Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999) — 1999-cu ilin fevral ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş təkrar və yeni parlament seçkiləri.
Azərbaycanda təkrar və yeni parlament seçkiləri | ||||
---|---|---|---|---|
21 fevral 1999 | ||||
Seçici fəallığı | 63.97% | |||
Rəhbər | Heydər Əliyev | |||
Partiya | Yeni Azərbaycan Partiyası | |||
Tutulan yerlər | 1 | |||
Səslər | 40 548 (66.27%) |
1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 11 saylı Üçüncü Xətai seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat, Milli Məclisin sədri Rəsul Quliyev 1996-cı ildə sədr vəzifəsindən istefa etmək üçün Milli Məclisə ərizə yazaraq Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir. İstefa ərizəsinə Milli Məclis tərəfindən 11 sentyabr 1996-cı il tarixində baxılmış və ərizə qəbul edilmişdir.[1] Rəsul Quliyev haqqında 1997-ci il dekabr ayının 16-da Milli Məclisin iclasında xüsusi qərar qəbul olunmuşdur. Belə ki, o, Milli Məclisin sədri vəzifəsindən istefaya getdikdən sonra bir il üç ay müddətində Milli Məclisin iclaslarında iştirak etməmişdir. Bu vaxt ərzində o, Milli Məclisə iclasları buraxmasının səbəblərini izah edən heç bir sənəd təqdim etmədən Milli Məclisin 1996-cı ilin payız sessiyasında, 1997-ci ilin yaz və növbədənkənar sessiyalarında, həmçinin 1997-ci ilin payız sessiyasının əvvəlindən 1998-ci ilədək keçirilmiş 80 iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Əlavə olaraq, Rəsul Quliyev özü haqqında, harada olduğu və nə ilə məşğul olduğu barədə Milli Məclisə heç bir məlumat verməmiş, seçiciləri ilə görüşməmiş və Milli Məclislə əlaqəsini tam itirmişdir. Bu səbəbdən Milli Məclisin 16 dekabr 1997-ci il tarixli iclasında alınan qərarla Rəsul Quliyev deputat səlahiyyətlərini itirmiş hesab olunmuşdur.[2] Həmçinin 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Səməd oğlu Vəkilov 17 avqust 1998-ci il tarixində ölmüşdür.[3] Hər iki deputatdan boşalan yerlər üçün təkrar və yeni seçkilər təyin olunmuşdur.
Deputat Rəsul Quliyevdən boşalan yer üçün əvvəlcə Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı ilə 26 iyul 1998-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur.[4] Lakin daha sonra deputat Yusif Səmədoğlundan və deputat Rəsul Quliyevdən boşalan yerlər üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 11 saylı Üçüncü Xətai seçki dairəsi üzrə 21 fevral 1999-cu il tarixinə təkrar, 19 noyabr 1998-ci il tarixli 20 nömrəli fərmanı ilə isə 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə 21 fevral 1999-cu il tarixinə yeni seçkilər təyin olunmuşdur.[5]
Seçkilərdə Azərbaycan Demokratik İstiqlal Partiyası və Yeni Azərbaycan Partiyası iştirak qərarı almışdır. 18 yanvar 1999-cu il tarixində Mərkəzi Seçki Komissiyası hər iki dairə üzrə namizədlərin siyahısını açıqlamışdır.
11 saylı Üçüncü Xətai seçki dairəsi üzrə deputatlığa 3 namizəd olmuşdur. Onlardan ikisi Azərbaycan Demokratik İstiqlal Partiyası, biri isə Yeni Azərbaycan Partiyası üzvü olmuşdur. Azərbaycan Demokratik İstiqlal Partiyası üzvlərindən Bakı Dövlət Universitetinin professoru Maksim Abramoviç Abramov və "Respublika" qəzetinin baş redaktorunun müavini, Azərbaycan Demokratik İstiqlal Partiyasının baş katibi Qafar Qələndər oğlu Mehdiyev deputatlığa namizəd olmuşdur. Yeni Azərbaycan Partiyasından isə Bakı Dövlət Universitetinin dosenti Tofiq Həsən oğlu Hüseynov deputatlığa namizəd olmuşdur.[6]
26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə isə deputatlığa iki namizəd olmuşdur. Onlardan biri bitərəf, digəri isə Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Bitərəf namizəd Bəhdaş Ənvərpaşa oğlu Nəbiyev, Yeni Azərbaycan Partiyası üzvü olan namizəd isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zakir Həsən oğlu Sərdarov olmuşdur.[7]
Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 24 fevral 1999-cu il tarixində 106/403 nömrəli qərarla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 fevral 1999-cu il tarixində qərara baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 11 saylı Üçüncü Xətai seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Tofiq Hüseynov, 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə isə Yeni Azərbaycan Partiyası üzvü Zakir Sərdarov deputat seçilmişdir.[8][9]
11 saylı Üçüncü Xətai | 26 saylı Birinci Nəsimi | Cəmi | |
Seçici | 48 026 | 47 620 | 96 646 |
Səs | 26 695 | 31 494 | 61 189 |
Seçici aktivliyi | 61.8% | 66.1% | 63.97% |
Deputat sayı | 1 | 1 | 2 |
Partiya | Sədr | Topladığı səs | Səs faizi (%) | Mandat sayı | |
---|---|---|---|---|---|
Yeni Azərbaycan Partiyası | Heydər Əliyev | 40 548 | 66.27 | 2 | |
Azərbaycan Demokratik İstiqlal Partiyası | Mübariz Qurbanlı | Vaqif Kərimov | 7 228 | 11.81 | 0 |
Bitərəf | - | 13 413 | 21.92 | 0 | |
Ümumi | 61 189 | 100.00 | 2 |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Demokratik İstiqlal Partiyası | Qafar Mehdiyev | ? | ? |
Azərbaycan Demokratik İstiqlal Partiyası | Maksim Abramov | ? | ? |
Yeni Azərbaycan Partiyası | Tofiq Hüseynov | 24 266 | 77.5 |
Cəmi | 31 494 | 100.00 |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf | Bəhdaş Nəbiyev | 13 413 | 44.4 |
Yeni Azərbaycan Partiyası | Zakir Sərdarov | 16 282 | 55.6 |
Cəmi | 29 695 | 100.00 |