Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır[~ 1] (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir[1]. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır[2].
Bəziləri isti sevir | |
---|---|
Some Like It Hot | |
Janr | Ekssentrik komediya |
Rejissor | Billi Uaylder |
Prodüserlər | İ. A. L. Daymond, Billi Uaylder, Don Harrison |
Ssenari müəllifləri |
İ. A. L. Daymond, Billi Uaylder Robert Toeren, Mixael Loqan (tarixçə) |
Baş rollarda |
Merilin Monro Toni Körtis Cek Lemmon |
Operator | Çarlz Lenq |
Bəstəkar | Adolf Doyç |
Distribütor | Netflix, iTunes[d] |
İlk baxış tarixi | 29 mart 1959 |
Müddət | 119 dəq. |
Büdcə | ABŞ dolları 2.883.848 |
Gəlir | $25 milyon |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 2009 |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | San-Dieqo |
IMDb | ID0053291 |
Vikianbarda əlaqəli mediafayllar |
"Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir. Filmin ssenarisində 50-ci illərin əxlaq normaları baxımından qəhrəmanların olduqca ədəbsiz atmacaları və süjet çevrilmələri mövcud idi. Seksual mənaları ifa edən səhnələrin nümayişi, senzura orqanları tərəfindən ənənəvi əxlaq normalarına zidd hərəkət kimi qiymətləndirilmişdir. Bununla belə, lent geniş prokata buraxılır və onun kinoteatrların ekranlarında nümayişi tədricən Hollivudun əxlaq kodeksindən imtinasına gətirib çıxarır. Tənqidçilər filmə əsasən müsbət rəy vermişdilər; mütəxəssislər tərəfindən isə, o, Amerika kino sənayesi tarixində ən yaxşı komediyalarından biri seçilmişdir. Janrların sərbəst qarışığı və müharibədən əvvəlki qanqster filmlərinə edilən parodiya mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir[3]. Filmin ssenarisi, rejissor işi və aktyor oyunu həm seyirci, həm də jüri tərəfindən bəyənilmişdir. Çatışmazlıqlar arasında isə, tənqidçilər lazımsız epatajlığı və süjetin qeyri-təbiiliyini qeyd etmişdilər. Film üzərində işləyərkən, Merilin Monro ciddi psixoloji böhran yaşayır; o, intihar cəhdindən sonra bir müddət xəstəxanaya yerləşdirilir. Buna görə film üzərində işlərin tamamlanması təxminən 15–18 günə uzadılır, bu isə büdcədə artıq xərclərə səbəb olur. Bununla belə, filmdən alınan gəlir xərcləri qat-qat üstələyir: başlanğıcda 2,8 milyon dollar büdcəsi olan film, yalnız Şimali Amerikada təxminən 7 milyon dollar gəlir əldə edir.
Məhz bu əsər ilə birlikdə Cek Lemmonun rejissor Billi Uaylderlə uzun illər davam edən uğurlu əməkdaşlığı başlayır. Film "Oskar" mükafatını və "Qızıl Qlobusun" daha 3 mükafatını qazanmışdır. Amerika Kinosənəti İnstitutu (AFI) onu bütün zamanların ən yaxşı komediyası elan etmişdir. Filmdə ifa olunan mahnılar, xüsusilə də "I Wanna Be Loved by You" böyük populyarlıq əldə etmişdir. Qəhrəmanların cümlələri sonralar ingilis dilinin danışıq versiyasına daxil edilmişdir.
Çikaqo, 1929-cu ilin qış ayları, spirtli içki qadağasının qoyulduğu dövr. Xəfiyyə Malliqan informatorun (xəbər verənin) təkidi ilə, kriminal aləmdə "Ağ Getr" ləqəbi ilə tanınan Kolombonun gizli içki müssisəsini bağlayır. Bu müəssisədə çıxış edən iki musiqiçi — saksofonçu Co və kontrabasçı Cerri pulsuz və işsiz qalırlar. Bundan qəzəblənən Kolombo, polisin xəbərçisi "Dişqurdalayan" Çarlini benzindoldurma qarajında taparaq güllələyir. Təsadüfən həmin qaraja gəlmiş musiqiçilər lazımsız şahidə çevrilirlər. Möcüzəvi şəkildə gözdən itən Co və Cerri görkəmini dəyişməyi və qastrola çıxan qadın caz orkestrinə işə düzəlməyi qərara alırlar; onlar qadın paltarlarını geyinərək, özlərini Jozefina və Dafna adlı mövcud olmayan Şeboygen konservatoriyasının məzunları kimi qələmə verirlər[~ 2].
"Gözəlçə Syunun kübar cazı" (ing. Sweet Sue and Her Society Syncopators) qastrol çərçivəsində Florida ştatındakı "Seminole-Ritz" otelinə yollanır. Hələ qatarda Jozefina və Dafna Sugar (yəni Şəkər) ləqəbli orkestrin solisti Dana Kovalçik ilə tanış olurlar. Söhbətcil Dana burbonu xeyli içdikdən sonra yeni tanışlarla ən yaxın planları ilə bölüşür — onun ən böyük arzusu, quşlar kimi qışda cənub sahillərə uçub gələn milyonçuların birisi ilə yeni həyat qurmaqdır. Co seksual və eyni zamanda da yüngülxasiyyət Dana ilə eşqbazlıq etməyi qərara alır.
Orkestr hoteldə yerləşdirilir; buranın kirayənişinləri olduqca yaşlı və varlıdır. Qızlar gündüz istirahət edir, publika önündə isə yalnız axşam çıxış edirlər. Orkestr inzibatçısının oğurlanmış əşyalarını istifadə edən Co, gözəlçə Dananın qarşısında "Şell Oyl" neft imperiyasının varisi Cunior (ing. Junior — kiçik) obrazında peyda olur və Keri Qrantın tələffüz tərzini təqlid etməyə başlayır. Bütün bu yalanları həqiqət kimi qəbul edən sadə dəmiryolu konduktorunun qızı Dana, özünü pisikdirməmək üçün Şeboygen konservatoriyasını bitirdiyini bildirərək, özünü əsl dünyəvi qadın kimi təqdim edir. Həmin vaxt Dafna-Cerriyə hoteldə istirahət edən yaşlı və ekssentrik milyonçu Üçüncü Osqud Fildinq maraq göstərməyə başlayır. Sadəlövh Dananı aldadan Co-Cunior, onu Osqudun yaxtasına aparır. Heç bir şeydən şübhələnməyən gözəlçə Dana yaxtaya daxil olur və burada o, "neft maqnatının" qadınlarla ünsiyyətdə hiss etdiyi saxta soyuqluğu sağaltmağa çalışır. Bu zaman Osqud Dafnaya öz sevgisini etiraf edir və onunla evlənmək istədiyini bildirir; o, bunun üçün Dafnaya (yəni Cerriyə) brilyantlarla örtülmüş qiymətli qolbağı hədiyyə edir. Qız roluna tamamilə alışmış Dafna-Cerri tələsik boşanmaya və ömürlük alimentlərə ümid edərək, milyonçunun təklifini qəbul edir.
Bu arada, italyan mafiyası "İtaliya Opera Həvəskarlarının Qurultayı" adlı yığıncağın qonaqları qismində maskalanaraq, hotelə daxil olurlar. Co və Cerri yenidən xilas olmalıdırlar; Kolombo və burada iştirak edən digər mafiya üzvləri onları tanıyırlar. Musiqiçilər qaçarkən, təsadüfən başqa bir qanqster məclisinə daxil olurlar və artıq burada hər kəs Kolombonun namərd qətlinin şahidi olurlar. İndi onları bütün mafiya üzvləri axtarır. Co yola düşərkən, otel nömrəsindən gözəlçə Danaya zəng vurur və özünü yenə də milyonçu Cunior kimi təqdim edir. O, münasibətləri davam etdirməyin mümkünsüz olduğunu bildirərək, təcili yola düşmək barədə ona məlumat verir və vidalaşır.
Musiqiçilər hoteldən qaçaraq, Dafnanın həyat yoldaşının köməyinə əl atmağı qərara alırlar. Qarşısında ölüm təhlükəsi olduğunu anlayan Co, çarəsiz Danaya vida öpüşünü bağışlamağa yetişir və ona hər şeyi etiraf edir. Gözəlçə Dana sevdiyi şəxsin ardınca getməyi arzuladığını bildirərək, deyilən hər bir yalan sözü bağışlayır. Qaçaqlar Osqud Fildinqin motorlu qayığına minərək, mafiya üzvlərindən xilas olurlar. Sonda Cerri aşiq milyonçuya nigayın mümkünsüz olacağını izah etməyə çalışır. Bütün arqumentlərin tükəndiyini görən Cerri, başındakı pariki çıxarır və kişi olduğunu elan edir, lakin Fildinq buna təmkinlə cavab verir: "Hərənin öz çatışmazlığı vardır!" (ing. Nobody's perfect! — Heç kəs kamil deyil!).
Whatever meaning you will find in my pictures, it's all put in kind of contraband, you know — sort of smuggled in.
— Billi Uaylder[4]
1950-ci ilə kimi ABŞ kinematoqrafiyasında studiya sistemi (house style (ing.)) hakim mövqe tuturdu. Həmin studiyalara bütün istehsal gücləri (texnika, pavilyonlar, dekorasiyalar) məxsus idi və onların hər biri müxtəlif janrlarda (vestern, qanqster filmi, müzikl və s.) ixtisaslaşmışdılar[5]. Bu vertikal çərçivəsində, kino ulduzlar "Böyük altılıqla" sərt müqavilə öhdəlikləri ilə bağlı idilər. 1930–1950-ci illərin səciyyəvi xüsusiyyətlərindən birisi də, həmin dövrsə fəaliyyət göstərən rejissorların yol verilən ekran əxlaqının çərçivələrinə ciddi şəkildə nəzarət edən Heys kodeksindən asılı olmaları idi[5].
1950-ci illərin ortalarında ABŞ kinoistehsalında qlobal dəyişikliklər baş verir. Studiya sisteminin yerinə müstəqil istehsal sistemi gəlməyə başladı (amerikalılar bu sistemi Package-unit system adlandırmışdılar). Konkret film yaradılarkən, ən münasib icraçı və mütəxəssislərdən ibarət "paket" formalaşırdı. Bu cür yanaşmanın ilk nümunələrindən biri "Gənc aslanlar" filmi olur[5]. 1957-ci ildə yaradılmış Mirisch Brothers şirkəti (en) yeni nəslin müstəqil prodüserləşdirmə mərkəzinə çevrilir. Miriş qardaşları kinopavilyon və dekorasiyalara sahib deyildilər, onlar bütün avadanlıqları çəkiliş zamanı icarəyə götürürdülər. Onlar kinoulduzları, eləcə də bütün personalı hər yeni film üçün birdəfəlik frilanser (yəni ştatdankənar işçi) kimi işə götürürdülər. Ulduzlar artıq fiksajlanmış məbləği deyil, filmin nümayişlərdən əldə etdiyi gəlirin faizinə razılaşırdılar və beləliklə, onların gəlirləri kəskin artırdı[5].
1958-ci ildə Billi Uaylder "azad agent" kimi ölkənin aparıcı rejissorlarından biri olur. Növbəti müqaviləni o və onun Ashton Productions adlı şirkəti məhz Mirisch Brothers-lə bağlayır. Uaylderin sonuncu filmləri dəyişkən uğura malik idi. Mirisch Brothers-in birgə prodüserliyi ilə ekranlaşdırılmış "Sent-Luis ruhu" və "Günortadan sonra məhəbbət" filmləri tənqidçiləri tərəfindən yaxşı qəbul edilmişdir, lakin kifayət qədər gəlir əldə edə bilmir[6]. 1957-ci ilin sonlarında çıxan "İttiham şahidi" filmi (ru) kifayət qədər pul qazanır və Uaylderin məhz kommersiya rejissoru olduğunu təsdiqləyir[7].
Əslən Şərqi Avropadan olan Billi Uaylder və İzi Daymond 1955-ci ildə tanış olurlar. Onların ilk birgə işi sayılan "Günortadan sonra məhəbbət" filminin çəkilişləri nəhayət 1957-ci ildə bitdikdən sonra, növbəti layihənin icrasına start verilir[7]. Studiya sisteminin tədricən aradan qalxması film müəlliflərinin əhvalına təsir göstərir. Uaylder müsahibələrin birində bildirdiyinə görə, rəhbərliyi altında ekranlaşdırılan "Yeddinci il gicişməsi" filmində senzura ilə əlaqədar başlanğıcda düşünülmüş səhnələrin bir çoxu reallaşmamışdır və o, sonralar bir çox problemlərlə üzləşmişdir[8]. Burada isə Miriş qardaşları və prodüserlər tərəfindən rejissor Uayldera kart-blanş verilmişdir[9]. "Onlar məndən soruşdular ki, filmin adı nə olacaq, film nə haqqında olacaq və filmdə kimlər oynayacaq — daha böyük bir azadlıq haqqında heç fikirləşmək də olmazdı — deyə o qeyd edir, — lakin hər şeydən əvvəl mən Keri Qrant və ya Robert Hatton (en) kimi ssenari yazmalı idim"[10]. İndi cəmi bir məsələ qalırdı uyğun aktyor azaddırmı və təklif onu qane edəcəkmi[8][5].
Uaylder 1957-ci ilin yazında öz köhnə tanışı Robert Toeren ilə görüşür (de). O, Uaylderə öz köhnə filminin motivləri əsasında ssenari yaratmağı təklif edir. Söhbət müharibədən qabaq ekranlaşdırılmış "Sevgi fanfaraları" ("Fanfare damour") adlı fransız komediyasından və onun 1951 ilə aid alman adaptasiyasından gedirdi (de)[11][12]. Almaniyada kinoəsər o qədər məşhurdur idi ki, 1953-cü ildə onun "Fanfaren der Ehe" adlı davamı (yəni sikveli) buraxılmışdır[5]. Alman filminin süjeti, öz xarici görünüşünü dəyişən və öz geyimlərini tədricən qadın paltarları ilə əvəzləyən iki kişi haqqında bəhs edirdi[13][14][15][16]. Uaylder həmin filmlə yaxından tanış olmaq və müəllif hüquqları məsələsi ilə mümkün qədər tez həll etmək üçün 1951-ci ilin surətini sifariş edir. Sevgi fanfaralarını həmin janrın şedevrlərinə daxil etmək olduqca çətin idi[13]. Uaylder filmi üçüncüdərəcəli və "təsviredilməz dərəcədə dəhşətli" adlandırır, lakin filmin məzmununda onun axtardığı mövzu var idi[7]. Uaylder bu mövzunu əhatə edəcək gələcək film ssenarisi üçün 27.500 dollara 10 illik opsionu əldə edir[4]. Beləliklə gələcək amerikan komediya filminin titrlərinə tarix müəllifləri kimi Robert Toeren və Mixael Loqan düşür (1951-ci il filminin ssenaristləri kimi)[13].
1957-ci ilin iyununda "Günortadan sonra məhəbbət" ekranlara buraxılır və komanda tam olaraq yeni ssenarinin yazılmasına qoşulur. Birinci variantda filmin süjeti müasir zamandan bəhs edir. Daymond və Uaylder seyirci auditoriyasının kişinin qadın obarıza çevrilməsini necə qəbul edəcəkləri barədə dərhal mübahisəyə başlayırlar. İzi Daymond "Çarleya xala" (1892) adlı məşhur ingilis ortaoyununun əsasında 1941-ci ildə çəkilmiş "Çarli xala" (en)[~ 4] komediyasını xatırlayır. 1941-ci ilin filmi tamaşaçıların səmimiyyəti ilə qəbul olunmuşdur, yaxşı prokata malik idi, deməli yeni layihə də tamaşaçını cəlb edə bilərdi[8].
1958-ci ilin yanvarında ssenarinin böyük hissəsi artıq yazılmışdır. Süjetin başlanğıcı heç bir şübhə doğurmurdu, lakin məntiqi sonluğu dərhal tapmaq müşkül işə çevrilir. İki musiqiçi-kişi iş axtarışında öz görkəmlərini dəyişərək, qızların ansamblına düşürlər. Onlardan birisi ansamblın solistinə aşiq olur və bir müddət ondan kişi olduğunu gizlədir. Ssenariçilər məzmunun necə inkişaf etməli olduğunu dərhal tapa bilmirlər, axı məntiqi düşünüldükdə o qıza dərhal kişi olduğunu etiraf etməli idi[8]. Məhz elə o zaman da qanqsterlər tərəfindən təqib olunan musiqiçilərin macəraları ideyası yaranmışdır[7]. Həmçinin film süjetinin müasir dövrdən 20-ci illərə köçürmək qərara alınmışdır. Ssenaridə "spirtli içkilərə qoyulan qadağa" zamanı Müqəddəs Valentin Günü qırğını adı ilə məşhurlaşmış kədərli hadisələr öz əksini tapmışdır. Burada həmçinin 1930-cu illərə aid filmlərdən istinadlar əlavə edilmişdir. Məsələn, Kiçik Bonapart personajı — tarixdə ilk səsli qanqster filmi olan "Balaca Sezar"-ın allüziyasıdır[7]. Filmin ssenarisinə bəzi real hadisələr də təsir etmişdir. 1958-ci ilin fevralından iyuluna kimi Hollivudda baş vermiş musiqiçilərin tətili mətndə kasıb musiqiçilərin Polyakovun agentliyinə getməsi zamanı qeyd edilir. Ümumilikdə ssenari həmin dövr üçün kifayət qədər riskli və publikanın alışdığından fərqli alınmışdı, belə ki, Devid Selznik musiqili komediyada atışma və musiqiçilərin öldürülməsi səhnələrinin yer alacağını öyrəndikdə, filmin uğursuzluqla nəticələnəcəyini deyərək, kolleqlarını çəkilişlərdən yayındırmağa çalışmışdır. Buna baxmayaraq ssenaristlər məsləhətə qulaq asmadılar, və hər şeyi öz bildikləri kimi etdilər[8].
Filmə müvəqqəti olaraq Not Tonight, Josephine! (Bu gün yox Jozefina!) adı verilir. Hazırkı "Like Some It Hot" adını isə Daymond təklif edir; o, bu cümləni baş qəhrəmanın işlətdiyi replikadan götürür. 1920-ci illər — cazın çiçəklənmə dövrü idi və hot ifadəsi (yəni hərarətli, həyəcanlandırıcı melodiya mənasında) çox uğurla səslənirdi. 1939-cu ildə ABŞ prokatında həmin adda başqa bir musiqili film nümayiş olunurdu, ancaq ssenaristlər leqal xarakterli problemlərin olmayacağına əmin idilər[7][18]. Təxminən bir il davam edən gərgin işdən sonra, ssenarinin qaralama versiyası nəhayət 1958-ci ilin may ayında bitmişdir. Çəkilişlərin əvvəlinə film materialının üçdə ikisini ehtiva edən ikinci ssenari variantı artıq hazır idi[19]. Ssenarinin son üçdə biri artıq çəkilişlər gedişatı zamanı tamamlanmışdır; bu Uaylder üçün adi təcrübə idi. Ssenarinin yekun variantı 156 səhifə təşkil edirdi[20].
1958-ci ilin yazında, ssenari üzərində iş sona yaxınlaşırdı, həmin dövrdə aktyorların seçiminə başlanılır. Uaylder gələcək işlər barəsində artıq tamamilə aydın təsəvvürə malik idi. O, heç bir kompromiss olmadan ali dərəcəli bir əsər kimi düşünülürdü. Prodüserlər filmin uğursuzluqdan tam sığortalanması üçün ən məşhur ulduzların layihəyə cəlb edilməsinə hazır idilər[21].
Ssenaristlər əsasən 1950-ci illərdə ABŞ-nin əsas komediya aktyorları olan Denni Key və Bob Houpun aktyor obrazları üzərində fikirlərini cəmləsələr də, sonradan Uaylder daha gənc aktyorlarla işləməyə qərar verdi. Uaylder öz seçimini daha gənc aktyorların xeyrinə verir. Onun diqqətinə ilk olaraq Hollivudda artıq məşhurlaşan Toni Körtis düşür. Uaylderin yadında o, "Uğurun şirin qoxusu" filmində oynadığı rol ilə qalmışdır. Birinci müqavilə Körtis ilə imzalanmışdır, özü də Uaylderin fikrincə, o, istənilən əsas kişi rolunu oynaya bilərdi. Miriş qardaşları isə əksinə, hesab edirdilər ki, Co-Jozefina roluna ancaq Frenk Sinatra uyğun gələ bilərdi. Uaylder təşəbbüslə razılaşmır (Sinatra özünün mürəkkəb xasiyyəti ilə tanınırdı), aktyorun özü də həmin təklifə cavab verməyi lazımsız hesab edir. Həmçinin Eddi Kantor, Cek Benni və digər bu kimi aktyorlarla müqavilə bağlamaq müzakirə olunurdu[21]. Cek Lemmonu rejissor "Dəlisov əyləncə gecəsi" filmdə onun rolu üzrə gözaltı etmişdir. Rejissor əvvəlcədən xəbərdarlıq edir ki, filmin böyük hissəsində o, qadın paltarını geyinməyə məcbur olacaq, lakin Lemmon bu təklifi dərhal qəbul edir[8]. Rejissor "United Artists" şirkətinin distribütorlarından gələn müəyyən təzyiqlərə davam gətirməyə məcbur oldu. Lemmonu orada "o qədər məşhur olmayan bir ulduz" hesab edirdilər, lakin rejissor Cekin namizədliyini müdafiə etməyi bacarır[21].
Əsas qadın rolu layihənin həm ən məsuliyyətli, həm də ən zəif nöqtəsi idi. Gözəlçə Dana rolu üçün əvvəlcə Mitsi Geynor, Odri Hepbern və Elizabet Teylorun namizədliyinə baxılsa da, onlar vokal imkanlarım məhdudluğu və ya obraz çatışmazlığına görə təmin etməmişlər.
Uaylder 1958-ci ilin aprelində Merlin Monrodan məktub alır. Aktrisa artıq iki ilə yaxın bir müddət idi ki, heç bir filmdə çəkilmirdi və buna görə də o, rejissorun yeni işində maraqlı olduğunu bildirir. Uaylderin bundan öncəki layihəsi hesab edilən "Yeddinci gün gicişməsi" filmində Merilin ilə çox uğursuz iş təcrübəsi olmuşdur. Aktrisanın şıltaqlığı o zaman çəkiliş qrafikinin pozulmasına gətirib çıxarmışdı, bununla belə rejissor filmin kommersiya uğurunun məhz Monro şəxsiyyəti ilə bağlı olacağını çox yaxşı anlayırdı[22]. Uaylder Monroya "gözəlçə Dana" rolunu təklif edir və ona həmin personaj barəsində ətraflı məlumat verən beş səhifəlik kitabçanı göndərir. İlk oxunuşdan sonra Monro çox narazı qalır. Aktrisaya Fox və MGM kimi kinoşirkətlərdən digər maraqlı təkliflər də gəlirdi və o, buna görə tərəddüd edirdi. Monronu ekranda nümayiş olunan amplua qane etmirdi, burada isə ona yenidən "küt sarışın gözəlçənin" rolu təklif olunurdu. Merilin oynayacağı personajı bu cür izah edirdi: "Bu qəhrəman qadını heç kişidən seçə bilmir". 1955-ci ildən aktrisa "aktyor ustalığı" dərsləri ilə məşğul olurdu və buna görə də o, daha mürəkkəb rolları ifa etməyə tam hazır olduğunu düşünürdü.
Nəhayət, aktrisanın seçiminə onun həyat yoldaşı Artur Miller təsir göstərir. Məşhur dramaturq ssenarini oxuyaraq, mətnin keyfiyyətini qiymətləndirir və həmçinin Merilini hər şeyin qaydasında olduğuna inandırır: filmdə çəkilən digər personajlar da qadın paltarlarını geyinmiş kişiləri tanıya bilməyəcəklər. Film çox uğurlu bir əsər ola bilərdi. Bundan başqa, həyat yoldaşlarına pul çox lazım idi, yeni müqavilə isə, təkcə təsbit edilmiş qonorara deyil, həmçinin prokatdan gələn faizləri əldə etməyə imkan yaradırdı. Bu sonuncu arqument idi. Monro 28 aprel 1958-ci ildə filmdə iştirak etmək üçün müqaviləni imzalayır[7][21].
Gələcək filmin cərəyan etdiyi zaman və yer (Çikaqo, 1929-cu il) ikincidərəcəli aktyorların seçiminə çox təsir etmişdir. Qanqster filmlərində rol almış Corc Raft və Pet O'Brayen, 1940-cı illərin məşhur aktyorları idilər. 1950-ci illərin sonlarında onların populyarlığı artıq yox dərəcəsində idi, lakin auditoriya onları yaxşı xatırlayırdı. Amerika tamaşaçısı üçün onlar demək olar ki, ümumi isim qəhrəmanları idilər: Raft (qanqster) və Pet O'Brayen (polis) və bu filmin parodiya başlanğıcı ilə müvəffəqiyyətlə uyğunlaşırdı[23][24]. Uaylder filmdə öz köhnə tanışı və kriminal avtoritet rollarının kanonik ifaçısı sayılan Edvard Q. Robinsonu görməyi çox istəyirdi, lakin onunla ortaq məxrəcə gələ bilməyir. Onun əvəzinə filmdə onun oğlu — Kiçik Robinson çəkilir. Napoleon rolu məşhur televiziya aktyoru Nehemiya Persoffa qismət olur[25]. İkinci planın tipajları üçün Uaylder parlaq və xarizmatik aktyorları seçir. Qeyri-adi və ekssentrik Osqud Fildinq roluna 1930-cu illərdə ekranlaşdırılan məşhur "Böyük Elmer" (en) filmində baş rola çəkilmiş aktyor Coy İ. Braunu dəvət edirlər. "Sweet Sues Society Syncopators" qrupunun lideri isə məşhur aktrisa Coan Şoli olur[7].
Layihənin gələcəyi istedadların axtarışı üzrə ABŞ-nin ən nüfuzlu kinoşirkətlərindən biri olan, MCA (en) aktyor agentliyi ilə sıx bağlı idi. MCA şirkətini Mirisch Corporation ilə yaxşı tərəfdaşlıq münasibətləri bağlayırdı. Digər tərəfdən, hollivud ulduzlarının əksəriyyəti agentliyin müştəriləri idi[5][26]. MCA hələ studiya sistemi şəraitində işləyirdi. Merilin Monronun həmin anda Fox, Cek Lemmonun isə Columbia Pictures ilə müqaviləsi var idi. Corc Raft və Oet O'Brayen qanqster saqaları üzrə ixtisaslaşmış Warner Bros. studiyasına "məxsus" idilər[27]. Yalnız Toni Körtis müstəqil agent kimi, həyat yoldaşı Canet Li ilə birlikdə artıq şəxsi şirkətin təşkili ilə məşğul idi. MCA-nın səyləri nəticəsində, "Bəziləri isti sevir" filmi Package-unit system-in ilk nümunələrindən biri oldu; şirkət nümayəndələri, musiqili-komediya və qanqster-döyüş janrlarını özündə birləşdirən müxtəlif planlı əsəri çəkməyə qadir bir komanda toplayırlar[5][26].
Merilin Monronun Fox studiyası ilə müqaviləsi, onun yalnız rəngli filmlərdə çəkilməsini tələb edirdi. Uaylder, Monronun tələbi ilə rəngli lent üçün bir neçə nümunə yaradır, lakin sonda o, nuar janrında (yəni ağ-qara) film çəkmək barəsində qərar qəbul edir. Ümumiyyətlə Uaylder rəngli filmləri sevmirdi, ssenarist Deymondla birlikdə, yeni filmi də müharibədən əvvəlki dövrə aid, ağ-qara qammanın daha uyğun göründüyü qanqster filmləri kimi çəkmək istəyirdi, lakin Monro rejissora dedi ki, qadın kimi qrimlənmiş iki kişi bu halda iki çox makiyajlı gey kimi görünəcək. Monro Uaylderin fikri ilə razılaşmaq məcburiyyətində qaldı[7][6].
