İdris Həsənov (1897–1950) — dissertasiya müdafiə etmədən filologiya elmləri namizədi elmi dərəcəsini və professor adını alan tanınmış dialektoloq alim, Azərbaycan Pedaqoji İnstitutunun professoru, 1932-ci ildə latın qrafikası əsasında korlar üçün nöqtəli hərflərin layihəsinin müəllifi, SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əvvəl şöbə müdiri, sonra isə direktor müavini və direktoru, repressiya qurbanı.[1][2]
İdris Həsənov | |
---|---|
İdris Məşədi Zaman oğlu Həsənov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Gəncə quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vəfat səbəbi | intihar |
Fəaliyyəti | dilçi |
"İnstitutun keçmiş direktor müavini İdris Həsənovun haqqında sorğunuza belə cavab veririk: İdris Həsənov Azərbaycan dilçiliyi sahəsində uzun müddət pantürkist təbliğat və ziyankarlıq işi aparmışdır. O, 1926-cı ildə çapdan çıxmış "Gəncə əhalisinin dialektində mənsubiyyət şəkilçisiz isimlərin hallanması" adlı ilk əsərinin elə birinci sətrindən özünün pantürkist təbliğatını yaymağa başlayır. Onun bütün fikir və mülahizələri "vahid qədim türk dilləri"nin varisi olan türk dili haqqında pantürkist-müsavatçı ideyaların davamıdır. Pantürkist ideyaya sadiq olan İ.Həsənov Azərbaycan dilinin qrammatikasına Osmanlı formalarını tətbiq etmək fikrində olduğunu söyləmişdir (məsələn, "almamış", "gəlməmiş", "almadan", "gəlmədən" və s.). Bundan əlavə, Azərbaycan dilində o, rus və beynəlmiləl sözləri varvarizm və "yad" sözlər adlandırmışdır. "Azərbaycan zəhmətkeşlərinin İ.V.Stalinə məktubu"nun mətnindən sitat gətirən İ.Həsənov qeyd edir ki, "Azərbaycan dili Azərbaycan məktəblərindən az qala, qovulmuşdur". Dili kobudcasına təhrif hesab etmək olmaz. Bu, əksinqilabi fitnəkarlıq və böhtandır! Azərbaycan dilinin orfoqrafiyası işlənib hazırlanarkən İ.Həsənov digər vətən xainləri ilə birlikdə dilimizi ərəb, fars və Osmanlı sözləri ilə doldurmağa çalışmış, bununla da, Qərbin, kapitalist ölkələrinin mədəniyyətini təbliğ etmişdir. APİ üçün müəllim kadrlarının hazırlanması işində də ziyankarlıq mövqeyindən fəaliyyət göstərmişdir".[1]
Bax belə! Qısa, aydın! Xalqın dilini, ənənəsini ürəkdən araşdırıb öyrənən cəfakeş bir alim "xalq düşməni" imiş. Sən demə, o, millətçi, pantürkist ideyalarını yayır, "orfoqrafiyanın ziyanlı təşkilində fəallıq göstərirmiş". Hamısı yalan, hamısı sabun köpüyü, böhtan, iftira! İstintaqın hər cür əzab-əziyyətinə dözür, qürurunu sındırmır. Sona kimi sözü bu olur: "Mən günahkar deyiləm!"[1]
1939-cu il iyunun 2-də qəti qərar verilir: "İdris Məşədi Zaman oğlu Həsənov antisovet təşkilatında iştirakına görə 8 il müddətinə islah-əmək düşərgəsinə göndərilsin!" Bir müddət Krasnoyarsk diyarında dustaq olur. Uzaq Maqadanda kəskin infark keçirir. Əzilib-üzülmüş alimdə fikir-xəyaldan ciddi əsəbilik yaranır. 1946-cı il aprelin 3-də Gəncəyə qayıdanda professor İdris Həsənov 6 saylı məktəbdə sıravi müəllim işləməyə başlayır. 1949-cu ilin dekabrın 21-də o, "təhlükəli element" kimi yenidən həbs edilir. İkinci dəfə "vətən xaini"! Vətənin taleyi üçün alışıb-yanan fədakar bir insan dözə bilərdimi buna? Həyata son ümidini, inamını biryolluq itirmiş gəncəli alim İdris Həsənov dözmədi: 1950-ci il noyabrın 3-də özünü dənizə ataraq əbədi olaraq dünyasını dəyişdi.
Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinin Y.D.Polivanovun rəhbərlik etdiyi kafedrasında işləyəndə onunla birlikdə "Azərbaycan dilinin qrammatikası" və "Gəncə əhalisinin dialektində mənsubiyyət şəkilçisiz isimlərin hallanması" əsərlərini nəşr etdirir. XX əsrin 20–30-cu illərində onun 18 əsəri nəşr edilib. Bu əsərlərdən bəziləri aşağıdakılardır: