Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov;[1] 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı,[2] "Monitor" jurnalının yaradıcısı və baş redaktoru.[3] Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi.[4][5]
Elmar Hüseynov | |
---|---|
| |
Doğum tarixi | 17 iyul 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2005 (37 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | Ruşaniyyə Hüseynova |
Uşağı | oğlu: Aslan |
Atası | Sabir Hüseynov |
İxtisası | Mühəndis-hidrotexnik |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri Universiteti |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib.[5][6] Çoxsaylı ölüm təhdidləri alan[5] 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.[5][7][8] Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub.[4] Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır.[9] Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.[8][5]
Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb.[2] Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.[2][10]
Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985–1987-ci illərdə sovet ordusunda xidmət edib.[2]
O, 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə Azərbaycanda Xudafərin SES-in tikintisində və Rusiyada nəhəng Boquçan SES-in tikintisində çalışıb.[2]
Elmar Hüseynov 1995-ci ildə Rusiyadan Azərbaycana qayıdıb və burada jurnalist fəaliyyətinə başlayıb. Çox keçmədən "Zerkalo" qəzeti ilə əməkdaşlıq etməyə dəvət olunub.[2]
Elə həmin ildə Elmar Hüseynov "Trend" Analitik İnformasiya Agentliyini və həftəlik "Alver" qəzetini yaradır. O, 1996-cı ildə "Geoiqtisadi araşdırmalar mərkəzi"nin yaradılmasında iştirak edir. Elmar Hüseynov 1996-cı ildə ayda bir dəfə çıxan "Monitor" ictimai-siyasi jurnalını təsis edir. Bu jurnalın materialları kəskin tənqidi və cəsarəti ilə seçilirdi.[2]
1998-ci ilin yazında Bakı şəhər məhkəməsi üç tarixçinin iddiası əsasında Elmar Hüseynovu "Azərbaycan millətini təhqir etməkdə" ittiham edib və "Monitor" jurnalını 16 min manat[10] cərimə edib. Jurnal cəriməni ödəyə bilmədiyindən fəaliyyətini dayandırmalı olub.[2]
1998-ci ilin avqustunda Elmar Hüseynov həftəlik "Bakı bulvarı" qəzetini, 1999-cu ilin noyabrında isə həftəlik "Bakinskie vedomosti" qəzetini təsis edir. "Bakinskie vedomosti" qəzeti hədələr nəticəsində ancaq səkkiz nömrə çap edə bilir.[2]
2000-ci ilin fevralında Hüseynov həftəlik "Monitor weekly" jurnalının baş redaktoru və naşiri olur. Bu jurnalın yalnız on nömrəsi işıq üzü görür. Ciddi təzyiqlərdən sonra jurnalın yayımı dayandırılır. Elmara isə vergidən yayınma faktı ilə bağlı cinayət işi açılır, lakin vergi orqanları vergidən yayınma faktını sübut edə bilmədiyindən işə xitam verilir.[2]
6 sentyabr 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "şərəf və ləyaqətinin təhqir olunması və böhtan" iddiası əsasında məhkəmə "Bakı bulvarı" qəzetinin bağlanması barədə qərar qəbul edib. Qəzetin naşiri Elmar Hüseynov isə altı ay müddətinə azadlıqdan məhrum edilib. Amma bir ay sonra beynəlxalq təşkilatların və ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılıb.[2]
Elmar Hüseynov və onun əməkdaşları bir neçə ay işsiz qalıb. 2002-ci ilin aprelindən isə Hüseynov yenidən "Monitor" jurnalını buraxmağa başladı. Jurnal ilkin olaraq aylıq, sonra isə həftəlik formatda nəşr olundu. 2005-ci ilin yazında "Monitor" jurnalı artıq Azərbaycanda ən nüfuzlu nəşrlərindən biri idi.[2]
