Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonununViravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Qeyd 1: Şəki rayonu 8 avqust 1930-cu ildə Nuxa rayonu adı ilə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə Nuxa rayonu ləğv edilərək Vartaşen rayonuna birləşdirilmişdir. Həmçinin eyni tarixdə Nuxa şəhəri respublika tabeli şəhərə çevrilmişdir. 6 yanvar 1965-ci ildə mərkəzi Nuxa şəhəri olmaqla yenidən müstəqil Nuxa rayonu təşkil edilmişdir. Qeyd 2: 9 mart 1966-ci ildə Nuxa Şəhər Soveti və Nuxa Rayon Soveti vahid Nuxa Şəhər Soveti adı altında birləşdirilmişdir. Bu tarixdən Nuxa rayonu və Nuxa şəhərinə Nuxa Şəhər Soveti xidmət göstərmişdir. 1991-ci ildən etibarən isə Şəki Şəhər İcra Hakimiyyəti həm Şəki rayonuna, həm də Şəki şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Şəki rayon və Şəki şəhər xalq deputatları sovetləri vahid Şəki Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir.
Qeyd 1: Lənkəran rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Astara rayonu 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. 28 iyul 1971-ci ildə Lənkəran şəhəri respublika tabeli şəhər statusu almışdır. Qeyd 2: 1991-ci ildən etibarən isə Lənkəran Şəhər İcra Hakimiyyəti həm Lənkəran rayonuna, həm də Lənkəran şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Lənkəran rayon və Lənkəran şəhər xalq deputatları soveti vahid Lənkəran Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir.