Malhun Xatun

Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun[1][2] (оsmanlı türkcəsi: مال خاتون‎, türkcə: Malhun Hatun) (XIII əsr1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı.

Malhun Xatun

оsmanlı türkcəsi: مال خاتون‎

türkcə: Malhun Hatun
Şəxsi məlumatlar
Doğum tarixi XIII əsr
Vəfat tarixi
Vəfat yeri Bursa, Osmanlı imperiyası
Dəfn yeri Malhun Xatun türbəsi, Biləcik, Türkiyə
Milliyyəti türk
Vətəndaşlığı Osmanlı imperiyası
Fəaliyyəti əsilzadə
Atası Ömər bəy
Həyat yoldaşı I Osman
Uşağı

I Orxan

Çoban bəy

Məlik bəy

Bazarlı bəy

Həmid bəy

Fatma xatun
Ailəsi Osmanlı xanədanı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir.[3] 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir.[4] Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir.[5] Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir.

Malhun Xatunun həyatı və kimliyi haqqında heç bir məlumat yoxdur. İlk Osmanlı mənbələrində onun adı "Mal Xatun" və ya "Malhun Xatun" olaraq yazılmışdır və ondan tez-tez Osman bəyin həyat yoldaşı, Şeyx Ədəbalının qızı və Orxanın anası kimi bəhs edilir.[6][7][8][9] Onun Orxan bəyin anası olma ehtimalı varsa da, Şeyx Ədəbalı ilə heç bir əlaqəsinin olmadığı dəqiqdir. Osmanlı tarixinin bu günə qədər gəlib çatan ilk sənədlərindən biri olan 8-18 mart 1324-cü il tarixli Məkəcə vəqf nizamnaməsinin şahidləri arasında göstərilən Malhun Xatunun adı "Mal Xatun Ömər bəy qızı" kimi qeyd edilmişdir. Bu, onun Osman bəylə bağının olduğunu açıq şəkildə göstərir. Çünki burada şahidlər qeyd edilərkən əvvəlcə Osman bəyin oğulları (Çoban, Məlik, Həmid, Bazarlı) və qızının (Fatma), daha sonra Ömər bəyin qızı Mal Xatunun, Məlikin qızı Mələk və Ağbaşlı qızı Əfəndirənin adları çəkilirdi. Bu son üç xanımın Osman bəy və Orxan bəyin həyat yoldaşları olma ehtimalı üzərində müzakirələr aparılmışdır. Malhun Xatunun adının ilk sırada qeyd olunmasının onun Osman bəyə uşaq verən və adı kağızda qeyd olunan zaman həyatda olan xanımı olmasına dəlalət etdiyi əsas gətirilir. Bu mənbəyə və Osmanlı tarix ənənələrinə istinad edən rəvayətlər də buna dəlalət etdiyi üçün Malhun Xatunun Orxan bəyin anası olduğu hamılıqla qəbul edilmişdir.[10] Ancaq bu məlumat tam dəqiqlik qazanmamışdır. Sənəddə Malhun Xatunun atası olaraq qeyd olunan Ömər bəyin kimliyi tam bəlli olmasa da, onunla bağlı da bəzi təxminlər yürüdülmüşdür.[6][7][8][9][11] Bu təxminlərə görə Ömər bəy Osman bəy ilə yaxından əlaqəsi olan Umurlu bəyliyinin qurucusu Ömər (və ya Umur) bəydir.[7][11] Bununla bərabər Umur və Ömər adlarının yazılma şəkillərinin bir-birindən fərqli olması, onun Osman bəyə bağlı öndə gələn idarəçi və ya hərbçi qulluqçulardan və ya tayfa quruluşu içində Osman bəylə birgə hərəkət edən bəylərdən birinin ola biləcəyi ilə bağlı tarixçiləri düşündürmüşdür. Yəni Malhun Xatun cariyə kökənli yox, önəmli bir şəxsin qızıdır. Bundan əlavə, Malhun Xatun haqqındakı digər məlumatlar ilk Osmanlı mənbələrinin doğru olub olmadığı mövzusunda dərin şübhələr oyandıran rəvayətlərə söykənir.