Çəkiliş startına təxminən bir ay öncə, yəni pre-prodakşn mərhələsində, aktyorlar qadın obrazına alışmağa çalışır və onlara qrim və geyimləri seçməyə başlayırlar. Aktyorlara dərs vermək üçün, kinokompaniya tanınmış qadın impersanatoru Barbeti (en) çəkiliş meydançasına dəvət edir: Barbet onlara dikdabanla gəzməyi, təbii şəkildə qadın paltarlarını geyinməyi, qadın yerişini və jestlərə nail olmağı öyrədirdi. Toni Körtisdə dərslər uğurla gedirdi, hərçənd daxilən o, özünü çox tutqun hiss edirdi. Toni daha çox Qreys Kelli obrazına səmtləşirdi və buna görə də gülməli görünməyə çalışmırdı. Lemmon, ondan fərqli olaraq, qadın paltarları və makiyajından heç bir çaşqınlıq hiss etmirdi. O, kinostudiyanın çəkiliş zonası boyu bu qiyafələrdə tamamilə sərbəst gəzir və sanki ömrü boyu qadın geyimlərində olduğu kimi davranırdı, lakin Lemmonun əsl qadın kimi görünmək cəhdləri nəticəsiz qalır — müəllim dərslərin mənasız olduğunu anlayıb, çəkilişləri üç gündən sonra tərk edir[22]. Rejissor güzəştə getməyə məcbur olur və o, Dafna obrazını bir qədər gülməli və ağırtərpənən yaradır. Digər tərəfdən, Körtis yüksək qadın səsini inandırıcı şəkildə təsvir edə bilmir və buna görə də onun oynadığı rolun qadın hissələrini Pol Friz dublyaj edirdi. Cek Lemmon səsləndirmə probleminin öhdəsindən sərbəst gəldi[7].
Gənclik illərində dəb atelyesində işləmiş Körtis kostyumçular tərəfindən seçilmiş qadın geyimlərindən tamamilə narazı qalır. Həmin paltarlar kişi fiquruna uyğun gəlmədiyindən, onları yenidən tikmək lazım idi. Körtis məsələ ilə əlaqədar Uaylderə müraciət edir: Monro üçün kim paltar tikir? Məlum olur ki, həmin məşhur modelyer Orri-Kelli (en) idi. Körtis modelyer Orri-Kellinin film çəkilişləri üçün yeni kostyumların hazırlamasını israr edir. Belsiz fasonu və uzun qolları olan yeni kostyumlar daha yaxşı görünürdü; yalnız bütün arzuları yerinə yetirildikdən sonra aktyor çəkilişlərə razı olur[27].
Uaylder kökündən dəyişilmənin nəticələrini şübhə ilə qiymətləndirirdi. Cek Lemmon qərara gəlir ki, kinostudiyadakı qadın tualetinə ziyarət, aktyorlar üçün yekun imtahan olacaq. Nəticələr elə də uğurlu deyildi — aktyorlar yeni görkəmdə çox seçilirdi, ancaq yoxlamadan sonra Körtis çəkilişlər üçün zəruri olan özünəinamlığı əldə edir. Aktyorlar Uaylderin qarşısına yeni görkəmdə çıxırlar və o nəticələrlə razılaşaraq deyir: "Yaxşı. Daha heç nəyi dəyişməyin"[7][27]. Körtis və Lemmon qadın obrazını qeyri-ideal yaradırdılar, amma rejissor bunun məqbul hal olması ilə razılaşır. Yalandan özünü qadın kimi göstərən kişiləri təbii olaraq utanma hissi müşayiət etməlidir, bu filmdə komik effekti daha da gücləndirir[28].
Bir anda artıq qadın kimi düşünməyə başladığımı anladım. Billi, zənnimcə kökündən dəyişilərək, qadın obrazına keçməyin belə effektə malik olacağını bilirdi. Mən, oynadığım rollar üçün kifayət qədər həssas bir insanam. Mən gördüm ki, lap Dafna kimi təhlükəsizlik barəsində narahatlıq hiss edirəm (Cek Lemmon)[22].
Orijinal mətn (ing.)
"I found myself thinking like a woman. I think Billy understood all that, that dressing like a woman would have that effect. I am particularly susceptible to parts I play. I found myself starting to worry about having security, just like Daphne |
Aktyorlar qadın personajlarını təsvir etmək və təxminən 10:00-dək çəkilişlərinə hazır olmaq üçün, hər çəkiliş günü saat 5:30 radələrində qrim studiyasına gəlirdilər. Bütün iş günü hündür dabanlı ayaqqabı geyinən və bu cür əziyyətə öyrəşməyən aktyorlar, fasilə zamanı dözülməz ağrıları bir az yüngülləşdirmək məqdsədilə ayaqlarını buzlu vedrəyə salırdılar[28][22].
Yeri gəlmişkən, aktyorlar digər sənətləri də öyrənməyə məcbur olurlar. Lemmon və Körtis həmçinin musiqi ilə də məşğul idilər; onlar filmin aranjımançısı və ifaçısı olan Metti Malnekin köməyi ilə kontrabas və saksofonda çalmağı öyrənirdilər. Gənclikdə peşəkar rəqqas olmuş Corc Raft restoranda görüş səhnəsi üçün, Lemmon və Corc İ. Brauna tanqo dərsləri verirdi[27].
Filmin çəkilişləri 1958-ci ilin avqust ayından noyabradək davam etmişdir. Çəkiliş üçün Mirish Corporation şirkəti "Samuel Goldwyn" (en) studiyasını kirayələyir. İstehsalçılar filmin süjetinə uyğun peyzajları Kaliforniya ştatının tərkibində olan San Diyeqo dairəsində tapmışdılar. Mayami şəhərində yerləşən Seminole — Ritz hoteli qismində "Del Koronado" (Hotel del Coronado) mehmanxanası və onun çimərliyi istifadə olunmuşdur. Bununla belə, mehmanxananın daxilində baş verən hadisələr tam olaraq pavilyonda çəkilmişdir[21].
Filmin ən birinci səhnəsi 4 avqust 1958-ci ildə çəkilmişdir; burada qatarların Çikaqo vağzalından yola düşmə epizodu təsvir olunmuşdur. Samuel Goldwyn uyğun dekorasiyalara malik deyildi, buna görə də onlar "vağzalın" hazır səhnə meydançasını MGM studiyasından icarəyə götürmüşdülər. Bu Hollivudda çox məşhur yer idi, burada məsələn, Ninoçka, Saatlar və digər filmlərin müəyyən səhnələri çəkilmişdir. Rejissorun fikrincə, Co və Cerrinin hansı yolla qadına çevrilməsi sirr olaraq qalmalı və vağzal səhnəsində qəflətən qadın paltarlarını geyinmiş kişləri görən seyirci yüngül şok hissi yaşamalı idi. Kamera hündür daban ayaqqabıları geyinmiş qadın ayaqlarından tədricən yuxarı qalxır və bu an tamaşaçı kişi simalarını görür. Filmdəki bu səhnə, 1951-ci ildə ekranlaşdırılmış "Sevgi fanfaralarının" kifayət qədər dəqiq təkrarı idi. Daha sonra tamaşaçıların diqqətini Gözəlçə Dana cəlb edir. Səhnə Monronun xoşuna gəlmədi, çünki o hesab edirdi ki, filmdə onun birinci görünüşü daha kəskin və parlaq olmalı idi[4]. Uaylder aktrisanın fikirlərinə diqqətli olduğu nümayiş etdirmək məqsədilə epizodu yenidən çəkir, o, bu səhnəyə qəhrəmanı effektli şəkildə qorxudan buxar axınını əlavə edir[27][7].
175 nəfərdən ibarət filmin çəkiliş qrupu 6 sentyabr 1958-ci ildə "Del Koronado" hotelinə gəlir və burada məskunlaşır. Viktorian üslubunda inşa olunan və xarici görünüşünü açılış vaxtdan bəri 70 il ərzində demək olar ki dəyişməmiş mehmanxana hazır dekorasiyaya uyğun gəlirdi[29]. O, Los-Anceles şəhərinin nisbətən yaxınlığında yerləşir və personalın yaşaması üçün münasib şərait təklif edirdi. Otel öz adi iş qrafikini dayandırmır və filmin çəkilişləri zamanı qonaqları qəbul edirdi[28].
"Coronado"da çəkilişlər Körtisin qəhrəmanının ilk dəfə milyonçu Cunior Şell kimi təqdim edildiyi çimərlik səhnəsindən başladı. Kertis gənc Keri Qrantın "Filadelfiya əhvalatı" filmindəki Britaniya danışıq manerasını parodiya edənə kimi bu rol aktyora verilməmişdi. Film üzərində işin əvvəlində Merilin Monro daha yaxşı formada idi. Demək olar ki, yüz sətrli mətndən ibarət kifayət qədər mürəkkəb səhnəni ilk dubldan çəkmək mümkün oldu və Monro tərəfindən heç bir problem yaşanmadı[30].
Çəkiliş cədvəlin ikinci hissəsinə, yəni 24 oktyabr tarixinə düşən ən çətin səhnələrdən birisi — yaxtada görüş səhnəsi olur. Ssenarinin ilkin variantında özünü mister Cunior Şell kimi qələmə verən Co, sadəlövh Gözəlçə Dananı yoldan çıxartmalı idi, lakin filmdə məhz Monronun çəkilməsini təsdiqləyən Uaylder məzmunda kiçik düzəlişlər etmişdir. Yeni variantda Dana neft maqnatını özünə aludə etməli idi[30][22]. Toni Körtis dözmək məcburiyyətində qalır; Monro düz 42 dublda səhv etmişdir. Ssenari müəlliflərinin fikrincə, Dana neft maqnatını yoldan çıxarmaq üçün onun üstünə uzanırdı. Dublların birində Körtisin fizioloji reaksiyası baş verir; bu səbəbdən təkrar fokusa yığılmaq və iş yerində özünü nəzarət etmək ona böyük zəhmət bahasına başa gəlir. Burada söhbət yalnız aktyorlar arasında baş verən öpüşlərdən gedirdi, lakin buna baxmayaraq, məhz bu səhnə sonralar senzura tərəfindən ən riskli və əxlaqsız kimi qiymətləndirilmişdir[27][27].
Cerri-Dafnanın milyonçu Osqud-Fildinqlə nişanlanmasını elan etdiyi səhnəni çəkmək heç cür mümkün olmurdu. Səhnəyə baxan bütün çəkiliş qrupu gülürdü, hətta Toni Körtis də özünü gülməkdən saxlaya bilmirdi. Bunu görən rejissor Lemmonun əlinə marakasları qoyur və ondan replikalar arasında fasilə verməyi və paralel olaraq marakasları silkələməyi xahiş edir[31]. O hesab edirdi ki, bu qərar tamaşaçılara təbii şəkildə bütün zarafatları eşitməyə imkan yaradacaq və onlar bundan daha çox zəvq alacaqlar[27]. Son montaj zamanı Uaylder vağzal səhnəsinə analoji dəyişiklikləri edir. O, qısa və ümumi planlar vasitəsilə səhnəni bir qədər genişləndirir və onu tamaşaçıların gülüş pauzalarına uyğunlaşdırır[32].
Noyabrın ilk günlərində çəkilişlər artıq sona yaxınlaşırdı, lakin filmin ssenarisi hələ də yarımçıq idi. Çəkiliş qrupu ikinci dərəcəli epizodlar üzərində işini başa çatdırırdı, Uaylder və Daymond isə kulminasiya və finalın necə olacağı barədə düşündülər. Qəhrəman dördlüyünün motorlu qayıqda qaçış səhnəsi eyni zamanda da çəkiliş xronologiyasının son səhnəsi olur. Osqud Fildinqin məşhur Nobody’s perfect cümləsi hələ çəkilişlərdən öncə düşünülmüşdür, amma başlanğıc ideyaya əsasən o final sloqanı olmamalı idi. Ssenarinin birinci variantında final səhnəsi bir-birinin ağuşunda olan Co və Dananın motorlu qayığın dibində itməsi ilə başa çatmalı idi. Bundan başqa sonluq üçün daha ekzotik versiyalar da nəzərdən keçirilirdi (məsələn, qəhrəmanların qayıqla Latın Amerikasına qaçışı)[33][34]. Merilin Monro artıq dözülməz və mürəkkəb psixoloji durumda idi və Uaylder aktrisanın problemləri ilə əlaqədar çəkilişi uzatmaq istəmirdi. Yalnız çəkilişlərin başa çatmasına bir həftə qalmış, bütün gecə müxtəlif variantları bir-bir gözdən keçirən həmmüəlliflər, nəhayət sonuncu replikanın məhz Nobody's perfect olacağına dair ümumi qərara gəlirlər. Bunun konkret olaraq kim — Uaylder və yaxud Daymond tərəfindən düşünüb tapıldığını həmmüəlliflər daha sonralar xatırlaya bilməyirlər və bir-birinə göstərirdilər. Belə variant son ana qədər Uaylderin xoşuna gəlmirdi. Yalnız həmin səhnə çəkildikdən və qaralama variantına baxıldıqdan sonra, rejissor nəhayət sakitləşir və son montaj işlərinə hazırlaşmağa başlayır[19][6][22].
Uzun fasilədən sonra Monronun yenidən çəkiliş meydançasına qayıtması mətbuatın diqqətini cəlb etdi. Müxbirlər və fanatlar daima Goldwyn Studios çəkiliş meydanı və Coronado hotelinin ətrfında növbə gözləyirdilər. Publika ilə Monronun hər görüşü qeyri-sağlam ajiotaj yaradırdı[30]. Çəkiliş prosesi və iş qrafiki aktrisa səbəbindən ciddi xəsarət almışdır. Şəxsi həyatındakı çətinliklər, baş tutmayan nikahlar və depressiya onun davranışlarında dərin iz qoymuşdu. Çəkilişlər başlayan zaman məlum oldu ki, Merilin hamilədir. 1958-ci ilin əvvəlində Monroda artıq düşük baş vermişdi və o, çox ehtiyatlı olmağa çalışırdı[30]. Onun həyat yoldaşı ilə mürəkkəb münasibətləri var idi. Artur Miller müntəzəm şəkildə çəkiliş meydançasında peyda olaraq bəzən Merilinlə qızğın mübahisələr yaradır, bu isə işgüzar mühitin yaranmasına mane olurdu[35].
