə əl-Bab sahiblərinin mülklərinə və torpaqlarına basqınlar edirdi. Şirvanşah oğluna hər ay növbətçi dəstələri göndərməklə yardım göstərirdi. O, Mehyariyənin ətrafına qala divarları çəkdirərək ortasında qəsr olan şəhərə çevirdi. Bundan məqsəd, ehtimal ki, türklər basqın etdikdə oradan Dərbəndə sahib olmaq uğrunda mübarizədə dayaq məntəqəsi və sığınacaq kimi istifadə etmək idi. Şirvanşah vaxtının çoxunu Xəzər dənizinin yaxınlığında olan yeni iqamətgahı Mehyariyədə keçirirdi. H.464 (oktyabr, 1071)-cü ildə rəis Müfərricin kömək göstərdiyi Şirvanşahı tanımağa məcbur olan dərbəndlilərdən girov adamlar götürərək onlarla saziş bağlayan Fəribürz oğlu Əfridunu müstəqil hakim kimi Dərbəndə göndərdi. Dərbənd əhalisi Şirvanşah adından xütbə oxumağa başladılar.[19][20]

İçərişəhərdəki I Fəribürzün hakimiyyəti dövründə inşa edilmiş Sınıqqala məscidi Bakıda dövrümüzə çatmış ən qədim məsciddir

Şamaxı rayonunda Fəribürzün adı ilə bağlı h.471 (1078/79)-ci ilə aid tarixi abidə üzərindəki kitabə qalmışdır. Orada deyilir: "Bu əzəmətli binanı tikməyi əmr etdi adil, böyük Şirvanşah Fəribürz. Dörd yüz yetmiş birinci ildə". [21] Göründüyü kimi, Fərübürz ölkə səlcuqlar tərəfindən istila edildikdən sonra da Şirvanda faktik hakimiyyətini qoruyub saxlaya bilmişdi. Bunu numizmatik materiallar da təsdiq edir. I Fəribürz adına zərb edilmiş bir neçə sikkə tipi qalmışdır. Onlardan ən qədimi (1-ci tip) Şamaxı rayonundakı Çuxuryurd dəfınəsindəndir. Üzərində xəlifə əl-Qaimin (h.422-467 (1031-1075)-ci illər) sultan və Fəribürzun adları vardır. Sultanın adı yarımpozulmuş halda olub aydın oxunmur; sikkənin o biri üzündə Fəribürzün adında yalnız (əl-adil) Fəribürz sözləri oxunur.

Həmin tipdən olan Moskva Tarix Muzeyindəki sikkədə xəlifənin adı "Əl-Qaim bi əmr-Allah", arxasında müsəlmanlıq rəmzi və Fəribürzün tam adı oxunur: "Əl-məlik, əl-adil, Əbu-Şüca Fəribürz, ibn Salar, Şirvanşah". Üzərində gösitərilən tarixə görə I Fəribürzün ilk sikkəsi h.422-467 (1031-1075)- ci illər arasında kəsilmişdir. Lakin "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Fəribürz 1063-cü ildən hakimiyyətə başlamışdır. Deməli, Şirvanşah I Fəribürzün ilk sikkəsi h.455-459 (1063-1067)-cu illərdə kəsilmişdir. Fərübürzün adından əvvəl gələn "əl-məlik, əl-adil" sözləri onun tam müstəqilliyini göstərir.[22][23]

I Fəribürzün adına başqa tipli çox aşağı əyarlı iki gümüş sikkə də tapılmışdır. Üz tərəfində (2-ci tip) müsəlmanlıq rəmzi, Abbasi xəlifəsi əl-Müqtədinin-biəmr Allah (h.467-487 (1075-1094)-ci illər) və səlcuq sultanı Məlik şahın (h.465-485 (1072-1092)-ci illər) adları, arxa tərəfdə isə Fəribürzün adı həkk edilmişdir. Bu adlara əsasən, demək olar ki, sikkə h.467-485 (1075-1092)-ci illər arasında kəsilmişdir. Fəribürzün adının, atasının adı və heç bir titul göstərilmədən çəkildiyi bu tip sikkə onun vassal asılılığında olduğunu təsdiq edir. 3-cü tip sikkənin üz tərəfində müsəlmanlıq rəmzi və Abbasi xəlifəsi əl-Müstəzhir-billahın (h.497-512 (1094-1118)-ci illər) adı çəkilir. Sultanın adı yoxdur. Arxa tərəfində "əl-məlik Fəribürz" yazılmışdır.[24] Sultanın adının olmaması və xəlifənin hakimiyyət illəri (1094-1118) Məlik şahın ölümündən sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə getdiyi dövrdə səlcuq sultanlarının hakimiyyətinin zəiflədiyini göstərir.