40 ildən çox müddətdə Malhun Xatunla evli olan Osmanlı imperiyasının qurucusu I Osman

İlk Osmanlı tarixçilərindən Aşiqpaşazadə Malhun Xatunu Şeyx Ədəbalının qızı olaraq qeyd edir və Osmanın gördüyü yuxunu böyük bir dövlətin yaranışının müjdəçisi olaraq yozan Şeyx Ədəbalının Osman bəyə qızını verdiyini yazır.[12] Orxan bəyin də onun oğlu olduğunu bildirir. Bundan əlavə, Şeyx Ədəbalı ilə Malhun Xatunun bir-iki ay ara ilə vəfat etdiklərini və onlardan 3 ay sonra vəfat edəcək olan Osman bəyin hər ikisini Biləcikdə öz əlləri ilə dəfn etdiyini də əlavə edir. Bu məlumat doğrudursa, Orxan bəyin anasının 1324-cü ildə vəfat etməsi də təsdiqlənir.[13] Lakin bu rəvayət eyni tarixdə yazılan Məkəcə vəqf nizamnaməsində təkzib olunur.[14] Çünki burada Malhun Xatunun adının yer alması onun Osman bəydən sonra öldüyünü açıq şəkildə göstərir. Bununla bərabər, Şeyx Ədəbalının qızının adını Rəbiə və Bala Xatun olaraq fərqli şəkildə qeyd edən tarixçilər də vardır. Ancaq Bala Xatun adının yazılışının Malhun Xatunun adının yazılması zamanı buraxılan bir səhv ilə əlaqələndirirlər. Oruc bəy təkidlə Aşiqpaşazadənin "Tarix" kitabını oxumuş olmasına baxmayaraq Şeyx Ədəbalının qızı olan Orxanın anasının adını Rəbiə Xatun olaraq yazmışdır.[15] Bir çox rəvayətlərə yer verən ilk Osmanlı tarixçilərindən olan Nəşri isə Malhun Xatun haqqında heç bir mənbədə təsadüf olunmayan bir hekayədən bəhs etdiyi hissədə onun kimin qızı olduğunu bildirmir. Ancaq, sonrakı yazılarında Aşıqpaşazadənin Şeyx Ədəbalı və Malhun Xatunla əlaqədar məlumatlarını eyni ilə təkrarlayır. Bu vəziyyət onun iki rəvayəti bir-biri ilə uzlaşdıran mənbələrdəki mətnlərdən olduğu kimi istifadə etdiyini göstərir. Nəşri ilk rəvayətində hələ gənc yaşda olan Osman bəyin Malhun Xatunu Əskihisara (Əskişəhər) gedərkən gecələdiyi İtburnu kəndində (indiki Söğüt və Söğütönü arasındakı yol üzərində yerləşən Uludərə kəndi) gördüyünü və ona aşiq olduğunu, sonra isə atası Ərtoğrulu vəziyyətdən xəbərdar edərək qıza elçi düşməsini tələb etdiyini, ancaq Malhun Xatunun özü ilə Osman bəy arasında olan qeyri-bərabər mövqeyə görə bu təklifi qəbul etmədiyini, gerçək səbəbin isə daha sonra məlum olduğunu, çünki Malhun Xatuna Osman bəyin məqsədinin onu aldatmaq və onunla əylənmək olduğunun deyildiyini bildirir. Həmçinin, Osman bəyin qonaq olaraq qaldığı Əskihisarın bəyinə bir əyləncə məclisi zamanı bu vəziyyətdən söhbət açdığını, bəyin də qızı sevdiyi üçün Malhun Xatunu qaçırıb qohumlarından birinin yanında gizlədiyini də əlavə edir.[16] Bu hekayədə adı keçən İtburnu kəndinə aid qeydlərdə buranın səhmdar statuslu kənd olduğu bildirilir. Əgər sonradan kəndlə bağlı bir yerdəyişmə hadisəsi baş verməmişsə, bu da kənd xalqının kimliklərinin Osmanlı dövlətindən əvvələ gedib çıxdığını göstərir. Bəzi araşdırmaçılar hekayədə adı qeyd olunan Osman bəyin xanımının Malhun Xatun ilə səhv salınan və daha aşağı mövqedə olan başqa bir qadın olma ehtimalını da vurğulayır. Bütün bu müxtəlif rəvayətlər xaricində Malhun Xatunla bağlı bir məlumat yoxdur. XVI əsrin 2-ci yarısına aid Osmanlı rəsmi mənbələrində Şeyx Ədəbalının qızının Orxan bəyin anası olduğu məlumatı qəbul edilmişdir. Qəti şəkildə təsdiq olunan məlumat odur ki, Malhun Xatun Şeyx Ədəbalının qızı olmamışdır. Onun Orxan bəyin anası olub-olmadığı ilə bağlı da müəyyənləşdirilmiş bir məlumat yoxdur.