Elmar Hüseynov 2002-ci ildə Rüşanə Hüseynova ilə ailə həyatı qurub.[11] Cütlüyün 29 oktyabr 2003-cü ildə Aslan adlı oğulları dünyaya gəlib.[12] Aslanın adı azərbaycanlı hüquqşünas Aslan İsmayılovun şərəfinə qoyulub.[13] Rüşanə Hüseynova Elmardan sonra ikinci dəfə ailə həyatı qurmayacağını bildirib.[14]
Elmar Hüseynovun ölümündən bir il sonra ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.[2][10] 2023-cü ildə — 17 ildən sonra Rüşanə Hüseynova oğlu, 17 yaşlı Aslanla birlikdə Azərbaycana qayıdıb. Onlar Elmar Hüseynovun məzarını ziyarət etməklə yanaşı, Şuşaya da səfər ediblər.[15]
Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı bir sui-qəsd nəticəsində qətlə yetirilib.[5][6] Çoxsaylı ölüm təhdidləri alan[5] 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən[2] odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib.[17][5][7][8]
Hüseynova yeddi güllə atılıb. Ekspertizanın nəticələrinə görə, atılan yeddi güllədən biri havaya atılıb, ikisi bədəninə sürtülərək yan keçib, dörd güllə isə bədəninin müxtəlif nahiyələrinə dəyib. İki güllə Elmarın qarnına, biri ürəyinə, biri isə ağzına vurulub.[18] Ürəyinə dəyən güllə Hüseynovun həyatına son qoyub.[18]
Hadisə yerindən təxminən 150 metr aralıda səsboğucusu olan "PSM" markalı tapança götürülmüşdür.[17][18] Ekspertiza güllələrin məhz tapılan "PSM" markalı tapançadan atıldığını müəyyən etmişdir.[16]
Elmar Hüseynovun atası Sabir Hüseynov və xanımı Rüşanə Hüseynova hadisədən az əvvəl işıqlarının, qətldən sonra isə mobil və şəhər telefonlarının kəsildiyini bildiriblər.[18]
Martın 4-də Elmar Hüseynovun dəfn mərasimi baş tutub.[20][21] Dəfndən öncə Azərbaycan Milli Elmlər Akademiyasının böyük zalında jurnalistlə vida mərasimi keçirilib.[21] Elmar Hüseynovun Azərbaycanın dövlət bayrağına bürünmüş tabutu saat 12:00-dən başlayaraq ziyarət olunmağa başladı.[21] Jurnalistlə vida mərasimə minlərlə adam gəlib.[20] Onların arasında Azərbaycan və xarici kütləvi informasiya vasitələri, ictimai-siyasi, hüquq-müdafiə təşkilatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və hökuməti təmsil edən şəxslər də var idi.[21]
Saat 15:00-da ziyarət sona çatıb və çıxışlar başlanıb.[21] Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Monitor" jurnalının əməkdaşı Eynulla Fətullayev, ABŞ-nin Azərbaycandakı səfiri Rino Harniş və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış edənlər arasında olublar.[21]
Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılara qəbiristanlığa avtobuslarla getməyi təklif etsə də, mərasimdə iştirak edənlər bundan imtina ediblər.[21] İnsanlar jurnalistin tabutunu Azərbaycan Milli Elmlər Akademiyasından qəbiristanlığa qədər çiyinlərində, piyada aparıblar.[22] Elmar Hüseynov İkinci Fəxri Xiyabanda dəfn olunub.[23][24]
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, dəfnin keçirilməsi üzrə bütün xərcləri Bakı Şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb.[20]
Qəsdən adam öldürmə faktına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmış, Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.[17]
2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub.[19] Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-nin Federal Təhqiqat Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsilə birgə əməkdaşlıq çərçivəsində aparılıb.[19]
