Şeymas Xini

Şeymas Hini (ing. Seamus Heaney; 13 aprel 1939[2][3][…], Kastledavson[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[7][8]30 avqust 2013[4][2][…], Dublin[9]) — irland yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995).

Şeymas Hini
ing. Seamus Heaney[1]
Doğum tarixi 13 aprel 1939(1939-04-13)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 30 avqust 2013(2013-08-30)[4][2][…] (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Təhsili
  • Belfast Kuins Universiteti[d][5]
Fəaliyyəti dramaturq, tərcüməçi, dilçi, şair, yazıçı, universitet müəllimi[d], aktyor, müəllif
Fəaliyyət illəri 1966-cı ildən
Əsərlərinin dili ingilis dili
Janr poeziya
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeymas Jastin Hini irland şairi, nasir və tərcüməçidir. Şimali İrlandiyanın Derri qraflığında, doqquz uşaqlı ailənin birinci övladı kimi doğulmuşdur. 1957–1961-ci illərdə Bel-fast universitetində ingilis filologiyası üzrə təhsil almışdır. Hazırda Dublində yaşayan müəllif ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər ədəbi yaradıcılığı ilə bir sırada pedaqoji fəaliyyətini də davam etdirir. Müxtəlif vaxtlarda Şeymas Hini Dublindəki Kerisfort-Kollecin, Belfast Kraliça universitetinin, habelə Berkli (Kaliforniya, ABŞ) və Harvard universitetlərinin professoru olmuşdur. Bir müddət Oksford universitetində müasir poeziyadan mühazirələr oxumuşdur.

Yaradıcılığa nisbətən gec, ali təhsilini başa vurduqdan sonra başlamışdır. "Naturalistin ölümü" (1966), "Zülmətə qapı" (1969), "Qışın sonu" (1972), "Çöl işləri" (1979) adlı kitablarında toplanan şeir və poemalar Şeymas Hinini müasir irland poeziyasında öz yeri və dəsti-xətti olan şair kimi tanıtmışdır. Onun əksər şeirlərinin mövzusu torpaq və ölümlə bağlıdır. Torpaq şairin nəzərində bütün başlanğıcların başlanğıcıdır. Yeni nə varsa hamısı torpaq üzərində qurulduğu kimi köhnə də burada dağılır, ölüm nələrisə apardığı kimi həyat da bir çox şeyləri yeniləyir. Torpaq yaradılışın və sonun təcəssümünə çevrilir.

Digər tərəfdən, tarix və mifologiya da Hininin şerlərində poetik təfəkkürün əsas ünsürlərini təşkil edir. Əsərlərini ingiliscə yazsa da, o, həmişə həqiqi İrlandiya vətənpərvəri kimi tanınmışdır. Müəllifin bir çox şeirlərində İrlandiya təbiəti, İrlandiya insanın özünəməxsus keyfiyyətləri tərənnüm olunur.

Hini irlandların əcdadı sayılan qədim keltlərin tarixi ilə də yaxından maraqlanır. Xüsusən arxeoloq P. Qlobun İrlandiya və Şimali Avropanın əski tarixindən bəhs edən "Bataqlıq xalqı" kitabı şairin "Zülmətə qapı" və "Şimal" (1975) adlı poetik toplularında bir silsilə "bataqlıq şeirləri"nin meydana çıxmasına təkan vermişdi. Tarix və mifologiya Hini üçün həm də insan yaşantılarının, insan sarsıntı və iztirablarının unversallığını göstərmək üçün mühüm bədii vasitədir.

Hini qlobal mövzulara, epik səhnələrə o qədər də maraq göstərmir. Onu təfərrüatlar daha çox maraqlandırır. Və müəllif bu təfərrüatların köməyi ilə qloballıq təəssüratı yaratmağa nail olur. 1974-cü ildə Şeymas Hiniyə İrland İncəsənət Cəmiyyəti — Aosdana tərəfindən Saoi-ustad adı verilmişdir. Öz sıralarında irland mədəniyyətinin 200-dən çox tanınmış simasını birləşdirən bu Cəmiyyətdə yalnız 7 nəfər Saoi adına layiq görülə bilər. Başqa sözlə desək, son otuz beş il ərzində Şeymas Hini irland elm və mədəniyyətinin ən seçkin yeddi simasından biri kimi tanınır. Təsadüfi deyil ki, Amerika şairi Robert Lauell onu "Yetsdən sonra irland ədəbiyyatının ən mühüm siması" kimi adlandırmışdır.

İndiyə qədər irland şairinin ondan çox poetik məcmuəsi çap olunmuşdur. O, həmçinin üç pyesin və bir neçə nəsr əsərinin müəllifidir. Şeymas Hini fikir və mülahizələrini yalnız bədii əsərləri ilə deyil, həm də dünyanın müxtəlif universitet və elmi cəmiyyətlərində çoxsaylı auditoriya qarşısında oxuduğu mühazirələr və mətbuatdakı esseləri vasitəsi ilə də çatdırır. Belə mühazirələrin bir qismi müəllifin "Hər şeyin yerini dolduran poeziya" (1995) kitabında toplanmışdır. Hiniyə görə yalnız şeir insanın qəlb tarazlığını təmin edə bilər, bütün yaramaz, qaranlıq, cahil və antibəşəri qüvvələrə qarşı üsyan və etirazın ifadəsinə çevrilə bilər.

1995-ci ildə Şeymas Hini "insanın gözləri qarşısında indiki günün heyrətamiz mənzərələrini açan və keçmişin xatirələrini dirçəldən, lirik gözəlliyi və etik dərinliyi ilə seçilən poeziyasına görə" Nobel mükafatına layiq görülmüşdür. Laureatın 1995-ci il dekabrın 7-də İsveç Akademiyasının təntənəli yığıncağında oxuduğu "Borc verən poeziya" adlı Nobel mühazirəsi çağdaş cəmiyyətdə poetik sözün roluna və əhəmiyyətinə həsr edilmişdi.

Maraqlıdır ki, Şeymas Hini yalnız heyranlarını və pərəstişkarlarını deyil, həm də ən sərt tənqidçilərini vətəni İrlandiyada tapmışdır. Onun yaradıcılığı haqqında bir sıra kəskin tənqidi iradlar məhz öz ölkəsində səslənmişdir.

2000-ci ildə Hini orta əsrlər anqlosaks folklorunun diqqətəlayiq nümunəsi sayılan "Beonulf" eposunu yüksək ustalıqla müasir ingilis dilinə çevirmişdir. Bu əsər ingilisdilli ölkələrdə, ilk növbədə isə ABŞ və Böyük Britaniyada ilin mühüm ədəbi hadisəsi kimi qiymətləndirilmiş və bestsellerə çevrilmişdir.

Nobel irland şairinin sonuncu mükafatı olmamışdır. 1996-cı ildə onun "Ürək səviyyəsi" adlı lirik toplusu "İlin kitabı" nominasiyasının qalibi elan olunmuşdur. 2006-cı ildə isə Şeymas Hini "Rayon və dairə" şeirlər kitabına görə T. Eliot mükafatını almışdır. Onun xanımı Mariya Devlin də yazıçıdır.

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]