Mənşəsi ilə bağlı olan versiyalar

[redaktə | mənbəni redaktə et]

Həmidoğulları bəyliyinin banisi, Osman Qazinin müasiri, Səlcuqlu vəziri Əbdülqasım əl-Tusinin oğlu Seyfəddin Həmid bəy idi.[17][18][19] Molla Xəttab Əbdülqasım oğlu Şeyx Ədəbalının məqbərəsində dəfn edilmişdir. Türk tarixçisi Turqut Vedat Molla Xəttabla Həmid bəyin qardaş olduğunu irəli sürdü. Bu ehtimala görə, əsl adı Ömər bəy olan Molla Xəttab və Şeyx Ədəbalı - yəni, Osman bəyin hər iki həyat yoldaşının ataları da eyni yerdə dəfn olunmuşdur.[20] Ola bilsin ki, Əbülqasımın qardaşı Baba İlyas olub və Həmid bəy oğlunun adını məhz əmisinin şərəfini İlyas qoyub.[21] Bu halda Malhun Xatunun atası həm də Baba İlyasın qardaşı oğlu sayılır.[20]

Malhun Xatunun oğlu, Osmanlı imperiyasının 2-ci sultanı I Orxan

Malhun Xatun və "Osman Qazinin yuxusu"

[redaktə | mənbəni redaktə et]

Malhun Xatun uzun müddət tarixçilər tərəfindən Şeyx Ədəbalının qızı hesab olunmuşdur.[22] Osmanlı tarixçiləri Şeyx Ədəbalının qızını öz yazılarında başqa cür qeyd etmişlər, məsələn, Oruc bəy "Rəbiə Ədəbalı qızı", Nəşri "Mal Xatun", Aşıqpaşazadə isə "Malhun" adlandırmışdır.[23] Osmanın şeyxin qızına olan böyük məhəbbətindən və öz sevgisi uğrunda uzun sürən mübarizəsindən bəhs edən “Osmanın yuxusu” əfsanəsinin mərkəzi personajı Malhundur. Gözəl Malhun xatunla görüşmək və onun qəlbini fəth etmək hekayəsi öz imperiyasının qurucusunun əfsanəsinə böyük əhəmiyyət verən Osmanlı müəlliflərinin sevimli mövzusudur. “Osmanın yuxusu”nda Malhun obrazı iki tarixi şəxsiyyətin tərcümeyi-halı üzərində qurulub: gələcək Sultan Orxanın əsl anası və Şeyx Ədəbalının qızı. Bu birləşmə sayəsində Osmanlı hökmdarları Şeyx Ədəbalının nəsli və mənəvi varisləri oldular.[24]