Aktrisa çəkilişlərin əvvəlində özünü yaxşı hiss etdiyini bildirirdi, ancaq ssenarinin Coronado hotelində başlayan mərhələsində onun vəziyyəti pisləşir. Son həftələrdə, Monro heç kəsin təşrifatını gözləmədən düz kameranın yanında spirtli içkiləri qəbul edirdi[7]. Monronun həmçinin yuxu ilə ciddi problemləri var idi, buna görə də o, saat 4-dən tez yuxuya gedə bilmirdi[30]. Bunun nəticəsində aktrisa daim çəkilişlərə gecikirdi. Uaylder xatırlayırdı ki, aktrisa kinostudiya ünvanının unutmasını əsas gətirərək, çəkilişlərə bir gün vaxtında gəlib çıxa bilməmişdi. O, çəkiliş meydançasında rejissorla öz rolu və ümumiyyətlə film ilə bağlı tez-tez mübahisə edir və onun fikrincə uğursuz səhnələrin yenidən çəkilməsini istəyirdi[7]. Uaylder özünün hələ əvvəlki əsərlərindən bilirdi ki, kamera qarşısına keçən Merilin konsentrasiya ola bilmir və heç olmasa öz mətnindən olan bir neçə cümləni belə yadda saxlamağa çox çətinlik çəkirdi[35]. Rejissor vəziyyəti asanlaşdırmaq üçün onun oynayacağı səhnələri maksimum qısa hissələrə doğrayırdı, amma bu da kömək etmirdi[7]. O vəziyyətə çatmışdı ki, replikaları kağızlara yazıb rekvizitə yerləşdirirdilər, həm də lövhələrə yazıb kameranın aşağısında bərkidirdilər. Bəzi səhnələrdə (məsələn, filmin sonunda əsas qəhrəmanın öz otağında telefonla danışması səhnəsində) onun mətni necə oxumasını görmək mümkündür[27].
Monro çəkilişlər zamanı aktyor sənəti dərslərini götürməyə davam edirdi, bu isə rejissoru çox əsəbiləşdirirdi. Onun müəllimi Pola Strasberq (en) idi. Monro eyni zamanda yaxın dostu olmuş Poladan çəkilmiş səhnə ilə bağlı fikirləri soruşur və yalnız bundan sonra Uaylderin rəylərini öyrənirdi. Epizodların birində, "çəkilib" komandasından sonra, Uaylder hədsiz hiddət hissi ilə öz yerindən sıçradı və kinayə ilə "Hə Pola, səhnə necə idi?" deyərək, Strasberqə qışqırdı[7]. Sinir zəmində sevgilisi ilə daim baş verən incimələ görə, Uaylderin belində ağrılar başlayır və o, normal yata bilmirdi[35]. Çəkilişlər bu zaman davam etdirilirdi və rejissor, aktrisanın vəziyyətini başa düşərək, özünü güclə saxlayırdı və onunla mümkün qədər nəzakətlə davranmağa çalışırdı. Filmin çəkilişləri üçün minimal sayda lokasiyalar şüurlu şəkildə seçilmişdir, çünki Uaylder daimi yol səfərləri ilə aktrisanı yormaq istəmirdi[22].
Pola Strasberq bir gün Monronu həyat yoldaşı ilə növbəti fikir ayrılığından sonra, mehmanxana nömrəsində ağır vəziyyətdə aşkarlayır. Monronu müayinə edən həkimlər, vəziyyətin bu qədər kəskin olmasına səbəb kimi, həddindən artıq dozada yuxu dərmanın şampan ilə birqə qəbulu nəticəsində baş verdiyini müəyyənləşdirirlər. Aktrisanı 15 sentyabr 1958-ci ildə (digər məlumatlara görə sentyabrın 12-də) təcili olaraq Cedars of Lebanon Hospital in Holliwood hospitalına yerləşdirmək məcburiyətində qalırlar[7][30]. Çəkilişlər 15 günə təxirə salınır[30].
Çətinliklər aktrisanın tərəfdaşlarında da yaranırdı. Toni Körtisin dediyinə görə, filmin ən gəliz səhnəsi çəkilən gün (burada söhbət rəqs zalında "I wanna be in love" mahnısının ifasından gedirdi), komanda Monronu heç yerdə tapa bilmirdi. 200 statistdən ibarət həmin komanda onun demək olar ki, bütün günü gözləyirdi. Çəkiliş qrupunun üzvləri öz aralarnda aktrisanı zarafatla Missing Monroe (Gəlməyən Monro) adlandırırdılar. Film rəhbərləri tərəfindən ulduzun şıltaqlıqlarına göz yumulması, bütün bu hadisələrə susan çəkiliş qrupunun da mənəviyyatını pozurdu[27]. Bəzi aktyorların ödənişləri dövraşırı olduğundan, qrafikdəki bu cür gecikmələr onlar üçün çox sərfəli idi[27].
Körtisi qıcıqlandıran başlıca məsələ, partnyorun günahı üzündən, o, adi bir səhnə üçün onlarca dubl çəkmək məcburiyyətində idi və bu səbəbdən də bütün bacarığını göstərməyə imkan tapmırdı. Toni daim sakitləşdirici preparatları qəbul edirdi və növbəti epizodu o, yalnız Cek Lemmonun və Corc Raftın amənəvi dəstəyi sayəsində öhdəsindən gəlirdi. Lemmon meydançada sabitliyin bərqərar olduğunu və partnyorun problemlərini başa düşdüyünü nümayiş etdirirdi. Merilin haqqında o, bunları demişdi: "O, böyük aktrisa olmaya bilər, amma qoyulmuş vəzifəni həmişə artıqlaması ilə ödəyir. O, tam hazır vəziyyətdə olmayınca kamera qarşısına keçməyəcək". Uaylder Lemmon və Körtisdən yaranmış bu vəziyyətə məsuliyyətlə yanaşmağı xahiş edirdi. Merilinin sayca hansı dublda lazım olan nəticəni verəcəyi məlum deyildi, buna görə də digər aktyorlar bütün dubllarda yaxşı oynamalı idilər. Körtis xatırlayırdı ki, zəhlətökən fikirlər onu təqib edirdi: "birdən Merilinin oynadığı səhnə uğurlu alınsa, ancaq mənim kiçik səhvim nəticəsində hər şey bərbad olsa…" Montaj zamanı, saysız dubllar içərisindən yararlı materialların seçilməsi məsələsi ortalığa qoyuldu. İlk dubllarda Körtis əla alınırdı, lakin onun partnyoru gəmgin görünürdü. Onlarla dubldan sonra Monro effektli şəkildə görünürdü, onun partnyoru isə artıq yorğun idi[28]. İddia olunurdu ki, "Hitlerlə öpüşməyi ondan (yəni Merilindən) daha üstün tutardım" sözlərini, çəkilişlərdən bezən Toni demişdir[36]. Replika mətbuatda ciddi əks-səda doğurmuşdur və çox illər sonra aktyor bu münasibətlə izah etməli olur[35][37][~ 5].
Uaylder 1958-ci il oktyabrın sonunda çəkilişlərin vəziyyəti haqqında bunları demişdir: "Sanki uçuşun ortasındayıq, təyyarənin göyərtəsində isə psix əyləşib və onun əlində bomba var"[7]. Filmin çəkilişi üçün minimal israfçılıq, əsərin redakturası zamanı minimum dəyişikliklər və ssenarinin dəqiq əks edilməsi — bütün bunlar Uaylderin fəaliyyəti üçün xas cəhətlərdən idi[25]. "Bəziləri isti sevir" filmində isə hər şey əksinə oldu. Qrafikdəki gecikmələr 18 gün (digər məlumata görə 29 gün[38]) təşkil etdiyindən, filmin oyunlarına çəkilmiş xərc təxminən 500 min dollar təşkil etmişdir[7]. Filmin tam büdcəsi 2 883 848 dollar təşkil etmişdir[32].
1959-cu ilin mart ayında filmin montajı başa çatır. Hazır filmin ilk nüsxəsi Amerika kinokompaniyalar assosiasiyasının (MPAA) nümayəndəsi Ceffri Şurloka təqdim olunur. Burada heç bir anlaşılmamazlıq baş vermir və instansiya filmin prokata buraxılmasını təsdiqləyir. Çətinliklər Milli ədəb legionu adı ilə tanınan katolik təşkilatı tərəfindən filmin yoxlanılmasından sonra başlayır; yoxlama nəticəsində film "B" qiymətini alır — morally objectionable in part for all (hissələri [filmin] bütün əxlaq qaydalarına ziddir). Senzorların xüsusi basqılarına gəminin göyərtəsində çəkilmiş tamahsılandırmaq səhnəsi səbəb olur; onlar bu səhnəni nümayiş edən plyonkanın təxminən 30 metr hissəsini kəsib ayırmağı təklif edirlər. Legionun başçısı, əlahəzrət monsenyor Tomas Littl filmin qiymətləndirilməsində bunları yazmışdır:
Filmin materialları xristian dininə, eləcə də ənənəvi əxlaqa və mənəviyyata qarşı edilən çox təhqiramiz bir addınm kimi qiymətləndirilir... Transvestizm mövzusu fəsadlara doğru aparır və bizə belə elə gəlir ki, filmdə homoseksuallıq və lezbiyanlığa aşkar işarələr var. Dialoqlar təkcə ikimənalı deyil, həmçinin açıqcasına vulqardılar. Paltar dəyişmələr [başqa genderin geyimi] ilə bağlı pozuntular göz qabağındadır[27].
Orijinal mətn (ing.)
screen material elements that are judged to be seriously offensive to Christian and traditional standards of morality and decency. … The subject matter of `transvestism' naturally leads to complications; in this film there seemed to us clear inference of homosexuality and lesbianism. The dialogue was not only `double entendre' but outright smut. The offense in costuming was obvious. |
Şurlok və Littlin yazışmalarında Şurlok sübut edir ki, film "Çarli xala" filmi ilə eyni kateqoriyaya aiddir və həm də, "Bu sizin xoşunuza gəlirmi" (ru) və "On ikinci gecə" (en) kimi klassik filmləri xatırladır. Filmi prokat qadağasından xilas etmək mümkün olsa da, kinoteatrlara o, MPAA tərəfindən sertifikatlaşdırılmadan təqdim edilir[39]. Bəzi şəhərlərdə problemlər yaranır, çünki ştatın komissiyaları kinoteatrlara filmin nümayişinə icazə vermir.
Kanzasda filmin prokatı iki ay müddətinə gecikir, Memfisdə isə seanslara yalnız böyüklər buraxılırdı. Life jurnalının redaktoru Uilyam Zinserin (en) bildirdiyinə görə, ssenaridəki çoxsaylı sətiraltı ifadələr olmasa idi, film geniş prokata çıxarıla bilməzdi[40]. Senzura orqanlarının kino istehsalı prosesinə müdaxiləsi artıq həmin dövrlərdə anaxronizm kimi qəbul olunurdu, lakin buna baxmayaraq, onunla hesablaşmaq lazım gəlirdi. Belə ki, həmin 1959-cu ildə ekranlara çıxarılan "Şimal-qərb ərazisindən şimala" filmi Hiçkokun nüfuzuna baxmayaraq, komissiyanın təzyiqi altında xeyli qısaldılmışdır[39].
Rejissor 1958-ci ilin dekabr ayında Los-Anceles kinoteatrların birində filmin sınaq versiyasını nümayiş etdirir. Nəticə sarsıdıcı idi — kinoteatra təsadüfən gəlmiş teleaparıcı Stiv Allen (en)[21][32], filmin səhnələrindən zövq alan yeganə şəxs idi. Seansdan sonra o, Uaylderi müvəffəqiyyətli filmə görə təbrik edir, ancaq nə məsələ olduğunu başa düşməyə çalışan rejissor çox məyus idi. Məlum olur ki, filmin əvvəlcədən hazırlanmış heç bir reklamı olmayıb, buna görə də kinoteatrda o triller-dram janrında ekranlaşdırılmış başqa bir filmlə eyni seansda (en) nümayiş olunurdu[~ 6]. Tamaşaçılar arasında orta yaşlarında ailə cütlükləri üstünlük təşkil edirdi. Auditoriya hansı filmə istiqamətlənməyi bilmədiyindən, ardıcıl olaraq iki dram filminin göstəriləcəyini düşünürlər. Bu seansda iştirak edən və Uaylderin yaxın tanışı olan Cozef Mankeviç filmdə hər şeyin qaydasında olduğu deyərək, dostunu sakitləşdirirdi. Miriş qardaşları ümumən narahat idilər; 122 dəqiqənin komediya filmi üçün həddindən artıq çox olduğunu hesab edərək, quraşdırılma üzərində bir dəfə də işləməyi tələb edirlər. Uaylder sevmədiyi və bir dəqiqə sürən səhnəni lentdən çıxarır, onsuzda bu cür kiçik səhnələr filmin mənimsənilməsinə ciddi təsir göstərə bilməzdi. Bir həftə sonra yenidən kiçik test baxışı keçirilir və bu dəfə hər şeyin qaydasında olduğu elan edilir[27][~ 7]. Tamaşaçılar, əsasən tələbə gənclər (onları bu dəfə komediya filminin nümayiş olunacağı barədə əvvəlcədən xəbərdarlıq edirlər) filmi çox gözəl qəbul edirlər və onların gülüşü bir dəqiqə də olsun susmurdu[5].
Qızıl qlobusun təqdimetmə mərasimində üç mükafat üzrə "dram" və "komediya" kimi müxtəlif çəki dərəcəsində "Ben Hur" və "Bəziləri isti sevir" filmləri öz aralarında kəskin rəqabət aparırdılar. Həmin il rəqabət çox böyük idi; "Qətlin anatomiyası", "Dörd yüz zərbə" və "Şimal-qərb ərazisindən şimala" filmləri, əsasən kino akademiyasının təqdim etdiyi mükafatlar uğrunda mübarizə aparırdılar. "Oskar" mükafatlarının 32-ci təqdimetmə mərasimində 12 nominasiya üzrə 11 heykəlcik qazanmış "Ben-Hur" filmi, eyni zamanda kinoakademiklərin favoritinə çevrilir. Bir çox mütəxəssislərin fikrincə, Uaylderin komediyası daha çox mükafat qazana bilərdi. 1960-cı ildə akademiklər Mənzil filminə aparıcı nominasiyalar üzrə mükafatları təqdim edərək, Uaylderə öz "köhnə borclarını" qaytarırlar[28][41]. Corc Kyukor məsələ ilə bağlı mövqeyini bu cür bildirmişdi: "Mənzil" filminə Oskar mükafatının təqdim olunması, rejissor Uaylderin ekranlaşdırdığı əvvəlki əsərinə, yəni Bəziləri isti sevir filminə olan gecikmiş etirafı tam əks etdirir[7].