Ehtimal ki, siyasi hadisələrdən istifadə edən Fəribürz səlcuq sultanlarının vassallığını qəbul etməkdən boyun qaçırmış, ona görə də adına ikinci sikkə tipində olmayan məlik – şah titulunu əlavə etmişdir. Xəlifə əl-Müstəzhirin h.487-522 (1094-1118)-ci illərdə hakimiyyət sürdüyünü, numizmatik materiallara görə II Mənuçöhr ibn Fəribürzün h.498 (1105)-ci ildə Şirvanşah olduğunu nəzərə alsaq, aydın olar ki, Fəribürz h.487-498 (1094-1105)-ci illər arasında ölmüş olmalıdır.[4] Mənbələrdə Fəribürzün ölüm tarixinə dair məlumat yoxdur. Lakin I Fəribürzün oğlu II Mənuçöhrün hökmranlıq illərini göstərən bina üzərindəki kitabəyə əsasən Şirvanşah Fəribürzün hakimiyyətinin nə vaxt sona çatdığını dəqiq müəyyənləşdirmək mümkündür. Həmin kitabədə deyilir: "Şirvanşah Əbü-1-Müzəffər möminlərin köməkçisi Mənuçöhr ibn Fəribürzün zamanında. Dörd yüz səksən doqquzuncu h.489 (1096)-cu ildə".[25][26]

Ən-Nəsəvi yazır: "Məlik şah ibn Alp Arslan Arranı zəbt edərək öz geniş torpaqlarına qatdıqda o vaxtkı Şirvanşah saraya gəldi. O, öz ölkəsinə aramsız basqınlardan və qoşununun çox hissəsini məhv etmiş vuruşmalardan sonra gəlmişdi. Onun sultan xəzinəsinə ildə yüz min dinar verməsi qərara alındı". [27][28] Münəccimbaşı xəbər verir ki, "Şirvanşah onun üzərinə qoyulmuş illik bac-xəracı sultanın xəzinəsinə ödəməyə başladı". [29] Fəribürzün Məlik şaha tabe olması və o vaxt ondan vassal asılılığını qəbul etməsi yuxarıda qeyd olunan h.476 və 485 (1075-1092)-ci illər arasında kəsilmiş sikkədə (2-ci tip) əksini tapmışdır.[30] XI əsrin 70-ci illərinin sonlarında Şirvanda ehtimal ki, şəhər əhalisi arasında feodal hakimiyyətindən yaxa qurtarmağa, şəhərin idarə olunmasında müstəqilliyə can atan rəislər zümrəsi güclənmişdi.

Bakının İçərişəhər hissəsində Sınıqqala məscidindəki h.471 (1078/79)-ci ilə, yəni Fəribürzün səltuq sultanına tabe olduğu dövrə aid kitabədə məscidin əl ustad əl-rəis Məhəmməd ibn Əbu Bəkr tərəfindən tikildiyi göstərilir.[31][32] Həm də kitabədə Fəribürzün adı çəkilmir ki, bu da görünür, səlcuqlara tabe olan Şirvanın daxili siyasi vəziyyəti və Bakıda rəislərin hakimiyyətinin güclənməsi ilə əlaqədar idi. Xaqaninin əsərlərində ("Külliyyati-Xaqani") Fəribürzün adı III Mənuçöhr ibn I Əfridunun bacısı məlaikə İsmətəddinə ithaf olunmuş mədhiyyədə çəkilir. Xaqani onun ziyarətini əcdadlarının səfərləri ilə müqayisə edir. "Sənin baban (cəddin) şah Fəribürz Məlik şaha baş çəkməyə getmişdi və İsfahana gedib çxmışdı. Kəyanlardan (Kəsranilərdən) heç kim Kəbəyə getməmişdi. Sən Kəbəni ziyarət etdin və Kəyanların fəxri oldun". [33][34]