“Osmanın yuxusu” əfsanəsi ilk dəfə Aşıkpaşazadə tərəfindən Osmanın ölümündən 150 il sonra qeyd edilmişdir. O, “Osmanlı sülaləsinin İldırım Bəyaziddən əvvəlki igidliklərinin təsviri” də adlanan "Yaxşı Fəqih" salnaməsindən istifadə etmişdir. Bu salnamənin əsli qorunub saxlanmamışdır, lakin sonrakı türk salnaməçilərinin əsərlərində demək olar ki, hərfi mənada daxil edilmişdir. Yaxşı Fəqih özü XIV əsrin sonlarında yaşamış, sultan Orxanın dövründə axund olmuşdur, yəni Fəqih özü Osmanın gəncliyinin nə şahidi, nə də Osmanın müasiri olmuşdur.[25][26]

Rəvayətə görə, Osman bəy Şeyx Ədəbalının qızı olaraq qeyd olunan gözəl Malhun Xatunla evlənmək istəyir və ona elçi düşür. Lakin şeyx bu evliliyə razılıq vermir. Bir dəfə Osman bir saleh adamın evində gecələyəndə yuxu görür. Onun yuxusu belə təsvir olunur: “O, ayın bir övliyanın sinəsindən çıxıb öz sinəsinə batdığını gördü. Sonra onun göbəyindən ağac çıxdı, kölgəsi bütün dünyanı bürüdü. Bu kölgənin altında dağlar var idi və hər dağın ətəyindən çaylar axırdı. Kimisi bu axar sulardan içir, kimisi suvarılan bağçaları, kimisi də kanalları yönləndirirdi. Yuxudan ayılan Osman şeyxə gördüyü yuxunu danışdı və şeyx yuxunu yozaraq dedi: "Osman, oğlum, təbrik edirəm, Allah sənə və nəslinə ali qüdrət nəsib edib. Qızım Malhun sənin halalındır."[27]

Ölümü və xatirəsi

[redaktə | mənbəni redaktə et]

Malhun Xatunun bəzi mənbələrdə 1324-cü ildə vəfat etdiyi təsdiqlənmişdir. Nəşi "Bal Xatun" adı ilə Biləcikdə yerləşən Şeyx Ədəbalı türbəsində anası ilə birlikdə dəfn edilmişdir və türbənin içində dəfn olunduğu qisminə "Malhun Xatun türbəsi" adı verilmişdir.[28]