Merilinin hamiləliyi səbəbindən, film çəkilişlərinin sonunda adi formatda poster və digər reklam materiallarının çəkilişi təxirə salınır. Fotoqraflar xeyli çalışmaq məcburiyyətində qalırlar. Merilinin fiqurunu, Emili filmində gözəlçə Syu orkestrində musiqiçi qızlardan birini canlandıran aktrisa Sandra Uorner (en) əvəzləyir[21]. Poster üçün təsvir isə, aktrisanın köhnə fotoşəkillərinin montajı nəticəsində hazırlanmışdır[27]. ABŞ-də film ekranlara 1959-cu il martın 29-da çıxarılır. Filmin Nyu York premyerası Loew's State Theatre kinoteatrında (en) baş tutur. Premyera günü Merilin Monronun saysız-hesabsız pərəstişkarı istənilən yolla Brodvey teatrına daxil olmağa çalışırdı, buna görə də, polis küçə hərəkətini dayandırmaq məcburiyyətində qalır. Aktrisa həmin premyeraya yanğınsöndürmə maşınında gəlir. Hadisə mətbuatın böyük diqqətini cəlb edir[42].
İlk iki həftə ərzində kino prokatı o qədər geniş olmasa da, üçüncü həftədən "sarafan radiosu" işləməyə başlamış, auditoriya tərəfindən filmə maraq xeyli artmış və prodüserlər nəhayət rahat nəfəs almışdılar — filmin prokatlarda uğuruna şübhə qalmamışdı[27]. Filmin qazandığı gəlir haqqında verilən məlumatlar olduqca ziddiyyətli idi. Film Şimali Amerikada təxminən 7 milyon dollar gəlir toplayaraq, 1959-cu ildə keçirilən kassa mövsümündə 3-cü yerə layiq görülmüşdür. Həmin il tamaşaçılar əsasən komediya janrına üstünlük verirdilər: mövsümün lider filmi "Meym xala" (en) seçilir[43]. Toni Körtis qələminin məhsulu olan memuarlarında yazırdı ki, film ABŞ-də 7,5 mln. dollar, xarici ölkələrdə isə təxminən 5,25 mln. dollar gəlir əldə etmişdir. Tcm (en) portalının versiyasına görə, film yığımlarının ümumi məbləği 25 mln. dollar təşkil etmişdir. Ulduz ansamblların xərcləri çox yüksək idi və kassa yığımlarından faiz ödənişlərini edən prodüserlər filmin "ev prokatı" versiyasından cəmi 500 min dollar gəlir əldə edə bilmişdilər[32].
Bəziləri isti sevir filmi Sovet İttifaqında daha "günahsız" Cazda yalnız qızlardır adı ilə məhdudlaşaraq, bir neçə kupürlərlə 22 avqust 1966-cı ildə tamaşaçılara təqdim olunmuşdur. Anşlaqlar Yeni ildə başlandı[44]. Film çox böyük müvəffəqiyyət əldə etmişdi — cəmi 208 kopyası olan filmi 43,9 mln. tamaşaçı seyr etmişdi[45]. Film sovet kinoprokat liderlərinin iyirmiliyinə daxil olmur, lakin kino tənqidçisini Sergey Kudryavtsevin (ru) apardığı hesablamalar nəticəsində, "Anjelika — mələklər markizası" və "Anjelika və kral" kimi məşhur xarici filmləri ötərək 32-ci yerdə qərarlaşır. Kinoşünas Maya Turovskaya (ru) bildirirdi ki, bu film bütün ideoloji "düzgün" əsərlərin zəfərlərini aşıraraq, sovet kinoprokatının ifrat parlaq "ulduz" partlamalarının fenomeninə daxil olur. Onun fikrincə, Monronun belə uğuru, Sovet kinematoqrafiyasında buna bənzər erotik qadın imicinin kəskin defisitdə olması ilə izah edilirdi[46]. Bu Sovet prokatında nümayiş olunan Merilin Monronun yeganə filmi idi.
Filmin alınması üzrə planlar daha tez, yəni 1963-cü ilin sonlarında da reallaşa bilərdi, belə ki, 7 dekabrda SSRİ Dövlət Kinematoqrafiyasının sədri Aleksey Romanov SOV. İKP MK-ya aşağıdakı məzmunda məktub yazır[47].:
Kinematoqrafiya üzrə SSRİ Nazirlər Şurasının dövlət komitəsi, ABŞ-nin "Yunayted Artists" kino şirkətinin istehsalı olan "Bəziləri bu tempə üstünlük verirlər" bədii filmini ABŞ-dən satın almağa icazə istəyir. Kinofilm tanınmış kinoartistlərin — Merilin Monro, Toni Körtis və Cek Lemmonun iştirakı ilə amerikalı rejissor Billi Uaylder tərəfindən ekranlaşdırılıb. Süjetin mərkəzində, iki avara musiqiçinin komik macəraları nümayiş olunur. Filmdə həmçinin qanqster dəstəsinin işgüzar dairələr ilə əlaqələri göstərilir (…) Dövlət komitəsi yazıçılar, kinematoqrafçılar və ictimai təşkilatların cəlb olunması ilə filmə baxış keçirdi. Film bütün izləyici iştirakçılar tərəfindən müsbət dəyərləndirilib və SSRİ-də nümayişi üçün tövsiyə olunub. Filmin dəyəri 54 min rubl təşkil edəcək. Filmin ödənişi SSRİ Nazirlər Şurası tərəfindən təsdiq edilmiş "Soveksportfilm" təşkilatının idxal planına uyğun olaraq 1963-ci il ərzində hayətə keçiriləcək. Məktuba SOV.İKP MK-nın qərar layihəsi də əlavə olunur. |
Lakin həmin il filmi almaq mümkün olmur. Yalnız 1964-cü ilin mayında SOV. İKP MK Katibliyinin növbəti iclasında Leonid Brejnev "Soveksportfilm" tərəfindən filmin alınmasına "razılıq" verir. Sənətşünas Fyodor Razzakov gecikmənin səbəbləri barədə mövqeyini bildirmişdir: Hesab edirəm ki, kuratorların kino üçün məbləği görüb qorxması (54 min rubl, yaxud 135 min dollar) ya da amerikan filmlərini sevməyən Mixail Suslovun ümumi iş prosesinə əngəl törtəməsi gecikmələrə səbəb ola bilərdi. Nəticədə süründürməçilik 1964-cü ilin may ayınadək davam etmişdir. Məhz həmin dövrdə Suslovun mövqeyi ciddi şəkildə sarsılır (Xruşşov artıq onu istefaya göndərmək və onun əvəzinə Leonid İlyiçevi təyin etmək fikrində idi) və Merilin Monronun iştirakı ilə filmin taleyi uğurla nəticələnir.
Film M. Qorki kinostudiyasında dublyaj olunub
8 mart 1999-cu ildə ORT telekanalı filmin Qorki kinostudiyası tərəfindən dublaj edilmiş versiyasını satışa çıxardı, bu versiyada filmin efirə verildiyi vaxt ixtisar edilmiş hissələr "Selena İnterneşnl" şirkətinin dublajı ilə yenidən filmə əlavə edilmiş, əskinsalar isə animasiya vasiytəsiylə yaradılmış bıcaqla örtülmüşdü[50]. Həmçinin filmin Mixalyov (2 versiyası), Y. Jivova və Vladislav Oqorodnikov tərəfindən tərtib edilmiş birsəsli və kadrarxalı tərcüməsi mövcuddur. Filmin çoxsəsli tərcümə versiyası isə "NTV +" və "Pozitiv" şirkətləri tərəfindən hazırlanmışdı.
Süjetin zahiri absurdluğuna və məzhəkəli quruluşuna baxmayaraq, Uaylderin komediyası dəqiq sıraya düzülmüş daxili struktura malikdir. Hələ İntibah dövründən zahiri görkəmin dəyişilməsi ilə bağlı populyar olan müddəalı komediya janrı, cinslərin toqquşması və kostyumlu təlxəklik bu halda əsasən müharibədən qabaqkı kino estetikasına və tutuşdurmalar paradoksuna bir parodiya kimi təşkil edilmişdir. Filmdə dörd hissə sezilməkdədir[51]:
Filmin ilk bir neçə dəqiqəsi səssiz kinonun və qanqster filminin özünəməxsus tribyutu kimi əsaslandırılıb və nuar janrının bütün atributlarını ehtiva edir: soyuq qaranlıq küçələr, təqib və atışmalar[52][5]. Daha sonra baş verən hadisələrdə, tamaşaçılar tez-tez tanınmış kriminal simaları görürlər. Ağ getrli Kolombonun qanqsterin yolunu kəsərək qəpik tulladığı səhnədə Kolombo soruşur: "Bu axmaq tryuku hardan öyrənmisən?" (Where’d you pick up that stupid trick?)[~ 8]. Bu, Uaylderin komediyasından düz 27 il öncə ekranlaşdırılmış "Çapıqlı sifətlər" filminin səhnəsinə olan açıq-aşkar işarədir. Onun ulduzu Corc Raft idi. Aktyor Edvard Q. Robinsonun gənc qanqster rolunda oynaması, epizoda daha da çox komizm hissi bəxş edir; bundan başqa, Edvardın atası da bir zamanlar "Balaca Sezar" adlı digər klassik qanqster filmində baş rolu ifa etmişdir. Aktyor Nehemiya Persoffun ifasında "Kiçik Bonapart" personajı isə, 1931-ci ildə ekranlaşdırılmış həmin filmə istinad edir[53]. Filmin müəllifləri tərəfindən köhnə film musiqilərindən və kompozisiyalarından istifadə edilmiş saundtrek komediya filminin retro-əhvalını tamamlayır.
Filmin ikinci yarısı tamaşaçıları Marks qardaşlarının müharibədən əvvəlki komediya və onlar üçün xarakterik olan absurd və inanılmaz transformasiya dövrlərinə aparır[54]. Film yaradıcıları tez-tez səhnənin bir vəziyyətindən başqa birisinə keçid etmək üçün çevik yerdəyişmə üsulundan istifadə edirdilər. Vağzal səhnəsində tamaşaçılar dərhal qadına necə çevrilidikləri naməlum olan, başqalaşmış Co və Cerrini görürlər[55]. Həmin fənd gəminin göyərtəsində eşqbazlıqla məşğul olan qəhrəmanların səhnəsində də istifadə olunmuşdur; burada gəmi göyərtəsindən (dəniz mənzərəsindən) retoranda tanqo (yer mənzərəsinə) səhnəsinə keçid təşkil etmək üçün daim yerdəyişmələr baş verir[54]. Filmin bütün hissələri birləşdirən digər bir rəmz və ya motiv — dağılmış maye səhnəciyidir. Birinci hissəsində bu dağılmış benzindir (qaraj səhnəsi), ikinci hissədə bu dağılmış spirtli içkidir (Dananın qatardaki mehtərəsi) və nəhayət sonuncu hissədə bu qanqster Kolombonun axan qanıdır. Hər dəfə dağılmış maye qəhrəmanın hər kəsdən gizlətdiyi sirrin ifşa olunacağını xəbərdarlıq edir, ancaq hər şey xoşbəxtliklə nəticələnir. Cerri-Dafna, gözəlçə Dananı qatarın yuxarı yataq yerində "təşkil olunan" əyləncə gecəsinə dəvət edərkən, spill sözünün müxtəlif mənalarını istifadə edir və bu metafornın vacibliyini xüsusi bir şəkildə vurğulayır[51][~ 9].
Bir çox halda meynstrim ruhunda çəkilmiş ssenari sayəsində, bu komediya uzun illər öz aktuallığını itirmədən buna oxşar filmlərdən kəskin seçilir[39]. Kinotənqidçi Polin Keyl filmi "füsunkarcasına şən" adlandıraraq, onun "ikimənalılıq uçurumun kənarı boyunca keçdiyi" bildirmişdi[39]. Ssenari müəllifləri ədəbi və danışıq dilinə çox yüksək səviyyədə sahib olduqlarını nümayiş etdirmək məqsədilə, qəhrəmanların dialoqlarına hikmətli sözlərlə dolu replikaları və hazırcavab aforizmləri əlavə edirlər. Uaylder üçün bu qədər də səciyyəvi olan həyasızlıq ruhu və burjua kütlələrin mədəniyyətinə ünvanlanmış istehzalar filmdəki əhavalatları müşayiət edir. Nuar, zorakılıq və ölüm mövzularının yumor və orijinal geglər ilə birlikdə və eyni zamanda nümayiş olunması janr mənsubiyyətini müəyyən etməyi çətinləşdirir[56][6]. Müxtəlif dövrlərdə filmi ya musiqili komediya ya da məzhəkə-qara komediya janrlarına aid edirdilər[23]. Tədqiqatçılar Klinger və Vudvordun fikrincə, filmin mətni janr sərhədlərini dağıdır və kino ideologiyasını daxildən sarsıdır[38].
Məcazlar filmin adı ilə başlayır. "Kim isti sevir" ifadəsini (musiqini nəzərdə tutaraq) Monronun obrazı ilə tanışlığı səhnəsində neft maqnatı obrazını canlandıran Co səsləndirir: "Məncə, bəziləri isti sevir, lakin mən klassik musiqiyə üstünlük verirəm." (Oh. Well, I guess some like it hot. But personally, I prefer classical music). Filmin adlandırılması ilə səsləşən çoxmənalı hot sözünün ingilis dilində bir neçə izahı vardır[57]. Əsas mənası: Temperatur (qəhrəmanlar soyuqdan istiyə köçürlər). Məcazi mənası: Caz, qızğın seks, qaynar xəbəri, təhlükə. Filmi izləyən tamaşaçılarda müəyyən ovqat verən zəncirvari semantik assosiasiyalar qurulur. Süjetin gedişatı ərzində filmin personajları daim temperatur ifratçılığın üzərinə gedirlər. Filmin əvvəlində baş qəhrəmanlar Çikaqoda donurlar. Filmin kulminasiya nöqtəsində, yəni gəminin göyərtəsindəki səhnədə gözəlçə Dana növbəti öpüşdən sonra qızışmış utancaq milyonçuya təklif edir: "Gəl odun üstünə bir dənə də odun ataq" (Lets throw another log on the fire). Filmin sonuncu cümləsi isə, elə filmin adı kimi, paradoksal və çoxmənalıdır. Personajdan tamam başqa reaksiyanı gözləyən tamaşaçını gözlənilməz replika gözləyir[58][59].
Mozarellanın müəssisəsində detektivə qəhvə içməyi təklif edən ofisiant kimi, Uaylder də bu ssenaridə oxşar fəndləri işlədirdi. Senzuradan keçmək zərurəti yaranarkən, film istehsalçıları ezop dilindən və Xeyes kodeksindən istifadə etməli olurlar[52]. O vaxtlar puritan tələblər çərçivəsində, filmin subay qəhrəmanları ekran qarşısında hətta çarpayıda birgə yata bilməzdilər. Buna görə də, filmdə həmin dövr üçün səciyyəvi olan məntiqi başa çatdırılmayan iddia və replikalardan istifadə olunurdu (qeyri-propozisional ifadələr)[60]. Metafora və söz oyununlarını istifadə etməklə səsləndirilən cümlələr, qəhrəmanların replikalarının təxminən 25% təşkil edir[60][51]. Qəhrəmanların bir çox ifadələri gizli kross-gender və seksual məna daşıyırlar. Vağzal səhnəsində Dafna özünü brand new girl adlandırır. Bu tərcümə edilməyən söz oyunu "yenicə dünyaya gözə açan" və onlar üçün yad olan qadın dünyasını anlamağa çalışan qızları (Dafna və Jozefinanı) xarakterizə edir[52]. Gözəlçə Dananın I always get the fuzzy end of the lollipop[~ 10] ifadəsi ikili məna daşıyır və oral seksə eyham verir[61]. Vulqar ifadələrin birbaşa çatdırması mümkün olmayan zaman ironiya və ya kinayədən aktiv istifadə olunurdu. Müvəqqəti cinsin dəyişdirilməsi ilə əlaqədar qəhrəmanların gizli və söylənməmiş istəklərinin mümkünsüzlükdən reallığa çevrilməsi, gizlində qalmış filmin ən mühüm mövzulardan birisi idi. Qatar epizodunda Co, uşaqlıqda şirniyyat dükanına düşməyi arzuladığını bildirir — bu filmin süjeti üçün çox illüstrativ bir ifadədir[53].
Qəhrəmanların replikaları təkcə özünün hazırcavablığı ilə seçilmirdi, onlar filmdə aktiv istifadə olunur və tamaşaçını bu replikaları yadda saxlamağa məcbur edirdi, çünki eyni cümlə filmin sonrakı epizodlarında bir neçə dəfə istifadə olunurdu. Yola düşməzdən əvvəl qatarın qarşısında duran gözəlçə Syu yeni qrupa daxil olmuş musiqiçilərdən aldıqları təhsil barədə soruşur, Jozefina bu suala cavab olaraq konkret konservatoriyanın adını çəkir (Sheboygan Conservatory of Music). Daha sonra isə, çimərlik səhnəsində Dana milyonçu Cunior Şell ilə tanış olur və Sheboygan konservatoriyasında oxuduğunu bildirərək, ona təsir göstərməyə çalışır. Operatorun tez-tez planları dəyişməsi kimi, ssenaristlər də tamaşaçılar üçün gözlənilməz təsir göstərmək üçün söz oyunlarından fəal istifadə edirdilər. Cerri milyonçu ilə nişanlanmağa razılıq verdikdən sonra narahatlıq və qorxu hissi keçirir və Coya müraciət edir:
Jerry: I'm engaged! | — | Cerri: Mən nişanlanmışam![~ 11]. |
Joe: Congratulations. Who's the lucky girl? | — | Co: Təbrik edirəm. Xoşbəxt qız kimdir? |
Jerry: I am | — | Cerri: Mən |
Joe: WHAT?! | — | Co: NƏ?! |
Jerry: Osgood proposed to me! We're planning a June wedding | — | Cerri: Osqud mənə evlənməyi təklif etdi, toy iyunda olacaq |
Joe: What are you talking about? You can't marry Osgood | — | Co: Sən nə danışırsan? Sən Osqudla evlənə bilmərsən |
Jerry: Why not? He keeps marrying girls all the time | — | Cerri: Niyə yox? Hesab edirsən ki, o, mənim üçün çox qocadır? |
Chicago Reader qəzetində çalışan tənqidçi Deyv Kerr qeyd edir ki, Komediya qapalı mövzular ilə həyasızcasına oynayır, lakin birbaşa onlara toxunmurdu. Daymond və Uaylderin yaradıcılığı amerika kinematoqrafının mədəniyyətinə və ssenari incəsənətinin stilistikasına böyük təsir göstərmişdir[53]. Filmdən olan bir sıra cümlələr (nobody's perfect, fuzzy end of the lollipop) davamlı olaraq müasir ingilis dilinə daxil edilmişdir[62].
You’ve never laughed more at sex — or a movie about it (Siz seks və ya "onun" barəsində olan filmə belə gülməmişdiniz) — bu, filmin treylerində səsləndirilən ən birinci cümlədir. "Bəziləri isti sevir" filmi amerika kinematoqrafiyasında cinsiyyət və onun standartlarından kənarlaşmalar mövzusunu bu qədər açıq istismar edən ilk nümunələrindən biri idi. Burada cinslərin kəsişməsi və toqquşması parlaq komediya tərzində təqdim edilib və cəmiyyətdə baş verən heteronormativlik problemi yenidən ifşa edilib. Məcazi mənalardan tez-tez istifadə edən film yaradıcıları, "fərdin öz cinsi mənsubiyyətindən kənarlaşması" kimi cəmiyyətdə tabulaşdırılmış mövzuya toxunmağa nail olurlar. Filmin süjetini və mövzusunu riskli 1920-ci illərin üzərinə qoyaraq (yəni Xeys kodeksindən öncəki dövrlərə), Uaylder əxlaq nəzarətçilərinin şübhələri qismən uzaqlaşdırdı[30]. Orta əsr maskarad və qrotesk üslubuna yaxın olan Baxtinin dil xüsusiyyətləri riskli mövzuda xeyli uzağa getməyə imkan verir. Saxta dəfnlərdən başlayaraq, filmdəki bir çox səhnələr riyakarlıq kimi görünür[63]. Hətta qəhrəmanların nə qədər asan şəkildə kişidən qadın cinsinə transformasiya olunmaları belə bu hərəkətlərin oyun və karnaval başlanğıcını vurğulayır və tamaşaçılar tərəfindən mənimsəməni asanlaşdırır. Filmdə qəhrəmanlar arasında hətta "homoseksual" öpüş səhnəsi də nümayiş olunmuşdur, lakin həmin səhnə elə incə təqdim olunmuşdur ki, əxlaq keşikçiləri bəhanə axtarmağa çətinlik çəkmişdilər[38]. Filmdə soyunma səhnəciyi dil, operator və kostyumçularının mahir işi vasitəsilə çatdırılmışdır[64].
Qəhrəmanlar başlanğıcda transvestit və ya draq kuin deyildilər; onlara qadın olmaq istəyini ağır həyat şəraiti məcbur etdi, lakin süjetin inkişaf etdikcə, onlar bu qadın obrazına və uydurulmuş dünyaya o qədər alışırlar ki, oyun bir həyat tərzinə çevrilir. Klassik sevgi üçbucağı filmdə məntiqsizdir, rollar burada daim bir-birini əvəz edir. Co və Cerri cütlüyündə, birinci qəhrəman filmin başlanğıcında aşkar lider idi. "Cinsin dəyişdirilməsindən" sonra isə, əndazəsiz Dafna qəflətən potensial olaraq kişilər üçün cəlbedici şəxsə çevrilir; bunu görən Dafna dərhal təşəbbüsü ələ keçirir[63]. Qəhrəmanları sona yaxın cinsin dəyişilməsindən qəflətən xeyirlənməyə başlayırlar[52]. Daha bir paradoks ondadır ki, musiqiçilər kişilərin dünyasında işlə təmin ola bilmirlər. Onların yeni iş yeri, yəni qadın caz ansamblı, ekzotika və güclü cinsə çağırış kimi publika üçün çox cəlbedici idi. 1920-ci illərdə ABŞ-də əsasən kişi ansamblları fəaliyyət göstərirdi, gözəlçə Syu qrupunun artistləri isə, əslində kişi rollarını ifa edirdilər. Burada Şekspir dövrünün teatrları parodiya olunur, o zamanlar kişilər qadın rolunu oynamağa məcbur idilər[65][66].
Filmin yaradıcıları izləyicilərin diqqətini əsas obrazlar və onların əyin dəyişmələrindən yayındırmaq üçün tryuklar silsiləsindən istifadə edirlər. Qəhrəmanlar qadın simasında özlərini çox rahat və komfortlu hiss etdiklərini vurğulayırlar. Cerri qadın roluna o qədər öyrəşir ki, dostu ona daim əslində kişi olduğu xatırlatmağa məcbur olur[55]. Merilin Monro obrazı özünün hiperseksuallığı ilə diqqəti cəlb edir və hətta qadın paltarlarını geyinmiş səhnə tərəfdaşlarını da bir qədər feminizasiya edir[55]. Gözəlçə Dana fiqurunun paradoksallığı ondadır ki, o, "günahsız seksuallıq" ziddiyyətini formalaşdırır[22]. Onun qəhrəmanı sanki, kişilərə necə təsir göstəridiyini belə başa düşmür. Gəminin göyərtəsində gözəlçə Dana özünün "frigid" sevgilisi ilə görüşən zaman sanki təsadüfən soruşur: "Bəs Siz amerikalı qızların dadına baxmısınız?"[22]. Filmin sonluğu tamaşaçıya belə adi və zəruri olan heteroseksual status-kvonu bərpa edir və artıq yalnız kişiqadın münasibətlərini nümayiş etdirir, lakin digər tərəfdən, filmin sonluğu şərh edilmək üçün sərbət saxlanılır və cazibə əlavə edir. Qəhrəmanlar nəhayət öz kişi təbiətinə qayıdırlar, onlar heteroseksual dünyasına geri qayıtmaq üçün bütün kartları açır və bir növ anti-kaminq-aut edirlər (Kaminq-aut — hər hansı bir şəxsin açıq və könüllü formada öz cinsi kimliyini uyğun gördüyü adamlara etiraf etməsidir)[38].
Bu film Cudit Batlerin "gender persormativi" (en) nəzəriyyəsini qabaqladı[59]. Nəzəriyyəni təsdiqləmək üçün əyani olaraq Co və Dananın münasibətləri ilə bağlı romantik süjet xəttini misal çəkmək kifayət edir[67]. Bu nəzəriyyəyə görə, cinsiyyət baxımından kişi ilə qadın arasındakı həqiqi identiklik, onların bədən və yaxud genetik fərqlərindən irəli gəlmir. O, əsasən, performatizmlə müəyyən edilir: fəaliyyət ardıcıllığı və mədəniyyət kontekstinin irfanı[68]. Fəlsəfi mənada, gender mənsubiyyəti insanın xarici tərəfi ilə müqayisə etməyin mümkün olduğu formaya malikdir, məsələn: makiyaj, geyim, yeriş tərzi və s. Cerri-Dafnanın davranışı süjetin inkişafı ilə paralel olaraq müəyyən edilir — əvvəlcə özünü kişi, sonradan isə qadın kimi hiss edən qəhrəman həmin diskursu illüstrasiya edir. Batler öz memuarlarında, əhrəmanların öz heteroseksual başlamalarını heç də itirmədiklərini, əksinə, onu daha da möhkəmləndirdiklərini bildirərək, yeni mübahisəli nöqteyi-nəzərin əsasını qoyur[69]. Filmin süjetində təsvir olunan qəhrəmanların hər kəsdən gizlənmək məqsədilə qadın paltarlarını geyinmək məcburiyyəti, şərti olaraq maskarad atributu kimi cinsin dəyişdirilməsi məsələsinə haqq qazandırır[38][59].
Terrel Karvel (en) filmi "heteroseksual antiutopiya" adlandırırdı. Filmin semiotik sıralanmasında adi gender stereotipləri dağılır, seks anlayışı isə sürrealizmə çevrilirdi[70]. Qəhrəmanların bütün normal (yəni heteroseksual) münasibət qurmaq cəhdləri uğursuluğa düçar olur, icazəli əlaqələr sərhəddini keçdikdən sonra isə, onlarda nəsə alınmağa başlayır. Kişi cinsindən olan tamaşaçıları tədricən gizli qadın dünyası cəzb etməyə başlayır; onlar öz təfəkkürlərində real həyatda gerçəklənməyin mümkün olmadığı həmin dünyaya, elə bil şüşənin o tayına film qəhrəmanları ilə birlikdə daxil olmağı arzulayırlar[70][59].
Filmin bəstəkarı hələ müharibədən əvvəlki dövrdə məşhurluq əldə etmiş və Uaylderlə işləmək təcrübəsi olan Adolf Doyç olmuşdur. Təcrübəli mütəxəssis həmişə qarşısına filmlə təbii uyğunluq təşkil edən və diqqət cəlb etməyən musiqi bəstələmək tapşırığı qoyurdu. Filmin səs müşayiətinə təsiri nəzərə çarpan dərəcədə çox olan digər ekspert, dirijor və aranjımançı, caz üzrə ekspert və Uaylderin köhnə tanışı Metti Malnek (en) idi[27]. Adolf Doyç xüsusi olaraq film üçün cəmi iki kompozisiya yazmışdır. 1920-ci illərdə diksilend üslubunda ifa edilən nostalji mövzular, film musiqisinin yaradılmasında çox yardımçı olmuşdur. 1959–1960-cı illərdə ən dəbli məşğuliyyət, caz köklərinə müraciət idi (məsələn Qətl anatomiyası, "İntim söhbət" filmlərində istifadə olunan musiqilər məhz bu üslubda yaradılmışdır)[71]. Bundan başqa, gözəlçə Syunun orkestri tərəfindən ifa olunan "Sweet Georgia Brown" və "the Sheltering Palms Among Down" mahnıları, film yaradıcısının həm caz kimi yeni cərəyanlara, həm də klassik musiqiyə diqqət ayırdığını göstərir. Bəstəkar xüsusi olaraq Monro üçün "Runnin' Wild" (en), I Wanna Be Loved by You və "I’m through with love" kimi bir neçə caz vokal nömrələrini daxil etmişdir.
Demək olar ki, heç bir musiqi nömrəsi filmə sadəcə bəzək üçün daxil edilməyib, onların hamısı süjetdə istifadə olunur və baş verən hadisələrə öncədən audio illüstrasiya verir. Qatarın yola düşməsi səhnəsində "Blues Sugar" kompozisiyasından olan surdinalı boru, perronda hərəkət edən Dana Kovalçiki müşayiət edir; bu burleskdə striptiz oynayan qızlar səhnəsinə bir istinaddır (buna bənzər səhnəni məsələn, "Neştər" filmində görmək olar). Musiqi nömrələri filmin süjetinə orqanik şəkildə daxil olur, məsələn gözəlçə Dana qatarda musiqi nömrəsini ifa edərkən spirtli içki ilə dolu mehtər təsadüfən yerə düşür və bu kazuslu moment müvafiq musiqi ilə müşayiət olunur[53]. Filmin əsas hissəsi sayılan yaxtada görüş və restoranda rəqs səhnələrində, iki musiqi üslubu bir-birini növbə ilə əvəz edir. Gözəlçə Dananın və Cunior Şellin görüşü simli alətlərin ifasında Park Avenue Fantasy adlı sakit və lirik kompozisiya ilə müşayiət olunur. Kompozisiya hələ 1935-ci ildə Malnek və Sinyorelli tərəfindən yazılmışdı. Dafnanın milyonçu Osqud-Fildinqlə görüşü zamanı isə, restoranda təsirli və enerjili Cumparsita adlı tanqo musiqisi ifa olunur[72].
Merilin Monronun ifa etdiyi "I wanna be loved by you" və "Im through with love" sinqlları başda olmaqla, film saundtreki "United Artists Records" şirkətinin maliyyə yardımı ilə 1959-cu ilin fevral ayında 3 LP-albom formatında satışa buraxılmışdı[73].
№ | Başlıq | Sözlər | Musiqi | Səhnə | Müddət |
---|---|---|---|---|---|
1. | "Sugar Blues" (1920) | Clyde McCoy | başlığın əvvəli | 1:30 | |
2. | "Runnin' Wild" (1922) | Joe Grey and Leo Wood | A.H. Gibbs | başlıq və qatarda məşq etmə | 1:03 |
3. | "Liebesträume" (1850) | Ferens List | dəfn mərasimində minor motivləri | ||
4. | "Sweet Georgia Brown" (1925) | Ben Bernie and Maceo Pinkard | dəfn mərasimində şən motivlər | 2:55 | |
5. | "Down Among the Sheltering Palms" (1914) | James Brockman & Leo Wood | Abe Olman | orkestrin otelə gəlməsi | 1:57 |
6. | "By the Beautiful Sea" (1914) | Harold Atteridge | Harry Carroll | çimərlik və qızların üzməsi | 1:22 |
7. | "Randolph Street Rag" (1958) | Adolph Deutsch | 1:26 | ||
8. | "I Wanna Be Loved by You" (1928) | Bert Kalmar | Herbert Stothart and Harry Ruby | gözəlçə Syu orkestrinin konserti | 2:56 |
9. | "Sweet Sue, Just You" (1928) | Victor Young | "I Wanna Be Loved by You" mahnısından sonra | ||
10. | "Park Avenue Fantasy (Stairway to the Stars)" (1935) | Matty Malneck and Frank Signorelli | gəmi göyərtisində gözəlçə Dananın və Şellin görüşü | 2:10 | |
11. | "La Cumparsita" (1916) | Gerardo Matos Rodríguez | Osqud və Dafnanın tanqosu | 2:17 | |
12. | "Some Like It Hot" (1958) | Matty Malneck and I.A.L. Diamond | 4:14 | ||
13. | "For He's a Jolly Good Fellow" (1958) | xalq mahnısı | qanqsterlərin görüşündə səslənir | ||
14. | "I'm Thru with Love" (1931) | Gus Kahn | Matty Malneck and Fud Livingston | orkestrin son çıxışı | 2:32 |
Film izləyicilərə təqdim edildikdən sonra tənqidçilər tərəfindən də yüksək qiymətləndirilmiş, zamanın sınağından keçərək Uaylderin yaradıcılığının ən yüksək nöqtəsi, həmçinin ABŞ komediya janrının xüsusi mərhələsi kimi qiymətləndirilmişdir[76][63]. Uaylder filmin istehsalından əvvəl və sonra İzi Daymondla birlikdə çalışsa da, onların birgə fəaliyyəti heç vaxt "Bəziləri isti sevir" filmi kimi nəticə verməmişdir. Əksər mütəxəssislərin fikrincə, filmin uğurunun sirri başlıca olaraq yaxşı ssenaridə, rejissorluq işində, standart olmayan janr ahəngdarlığında, aktyor seçimi və onların rollarını müşayiət edən gözəl musiqidə idi. Variety jurnalı bu filmi şübhəsiz rejissor əməyi kimi dəyərləndirmişdir — burada elə ilk kadrdan firma xəttini görmək olar[77]. Uaylder bir zamanlar "Sent-Luis ruhunda" və "Sanset bulvarı" filmlərində sınaqdan keçirilmiş özünün ən sevimli üsulundan istifadə edirdi — bu, "vəhşi 20-ci illərin" qanundankənar həyat və əxlaq azadlığının anturajında müasir bir əhvalatı ekranlaşdırmaq istəyi idi[4].
Uaylderin Bertolt Brext üslubunu daim təqlid etməsi, eləcə də filmlərdə kapitalizmi tənqid və onun kriminal süjet xətlərini nümayiş etməsi, onun valideynlərinin avropa köklü olduğunu təsdiqlyirdi[4] Bununla belə, rejissor işində adi olan sosial mövzular burada aydın səslənmir. Kasıb və varlı təbəqələr arasındakı münaqişələr personajların etdiyi hərəkətlərin arxasında durur (Monronun qəhrəmanı əvvəlki filmlərdə olduğu kimi, özünə yenə milyonçu-bəy axtarışındadır) və həlledici amilə çevrilmir. The New York Times'ın icmalçısı Veyler komediya filmində əsl komizmin necə heyrətamiz şəkildə kobud məzhəkə ilə vəhdət doğurduğunu qeyd etmişdir[78]. Cinslərin toqquşması, həyasızlıq və satira, personajların gözəl dialoqları və replikaları ilə həmahəng səslənmişdir[54][79][80].
Uaylderin komediyası — əbədi kino dəyərlərindən biridir, ilham və incə sənətkarlıq filmidir, zahirən cinayətkarlıq və acgözlük barəsində bir film təəssüratı yaratsa da, onun süjeti yalnız seks haqqındadır. O, Uaylderin şən abırsızlığı ilə işlənmişdir; burada heç kəs melodrama vaxt itirmir və özünü Darvinin ibtidai instinktlərinə müvafiq şəkildə aparır. Səmimi hisslər qəhrəmanları heyran edən zaman, bu, onların gözlərini qamaşdırır: Körtis yalnız seks istədiyini düşünür, Monro isə yalnız çoxlu pul olan yerdə xoşbəxt olacağını düşünür, ancaq günlərin birində onlar görüşürlər və yalnız həmin an onlar sevgiyə nə qədər möhtac olduqlarını anlayırlar (Rocer Ebert)[54].
Orijinal mətn (ing.)
Wilder's 1959 comedy is one of the enduring treasures of the movies, a film of inspiration and meticulous craft, a movie that's about nothing but sex and yet pretends it's about crime and greed. It is underwired with Wilder's cheerful cynicism, so that no time is lost to soppiness and everyone behaves according to basic Darwinian drives. When sincere emotion strikes these characters, it blindsides them: Curtis thinks he wants only sex, Monroe thinks she wants only money, and they are as astonished as delighted to find they want only each other. |
Film süjetinin əsasını təşkil edən paltar dəyişmə və transformasiya tryukları hələ antik dövrlərdən öz epatajlığı ilə məşhur idi. Tənqidçilərin mənfi rəyləri əsasən süjetin ikincidərəcəliyinə ünvanlanmışdı; həmin dövrün mənəviyyatına qarşı yönəlmiş fikir azadlığı da bir sıra jurnallar tərəfindən kəskin şəkildə pislənilirdi. Time jurnalı özünün çox təmkinli resenziyasında filmin süjetini XX əsr kinematoqrafının ən pis ənənələrinə söykənən adi komediya ilə müqayisə etmişdir[81]. Yazıçı Den Şnayder (en) göz yumanın mümkün olmadığını çatışmazlıqlar arasında süjetin həqiqətdən uzaq olmasını bildirmişdir. Tamaşaçılar qadın cildində olan kişiləri yalnız ssenariyə lazım olan məqamda müəyyən edə bilirdilər, bu isə təbii ki, filmin çatışmazlığı idi və heç bir rejissor fəndi bu problemin həll edilməsinə yardımçı ola bilməzdi[82]. Los Angeles Times qəzetinin əməkdaşı filmdəki qəhrəmanların mənəviyyat ilə problemləri olduğuna işarə edərək, tənqidlə dolu geniş resenziyasına "Bəziləri isti sevir, daha bu qədər də yox" adını verir və eyni zamanda filmdə nümayiş olunan yumorun "təmizliyinə və orijinallığına" şübhə ilə yanaşdığını bildirir. Filmin ekranlara çıxmasına baxmayaraq, əxlaq mühafizəkarları hələ uzun illər ona ayrı-ayrı hücumlar edirdilər[21]. Tənqidçi Cudit Krist (en) yazırdı:
Məhz "Bəziləri isti sevir" filmi ilə, ABŞ kinematoqrafiyasında mənəvi palçıq özünü göstərməyə başladı... Siz dərhal diqqətinizi ona yönəldirsiz ki, hər kobud və/və ya bayağı maskarad zarafatının daxilində homoseksualizm, transvestizm və ya buna bənzər digər pozğunluqlar yerləşdirilibdir. Hazırkı filmlərdə nümayiş olunan baş qəhrəmanların bütün şəhvət və seksual aludəçiliyi məhz bu cür "əsərlərdən" qaynaqlanmışdır[83].
Orijinal mətn (ing.)
It is in Some Like It Hot, made in 1959, that the smut starts to show… you start to notice that for every raucous and/or ribald masquerade joke there is another that involves a transvestite leer, a homosexual ‘in’ joke or a perverse gag. Here is the prurience, the perversion, the sexual sickness that is obsessing the characters and plots of our films. |
Bununla belə, komediya filminin "böyüklər üçün" olmasına baxmayaraq hətta rəsmi senzorlar da onun xüsusi zövqlə yaradıldığını bildirərək, çox yüksək xallar vermişdilər. Uaylderin janrlarla oynamağına və əxlaqa sərbəst müraciət etməyinə baxmayaraq, o, son nəticədə meynstrim üslublu və tamaşaçı kütləsinə ünvanlanacaq filmi yaratmaq qərarına gəlir. Zövqlər müxtəlifliyi çox dəqiq daxili qurulma çərçivəsinə salınmış və tamaşaçı diqqətini dəqiq idarə edən bir mexanizm yaradılmışdı. Əslində film yaradıcıların əsas ideyasına uyğun olaraq, filmdəki "yüksək temperatur" finala kimi azalmırdı — qəhrəmanlar son ana kimi ifşa olunmaq qorxusu ilə yaşayırdılar. Təxminən iki saatlıq film elə çəkilib ki, burada keçid səhnələri ümumiyyətlə yoxdur[53][38][56]. Ağ-qara qamma və səssiz kino estetikasına uyğun gələn görüntü və yüngül stilizasiya, dialoq, musiqi və hərəkat vasitəsilə ön plana çıxarılır və izləyicilərə həddindən artıq qənaətlə vizual vasitələr bəxş edilir[84][85]. Daxildən baş verən intriqaları qəhrəmanların homo- və heteroseksual başlanğıcının tutuşdurulması ilə bağlı seksual mətnaltı idarə edir. Filmin gedişatı zamanı, kişi və qadın arasındakı uçurumun sən demə elə də böyük olmadığı məlum olur[80]. Pərdə altı səhnə filmin dramaturgiyasına tamamlanmış səslənmə verərək, sanki izləyiciləri maskarad və məzhəkədən gerçəkliyə geri qaytarır. Uaylder uzun illərdən sonra film sonluğunu bu cür şərh etmişdir:
İnsanlar məndən daim soruşurdular ki, aktyor Co İ. Braunun filmin sonunda səsləndirdiyi "Hərənin öz çatışmamazlığı vardır!" replikasından sonra nə baş verə bilərdi? Amerikalı tamaşaçılar 1959-cu ildə hələ buna hazır deyildilər. Mən bəzən Bəziləri isti sevir filminin ideyasını gələcək illər üçün saxlamadığım və onu xeyli müddət sonra reallaşdırmadığıma görə xəcalət çəkirəm. Qız paltarlarını geyinən iki kişi, o dövr üçün çox cəsarətli mövzu idi. On ildən sonra biz daha da cəsarətli ola bilərdik. Ancaq film təkrar ekranlaşdırmaq üçün çox uğurlu idi. Mən şadam ki, bu cür mövzuda film çəkmək məhz mənə qismət oldu[22]. |
What happens after Joe E. Brown says, 'Nobody's perfect'?" Wilder said. "People ask me that. The American public wasn't ready for that in 1959. "Some Like It Hot" is a picture I sometimes wish I had saved and made later. It was a daring theme for its time, two boys dressing up as girls. Ten years later, we could have been bolder. But the picture was too successful for me to do the subject again. And I'm glad I did it, just the way I did.
Tənqidçilərin əksəri əsas və ikinci dərəcəli rolları canlandıran aktyorların oyununu filmin uğurunun əsas səbəblərindən biri kimi qiymətləndirirlər[78]. Filmin ekranlara çıxmasından bir qədər sonra filmin mənası və ssenarisi o qədər yaxşı alınıb ki, ulduzların filmdə yer almasına o qədər də ehtiyac qalmayıb[8], lakin dövrün əsas seks-simvolunun filmdə rol alması da öz işini görmüşdü. Tamaşaçıların əksəriyyəti Monroya baxmağa gəlirdilər[51]. "Bəziləri isti sevir" filmi ekranlara çıxdıqdan sonra, aktrisa, nəhayət, uzun illərdən sonra arzuladığına nail oldu — tənqidçilər onu tam dəyərli komediya aktrisası kimi qəbul edərək, onun oynadığı personaja müsbət rəylər verirlər[86]. İfaçılıq məharəti, kökündən dəyişilmə və texnika heç vaxt Merilin Monronun güclü tərəfi deyildi[85]. Onun əsas üstünlüyü özünə cəlb etmək qabiliyyətində idi, bu da onun anadangəlmə keyfiyyəti kimi baxılırdı. Filmdə nümayiş olunan cinslərin toqquşması və daha intim mətnaltı məsələləri məhz Merilin Monronun sayəsində gerçəklənmişdir. Müdafiəsizliyin və şəhvaniyyətin ələ alan əlaqələndirilməsi — rejissorlar yalnız buamilə görə, aktrisanı çox sevirdilər[80]. Monronun səhnədə ifa etdiyi "I Wanna Be Loved by You" solo mahnısını, Rocer Ebert "ekranda şəhvaniyyətin himni" adlandırmışdı. Stenli Kaufman (en) qeyd edirdi ki, hollivud aktrisaları (məsələn, Ceyn Mensfild) öz cazibədarlığının saxlanılmasına çox ciddi yanaşırdılar. Bu arada isə, Monro onun üçün təbii və ayrılmaz xüsusiyyət idi[85]. Bununla belə, Time jurnalı öz daha praqmatik yanaşması ilə seçildi; onlar Monronun erkən filmlərdə daha yaxşı fiziki formada olduğunu bildirirlər. Den Şnayder aktrisanın ifaçılıq məharəti haqqında kifayət qədər kəskin cavab verir, o, Monronu Avropanın məşhur aktrisası Bricit Bardo ilə müqayisə edərək, sonuncunun Uaylderin filmi üçün daha cazibədar variant olduğunu bildirmişdir[81][82].