Məsud ibn Namdarın əsərlərində, başlıca olaraq, şeir və məktublarında da Fəribürz haqqında bəzi məlumatlar vardır. Onlardan belə nəticə çıxarmaq olar ki, sultan Məhəmmədlə sultan Börküyarıq arasında müharibənin əvvəlində Beyləqanda baş verən hadisələr zamanı Şirvanşah Fəribürz sağ idi. Yaşının ötməsinə baxmayaraq (o, 1063-cü ildə taxta çıxmışdı) Fəribürz öz dövlətinin sərhədlərini genişləndirmək sahəsində fəaliyyətini davam etdirirdi.[35] Əl-Məsudin Fəribürzə həsr etdiyi qəsidədə deyilir ki, o, Muğanı (Muğan düzünü) "and torpağı" kimi ələ keçirdi. Bu ehtimal ki, Muğanın köçəri əhalisinin (yaxud onun bir hissəsinin) Şirvanşaha xidmət etdiyini göstərir. Abxaza (Gürcüstan) basqından sonra Fəribürz "tez-tələsik Arranı ələ keçirdi"Gəncəyə amil təyin etdi.

Mənbələrdə gürcülərin də basqın edərək girov götürdüklərindən danışılır. Şirvanşah Beyləqanın süzerini sayılır və ora öz amillərini göndərirdi. Beyləqanda özünüidarə mövcud olduğundan Fəribürz şəhəri tam nəzarət altında saxlamırdı. Gənc haqqında oraya amil və onun yanına müşrif təyin olunduğu xatırlanır. Bu vaxt Gəncəni Şirvanşahın oğlu adlandırılan əmir əl-Ədud idarə edirdi. Göründüyü kimi, XI əsrin sonunda Gəncədə Şirvanşahın vassal torpağı var idi. Əl-Ədud əl-məlik – şah deyil, əmir, böyük hacib titulları daşıyırdı. Onun vəziri var idi. Fəribürzün uğurları ölkədə ağır səlcuq hökmranlığı hökm sürdüyü və onlardan vassal asılılığı şəraitində qazanılmışdı. Fəribürz əlverişsiz şəraitə baxmayaraq, Məzyədi Şirvanşahlar üçün ənənəvi olan Şirvanın Cənubi Dağıstanda nüfuzunu möhkəmləndirmək siyasətini davam etdirirdi. Şirvanşah qumuqları tabe etdirməyə və islamı onlara qəbul etdirməyə səy göstərirdi. O, Dağıstanın cənubunda öz hökmranlığını gücləndirməkdə Şirvanm köhnə müttəfiqi və vassalı olan ləkzlərdən istifadə edirdi. Şirvanşah sulvar tayfası ilə də müttəfıq idi. Ehtimal ki, bu, XI əsrin ortalarında Cənubi Dağıstanda [36] məskunlaşan və sayı 100000 nəfər olan türk tayfası suvarlar (sabirlər) idi. Suvarlar alan torpaqlarına basqınlar edirdilər.[37]

Fəxrəddin Fəribürzün hökuməti "Məclis-i əl-Fəxri" adlanırdı. Bu zaman Şirvanın vəziri məşhur Deyləm hökmdarları sülaləsinin nümayəndəsi Bəha əd-Din əl-Kakuyi idi. Şirvanda bu vəzifə üç nəsildən də çox bir müddət ərzində irsən əl-Kakuyi ailəsinə mənsub olmuşdur. Şirvanşah Fəribürz və onun vəziri ədiblərə – ziyalılara və məmurlara – hamilik edirdilər.[38] Mənbələrdə Fəribürz (1063-1096-cı illər) haqqında 33 il ərzində xarici aləmdə baş verən ağır siyasi hadisələrlə, ölkə daxilindəki antifeodal çıxışlarla mübarizəyə baxmayaraq, qonşu əraziləri tutmaq, öz dövlətini genişləndirmək və möhkəmləndirmək yolunda qarşıya çıxan maneələri uğurla aradan qaldıran böyük diplomat, qeyri-adi istedada malik dövlət xadimi kimi danışılır.