2005-ci il mayın 20-də istintaq qətldə şübhəli bilinən daha bir şəxsin adını açıqlayıb — yenə Gürcüstan vətəndaşı olan Teymuraz Əliyev.[19]
2005-ci ilin may ayında Rəsmi Bakı Gürcüstan hakimiyyətinə müraciət edərək şübhəli bilinənlərin verilməsini tələb edib.[27] Lakin 28 iyul 2005-ci ildə Gürcüstan Baş Prokurorluğu Tahir Xubanov və Teymuraz Əliyevi Azərbaycana təhvil verməkdən imtina edib. Tbilisi Bakıdan cinayət işinin materiallarını istəyib və təqsirləri təsdiqini taparsa, şübhəli şəxslərin saxlanılacağını və Gürcüstanda məhkəməyə çıxarılacağını bildirib.[10] Rəsmi Bakı buna cavab verməyib.[10]
26 iyul 2005-ci ildə Bakının Nizami rayon Məhkəməsi Tahir Xubanov və Teymuraz Əliyev üçün mobil telefon və nömrə almaqda təqsirli bilinən Turqay Bayramovu 2 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bayramov cəzasını çəkdikdən sonra azadlığa çıxıb.[10]
25 iyul 2006-cı ildə[10] cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. O, jurnalist Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin sifarişi ilə öldürdüyünü demişdir. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.[10][29]
13 aprel 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətli ilə bağlı istintaqa dair hökmündə, 4 əsas məqamı[Qeyd 1] vurğulayaraq, Azərbaycanı jurnalistin yaşamaq hüququnu pozmaqda təqsirli sayıb.[6] Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.[6][30]
Elmar Hüseynovun qətlindən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.[8][5]
29 mart 2005-ci ildə Elmar Hüseynov adına Fond yaradılıb. Təsisçiləri jurnalist təşkilatları olan fondun prezidenti Elmar Hüseynovun həyat yoldaşı Rüşanə Hüseynova seçilib.[31][32]
2007-ci ilin oktyabrında ABŞ-nin Azərbaycan səfirliyi və "Elmar Hüseynov Fondu" jurnalistlər üçün "Elmar Hüseynov Mükafatı" təsis edib.[33] Mükafat Fondunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.[34]
2011-ci ildə azərbaycanlı jurnalist Azər Qaraçənli Elmar Hüseynova həsr etdiyi — "Elmar Hüseynov" adlı elektron kitabını təqdim edib.[35]
2013-cü ildə "Art for Democracy" (azərb. "Demokratiya naminə incəsənət") hüquq-müdafiə təşkilatı Elmar Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə ona mahnı həsr edib. "Tengri" rok qrupunun ifasında səslənən mahnı "Yad" adlanır.[36][37]
2015-ci ildə azərbaycanlı rəssam və illüstrator Gündüz Ağayev "Təsəvvür et" adlı layihəsini təqdim edib. Bu layihədə o, uşaqların müxtəlif səbəblərdən yaşamalı olduqları faciəli və dəhşətli hadisələrə sülh və sevgi ilə dolu olan öz versiyasını təqdim edib. Layihədə Elmar Hüseynovla oğlu Aslana həsr olunan illüstrasiya da yer alıb.[38]
2016-cı ildə Avropadan yayımlanan "Azərbaycan saatı" proqramı Elmar Hüseynov haqqında "Убийство слова" (azərb. "Sözün qətli") adlı sənədli film çəkib. Film jurnalistin qətlinin 11 illiyinə həsr olunub.[39]
2018-ci ilin martında, Elmar Hüseynovun ölümünün 13-cü ildönümündə "Monitor" jurnalının xüsusi buraxılışının təqdimatı keçirilib. Jurnalda ictimai və siyasi xadimlərin jurnalistə həsr etdikləri məqalələr, onun haqqında xatirələr, həmçinin Elmar Hüseynovun Azərbaycan dilinə tərcümə olunmuş məqaləsi yer alıb.[40]
Şəxslər portalı Jurnalistika portalı Azərbaycan portalı |