  • Yoxannes Tralovun Osmanlı dövlətinin quruluşu ilə bağlı alman dilində yazdığı "Malxatun" romanı da Malhun Xatunun adını daşıyır.[29]
  • 1988-ci ildə Türkiyə istehsalı olan və TRT 1-də yayımlanan "Quruluş: 1299" serialında Səma Çələbi tərəfindən canlandırılmışdır.[30]
  • 2019-cu ildə Türkiyə istehsalı olan və ATV-də yayımlanan "Quruluş: Osman" serialında Yıldız Çağrı Atiksoy tərəfindən canlandırılmışdır.[31]
  1. Sakaoğlu, 2007, səh. 29 (türk).
  2. "Osmanın imperial evi". www.4dw.net (ingilis). 2002-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.03.2023.
  3. "Malhun Xatun kimdir?". milliyyet.com.tr (türk). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  4. "Orxan bəy". www.islamansiklopedisi.org.tr (türk). 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  5. Akyıldız, 2012, səh. 494. (türk).
  6. 1 2 Uluçay, 2001, səh. 17 (türk).
  7. 1 2 3 Pirs, 2003, səh. 33 (ingilis).
  8. 1 2 Alderson, 1956, 12-ci sütun. (ingilis).
  9. 1 2 Alderson, 1956, səh. 83 (ingilis).
  10. H. V. Louri, səh. 81-84. (türk).
  11. 1 2 Sakaoğlu, 2007, səh. 13 (türk).
  12. Aşıqpaşazadə, səh. 95, 115. (türk).
  13. Uluçay, səh. 3 (türk).
  14. “Qazi Orxan Bəy Vəqfiyyəsi, mart 1324-cü il", TTK Bülleten (1941) səh. 277-288. (türk).
  15. "Tarix" (kitab). Oruc bəy, 2007, səh. 8-9. (türk).
  16. Nəşri, səh. 38 (türk).
  17. Çayırdağ, 2010. (türk).
  18. Vedat, 2016. (türk).
  19. Kofoğlu, 1997. (türk).
  20. 1 2 Vedat, 2019, səh. 69—71. (türk).
  21. Vedat, 2016, səh. 405. (türk).
  22. Pirs, 1993, səh. 295. (ingilis).
  23. "Sakaoğlu, 2007, səh. 13" (türk).
  24. İmber, 1987. (ingilis).
  25. Şahin, 2013. (türk).
  26. Sürəyya. (türk).
  27. Pirs, 1993, səh. 16. (ingilis).
  28. "Malhun Xatun türbəsi". kulturenvanteri.com (türk). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  29. "Osmanlı Quruluş romanı: "Malxatun" və yazının tarixlə əlaqəsi ilə bağlı", Cemal Sakallı, "Littera: Ədəbiyyat yazıları", Ankara, 2011 (türk).
  30. "Quruluş "Osmancıq". trtizle.com (türk). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  31. "Quruluş: Osman serialında Malhun Xatun ilə bağlı qısa məlumat". www.atv.com.tr (türk). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  • Sakaoğlu N. "Məşhur Osmanlı qadınları". — İstanbul: Avea, 2007. — 320 səh. — ISBN 9757104779. — ISBN 9789757104773. (ingilis dilində)
  • Akyıldız Ali. "Validə Sultan". // İslam Ensiklopediyası. — İslam Araşdırmaları Mərkəzi, 2012. — bölmə 42. — səh. 494—499.
  • Uluçay M. C. "Padşahın Qadınları və Qızları". — 2001. — ISBN 978-975-437-840-5. (türk dilində)
  • Pirs, Lesli P. "İmperial Hərəm: Osmanlı imperiyasında Qadınlar və Hökmranlıq. — Oksford: "Oxford University Press", 1993. — ISBN 0195086775, 9780195086775. (ingilis dilində)
  • Alderson, Entoni Dolfin. "Osmanlı sülaləsinin strukturu". — Oksford: "Klarendon Press", 1956.
  • Louri, H. V. "Erkən dövr Osmanlı dövlətinin quruluşu" (tərc. Kıvanç Tanrıyar), İstanbul 2010, səh. 81-84.
  • Aşıqpaşazadə. "Tarix". (Atsızın redaktəsiylə) səh. 95, 115.
  • Nəşri. "Cahannüma" (haz. Necdet Öztürk), İstanbul 2008, səh. 38, 40-41, 69.
  • Çayırdağ M. "Əbülqasım ibn Əli ət-Tusi" // Kayseri ensiklopediyası. — Kayseri: Kayseri Böyükşəhər Bələdiyyəsi, 2010. — bölmə 2. — səh. 65—66. — ISBN 978-975-8046-76-8.
  • Vedat, T. "Həmidoğulları və Təkəoğullarının mənşəyinə və vəqflərinə dair". // "Journal of Turkish Studies". — 2016. — nömrə 46. — səh. 403—432. (türk dilində)
  • Kofoğlu, S. "Həmidoğulları". // İslam Ensiklopediyası. — 1997. — Vol. 15. — səh. 307—309. (türk dilində)
  • İmber, C. "Osmanlı xanədanının mifi: Türk". — 1987. — № XIX. — С. 7—27. (ingilis dilində)
  • Vedat, T. "Osman Qazinin xanımları və uşaqları". (türk dilində) // "Vakanüvis - Beynəlxalq Tarix Araşdırmaları Jurnalı". — 2019. — nömrə 4. — səh. 67–80. — ISSN 2149-9535.
  • Şahin, H. "Yaxşı Fəqih". : İslam Ensiklopediyası. — 2013. — bölmə 43. — səh. 180—182. (türk dilində)
  • Süreyya, Mehmed. "Sicill-i Osmani" (türk dilində).