Co — Cerri — Dana rejissor Uaylderin filmləri üçün tipik qəhrəmanların üçbucağını təşkil edir[63]. Öz növbəsində, Lemmon və Körtis — Cerri Lyuis və Din Martin üslubunda klassik ekran komediya cütlüyüdürlər: qəhrəman-məşuq və komik kütbeyin[51]. Bu halda onlar obrazın ikinci tərəfini də işləməyə, həmçinin hər birinin qadına çevrilməsinin yolunu tapmağa məcbur idilər. Yöndəmsiz və qoçaq Dafna. Ciddi görünməyə çalışan eleqant Jozefina[24]. Hələ o dövrdə, tənqidçi Riçard Armstronq bütün performansların içərisində məhz Cek Lemmonun aktyorluq oyununu bəyənmişdi. Əgər bütün qalan personajlar 1920-ci il filmlərindəki obrazların parodiyasını oynayırdılarsa, yalnız Lemmon əsas personajlar içərisində şəxsi və tamamilə orijinal yanaşmaya malik idi[24]. Aktyorun əsas işi, dramatik və komediya istedadının uyğunlaşdırılması idi — bu, onun karyerasında ən müvəffəqiyyətli fəaliyyət idi[79]. Polina Keyl Lemmonun oyununu "iblisanə gülməli" adlandırmışdı[61]. Öz imkanlarına görə cütlükdə daha təvazökar görünən Körtis, məhz partnyorun sayəsində öz səviyyəsinin üzərinə yüksəldi[85]. Filmdə ikincidərəcəli rolları oynayan aktyorlar dəqiq seçilmişdir, onlardan heç biri izləyici təəssüratını korlamır[54]. Bununla belə, praktiki olaraq bütün əhəmiyyətli ikincidərəcəli personajlar — Raft, O'Brayen, Braun, Persoff və başqaları, filmdə demək olar ki, özlərinə ünvanmış parodiyaları oynayırdılar və buna görə rejissor tərəfindən onların qarşısına qoyulan tapşırıqlar o qədər də mürəkkəb deyildi[4].
Dəyişikliklər dövründə çəkilmiş film bütovlükdə komediya kinosunun və kinematoqrafın estetikasına təsir etmiş hadisə və mədəni fenomen oldu[23]. Dəqiq hesablama nəticəsində yaradılmış komediyanın müvəffəqiyyəti təsadüfi deyildi. Filmin təsiri ilə müstəqil prodüserləşdirmə şəraitində ABŞ kinomatoqrafiyası üçün standarta çevrilmiş yeni yanaşma formalaşmağa başladı[5]:
Hər şeydən əvvəl, yaradacılar yaxşı nəticə göstərən və Almaniya kinobazarında müsbət qarşılanan epataj mövzuya yönəlirdilər; təhlükəlilik həddində olan bu mövzu həmin dövrdə cəmiyyət tərəfindən qəbul olunmurdu. Uaylderin filmi Xeys Kodeksi çərçivəsində bəyənilməmişdir, ancaq buna baxmayaraq o, yenə də ekranlara buraxılmışdır (nümayiş zamanı titrlərdə MPAA-nın adi loqotipi yox idi və bu da kodeksin de-fakto köhnəldiyini sübut edirdi). "Qəflətən, keçən yay", "Şimal-qərbdən şimala" və "Bəziləri isti sevir" filmləri qadağan edilmiş mövzulara yeni baxışın öngörücüsü və 1960-cı illərin ortalarında senzura məhdudiyyətlərinin gələcək ləğvinin səbəbkarı oldular[39].
Xarici filmin ssenarisi sadəcə filmə uyğunlaşdırılmamışdı, həm də ABŞ auditoriyası üçün yaxın olan müzikl və qanqster filmi janrılarına uyğunlaşdırılmışdı[5]. 1957-ci ilin statistikasına görə 72 % ABŞ izləyiciləri 30 yaşa qədər olan insanlar idi, çəkiliş heyəti də məhz gənc auditoriyaya diqqət yönəltmişdi. Filmin əhəmiyyətli təşkili, onun bazara irəliləyişi oldu. Yaradıcılar filmin obrazına təkrarolunmazlığı və əvəzedilməzliyi verməyə çalışırdılar. Belə ki, filmin başlıq şəklinin dizaynı və posterlərin yaradılması üçün marketinq kampaniyası çərçivəsində qrafik dizayn üzrə məşhur mütəxəssis Sol Bass cəlb edilmişdir[5]. Prodüserlər qabaqcadan nəzərdə tuturdular ki, müvəffəqiyyət halında film mediafranşizanın başlanğıcını qoya bilər. 1959-cu ildə Monro və Lemmonun ifasında filmin saundtrek albomu satışa buraxılmışdır[5]. NBC telekanalı isə, filmi nümayiş etmək üçün spin-off hüquqlarını əldə etmişdir. 1961-ci ildə eyni adlı serialın çəkilişləri başlandı, buradakı pilot epizodunda kameo-rolları üçün Körtis və Lemmon dəvət edilmişdir. Gözəlçə Dana rolunu Tina Luiz oynamışdır, amma pilot serial, izləyicilərdən çoxlu sayda mənfi rəy aldığından efirə tam olaraq buraxılmamışdır[25].
"Bəziləri isti sevir" filminin çəkilişləri zamanı istifadə edilmiş yanaşma, gələcəkdə Miriş qardaşlarına məxsus şirkətin başqa məşhur filmlərində ("Mükəmməl yeddilik", "Vestsayd tarixi") və bütovlükdə bütün sənayedə müvəffəqiyyətlə istifadə edilmişdir. Lemmon və Körtis üçün film hollivud iyerarxiyasının lap yuxarı pilləsinə buraxılış oldu[27]. Komediya Uaylderin, Daymondun və Lemmonun birgə və müvəffəqiyyətli işlərinin tam başlanğıcı oldu: onların birgə səyi ilə "Mənzil", "Zərif İrma" və "Uğurun şövqü" adlı filmlər ekranlaşdırılmışdır. Onların yaradıcılığı Hollivudun tarixində ən uzunsürən yaradıcılıq ittifaqlarından birinin nümunəsi oldu[23]. Merilin "Bəziləri isti sevir" filmini sevmirdi və burada işlədiyi dövrü yada salarkən kədərlənirdi. Çəkilişlər bitirdikdən sonra, 16 dekabr 1958-ci ildə Monroda qəflətən düşük baş verir və onun bir daha uşağı olmur[30][35].
Qrauço Marks və Pol Verhoven filmi öz sevimli komediyası adlandırırdılar[22][87]. Film dəfələrlə "Ən yaxşı əsər" siyahılarına daxil edilirdi. Riçard Korliss 2005-ci ildə "Bəziləri isti sevir" filmini Time jurnalının versiyasına görə (1923–2005) 100 ən yaxşı film siyahısına daxil etdi[88]. 2000-ci ildə isə AFI-nin versiyasına görə yüzlərlə ən gülməli film içərisindən iki qalib yerə yalnız "Bəziləri isti sevir" və "Tutsi" filmləri layiq görülmüşdür. Uaylerin komediyası xeyli (yetərincə) dərəcədə impersonasiya və paltar dəyişməklə (cross-dressing) bağlı yaranmış film janrlarının ənənələrinə təsir göstərməyi bacarmışdır. Onların içərisində "Viktor/Viktoriya" (həmçinin daha erkən alman filminin adaptasiyası), "Yentl", "Missis Dautfayr", "Şouda yalnız qızlar" və başqa bu kimi işləri qeyd etmək olar[38][70][84]. Brodveydə 1972-ci ildə filmin motivləri əsasında "Sugar" (en) adlı müzikl səhnələşdirilmişdir (onun nümayişi 1973-cü ilin iyununa qədər davam etmişdir). 2001-ci ildə müzikl artıq eyni "Bəziləri isti sevir" adıyla səhnədə bərpa edilmiş, Toni Körtis isə burada Osquda Fildinq rolunu oynamışdır. Müzikl qısa zaman ərzində populyarlıq əldə etmiş və dünyanın bir çox ölkələrində nümayiş olunmuşdur[89].
Mərasim vaxtı | Mükafar | Kateqoriya | Resipiyent və nominantlar | Nəticə |
---|---|---|---|---|
23 avqust — 6 sentyabr 1959-cu il[90] | Venesiya Film Festivalı | Qızıl şir | Bəziləri isti sevir | Namizəd |
dekabr 1959-cu il[91][92] | ABŞ kinotənqidçilərinin Milli Şurası | On ən yaxşı film | Bəziləri isti sevir | Qazandı |
6 fevral 1960-cı il[93][94] | ABŞ rejissorlar gildiyasının mükfatı | Bədii filmdə rejissorların görkəmli nailiyyətləri | Billi Uaylder | Qazandı |
1960-cı il[95] | Britaniya Akademiya Film mükafatı | Ən yaxşı film üzrə BAFTA mükafatı | Bəziləri isti sevir | Namizəd |
Ən yaxşı xarici aktyor və ən yaxşı kişi rolu | Cek Lemmon | Qazandı | ||
10 mart 1960-cı il[96][97] | Qızıl Qlobus mükafatı | Komediya və ya müzikl filmində ən yaxşı aktyor | Cek Lemmon | Qazandı |
Komediya və ya müzikl filmində ən yaxşı aktrisa | Merilin Monro | Qazandı | ||
Komediya və ya müzikl filmində ən yaxşı əsər | Bəziləri isti sevir | Qazandı | ||
4 aprel 1960-cı il[98] | Oskar mükafatı | Ən yaxşı rejissor | Billi Uaylder | Namizəd |
Ən yaxşı aktyor | Cek Lemmon | Namizəd | ||
Ən yaxşı kinematoqrafiya (ağ-qara filmdə) | Çarlz Lenq, Cr. | Namizəd | ||
Ən yaxşı art-direktor (ağ-qara filmdə) | Ted Hevort (Art-direktor), Edvard C. Boyl (Dekorasiya qurucusu) | Namizəd | ||
Quruluşçu rəssamın ən yaxşı işi (ağ-qara filmdə) | Orri-Kelli | Qazandı | ||
Ən yaxşı adaptasiya olunan ssenari | Billy Wilder, İ. A. L. Daymond | Namizəd | ||
6 may 1960-cı il[99][100] | ABŞ ssenariçilər gildiyasının mükafatı | Ən yaxşı komediya müəllifi | Billi Uaylder, İ. A. L. Daymond | Qazandı |
28 sentyabr 1960-cı il[101] | Laurel mükafatı | Komediya filmində ən yaxşı qadın performansı | Merilin Monro (2-ci yer) | Qazandı |
Komediya filmində ən yaxşı kişi performansı | Cek Lemmon (2-ci yer) | Qazandı | ||
Ən yaxşı komediya filmi | Bəziləri isti sevir (3-cü yer) | Qazandı | ||
1960-cı il[101][102] | Bembi mükafatı | Ən yaxşı beynəlxalq aktyor | Toni Körtis (2-ci yer) | Namizəd |
Mükafat və nominasiyalar üzrə daha geniş məlumat imdb.com saytında təqdim olunub[103].
Filmin VHS-də nəşri 1983-cü ildə, LaserDisc formatında isə, 1989-cu ildə həyata keçirilmişdir[80][104]. DVD-də birinci nəşr 2001-ci ildə MGM DVD şirkəti tərəfindən hazırlanmışdı. Burada rəqəmli emal olmadan ilkin formatın nazik plyonkaya daşınması həyata keçirilmişdir, bu da təsvirin keyfiyyətinə mənfi təsir göstərmişdir[105]. Filmin rəqəmli surətinin formatı — 1,66:1, prokatda nümayiş olunan versiyanın formatı isə 1,85:1 idi[6]. 2006-cı ildə daşıyıcıların BR-da nəşri həyata keçirilmişdir, bununla əlaqədar olaraq bütün materiallar remasterinqə məruz qalmışdır. Əlavə materialların dəsti 2001-ci ilin variantını praktiki olaraq köçürürdü. 1080p/AVC formatına təsvirin keyfiyyəti və rəqəmsal transferi bütovlükdə mütəxəssislər tərəfindən qənaət-bəxş olaraq qəbul edilmişdir; yalnız qarajda güllələmə səhnəsində keyfiyyətin bir qədər pisləşməsini qeyd etmək olar. Son montaj vaxtı filmdən kəsilmiş bir səhnə (qatarda epizod, 1 dəqiqə) günümüzə qədər saxlanılmamışdır, həmin səhnəni yalnız ayrıca olaraq kadrlar şəklində görmək olar[56][106].
Əlavə materialların diskində sənədli filmlərin geniş kolleksiyası, yaradıcıların müsahibələri, filmin istehsalı zamanı rəngli çəkilişlərin mwhafizə olunmuş fraqmentləri saxlanılır. Uaylder və Daymondun qısa müsahibələri filmin 25 illik yubileyi qeyd edilərkən (yəni 1984-cü ildə) yazılmışdır. Hollivudda baş vermiş apokrifik hekayələri məhz bu diskdə dinləmək olar[80]. Materiallar içərisində Toni Körtisin kinotənqidçi Leonard Maltin "Nostalgic Look Back"-lə ("Nostalji baxış") 2001-ci ildə Formosa adlı restoranda baş tutmuş 30-dəqiqəlik söhbətini xüsusilə qeyd etmək olar; məhz bu restoranda bir zamanlar çəkiliş qrupunun üzvləri dincəlməyi sevirdilər. Əlavə materiallar sırasına dəfələrlə təkrarlanan informasiya, filmin çəkilişlərinə uzaqdan əlaqəyə malik olan insanların hekayələri və Cek Lemmonun və Billi Uaylderin iştirakı ilə çox az sayda kadrlar daxildir[105].