Artur Zifeld (tam adı: Zifeld-Simumyaqi Artur Rudolfoviç; 1889[1], Revel – 1939[1]) — Azərbaycan tarixçisi,[2] ölkəşünas, 1921–1926-cı illərdə Bakı Xalq Maarif Şöbəsinin müdiri, Ali Partiya Məktəbinin təhsil bölməsinin rəhbəri, 1923–1930-cu illərdə isə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin sədr müavini, həqiqi üzvü və elmi katibi, Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunda ölkəşünaslığın tarixi-etnoqrafik şöbəsinin müdiri, 1935–1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun, Xarici dillər və Ədəbiyyat İnstitutunun direktoru, 1937-ci il mayın 8-dən iyunun 1-ə qədər SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, repressiya qurbanı.[3][4]
Artur Zifeld | |
---|---|
Zifeld-Simumyaqi Artur Rudolfoviç | |
Doğum tarixi | 1889[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1939[1] |
Milliyyəti | eston |
Atası | Rudolf |
Elm sahəsi | tarix |
Zifeld Artur Ruldolfoviç 1889-cu ildə Estoniyanın indiki Tallin, keçmiş Revel şəhərində zəhmətkeş ailəsində anadan olub. Milliyyət baxımdan estondur. 1898–1905-ci illərdə Odessada RU lüteran-kilsə prixod məktəbində təhsil alıb. 1905–1912-ci illərdə inqilabi fəaliyyətdə fəal iştirak edir. 1912-ci ildə Almaniyaya emiqrasiya edir. 1917-ci ilə qədər İsveçrədə yaşayaraq V. İ. Leninlə birlikdə çalışır. 1917–1921-ci illərdə Odessada, Kubanda, Tiflisdə mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olur. 1921-ci ildə Bakıya qayıdaraq bir müddət Azərbaycanda fəaliyyətini davam etdirmişdir.[4] 1932–1935-ci illərdə Gürcüstanda qısa müddətli fəaliyyətindən sonra yenidən Azərbaycana qayıtmışdır. 1939-cu il iyun ayının 21-də SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi Müşavirəsində İslah Əmək düşərgəsində 8 illik məcburi əməyə cəlb edilərək repressiyaya məruz qalmışdır. Cəzasını Kolımda çəkərək 1939-cu il dekabr ayının 6-da vəfat etmişdir. Ölümündən sonra, 1956-cı ildə bərat alır.[3]
1921–1926-cı illərdə Bakı Xalq Maarif Şöbəsinin müdiri, Ali Partiya Məktəbinin təhsil bölməsinin rəhbəri vəzifəsində işləyir. 1925–1926-cı illərdə I Ümumittifaq Türkoloji Qurultayının çağırışı üzrə təşkilati komissiyanın məsul katibi idi. 1923–1930-cu illərdə isə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin sədr müavini, həqiqi üzvü və elmi katibi vəzifəsində çalışır. 1930-cu ildən Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunda ölkəşünaslığın tarixi-etnoqrafik şöbəsinin müdiri olur.[4] 1932–1935-ci illərdə Gürcüstanda Qafqazşünaslıq İnstitutunun dil şöbəsinin müdiri və baş mütəxxəsisi kimi işləyir. Daha sonra Azərbaycanda SSRİ EA-nın Azərbaycan filialının dil şöbəsinin baş mütəxxəsisi, 1935–1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun, Xarici dillər və Ədəbiyyat İnstitutunun direktoru olur. 1937-ci il mayın 8-dən iyunun 1-ə qədər SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutuna rəhbərlik edib. Xəzər dili barədə dissertasiya yazıb. İnstitutun bir sıra əməkdaşlarının (X. Zeynallı, B. V. Çobanzadə və b.) həbsindən sonra tənqidə məruz qaldı; 1937-ci ilin sentyabrında İnstitutun direktoru vəzifəsindən azad edildi. SSRİ EA-nın Qədim şərq tarixi üzrə professor-məsləhətçinin həbsindən sonra SSRİ EA-nın Azərbaycan Filialında "ziyanlı iş"ə görə 1938-ci ilin fevral ayının 11-də həbs edildi.[3]