Gülbahar Xatun (Trabzon – 1492, Köhnə Saray, Konstantinopol) — 7. Osmanlı padşahı Fateh Sultan Mehmedin xanımlarından biri, II Bəyazidin anası, Validə xatundur.[1] Eyni illərdə yaşayan gəlini Əminə Gülbahar Xatunla qarışdırılmaması üçün I Gülbahar Xatun olaraq anılır.
I Gülbahar xatun | |
---|---|
türk. Gülbahar Hatun | |
22 may 1481 – 1492 | |
Əvvəlki | Əminə Xatun |
Sonrakı | Aişə Həfsə Sultan (Validə sultan kimi) |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1492 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Doğum tarixi və əsli haqqında yetərli məlumat yoxdur. Saraya necə alındığı bilinməsə də, Fateh Sultan Mehmedin ilk səltənətinin ardından Manisaya çəkildiyi dövrdə 1446-cı ildə təqdim edildiyi bilinir.[2] Əslən hardan olması bilinməsə də, alban, serb və ya fransız olmasıyla bağlı iddialar mövcuddur.[3][4] 1468-ci ilə aid alqı-satqıyla bağlı bir məhkəmə sənədində adı "Gülbahar Xatun binti Abdullah" olaraq adının keçməsi onun cariyə kökənli olduğunu bir daha sübut edir.[5][6]
1448-ci ildə ilk övladı Şahzadə Bəyazidi dünyaya gətirən Gülbahar Xatunun qızı Gövhər Sultanın doğum tarixi dəqiq deyil.[7][8] Bununla yanaşı Gülbar Xatunun oğluyla birlikdə 1455-ci ildə Amasya sancaqbəyliyinə göndərildiyini nəzərə alaraq, qızını bu tarixdən öncə dünyaya gətirdiyini demək mümkündür. Oğlu Şahzadə Bəyazidin 1455-ci ildə hələ 7 yaşında ikən Amasya sancaqbəyi təyin edilərək göndərilməsinin ardından Gülbahar Xatun da onunla birlikdə paytaxtdan ayrıldı və qısa ziyarətlər istisna olmaqla, oğlunun taxta çıxacağı 1481-ci ilədək orada yaşadı.[9]
1457-ci ildə oğluyla birlikdə Ədirnəyə çağırıldı və keçirilən möhtəşəm mərasimlə oğlu Şahzadə Bəyazid və padşahın Gülşah Xatundan doğulan oğlu Şahzadə Mustafa sünnət edildi.[10] Mərasimin ardından bir müddət Ədirnədə qalan Gülbahar Xatun oğlunun səhhətinin düzəlməsinin ardından yendən onunla birlikdə Amasyaya yollandı. Burada yaşadığı dövrdə əri Fateh Sultan Mehmed tərəfindən bölgədəki bir çox kəndin gəlirləri ona hədiyyə edildi. Bunların bir qismini 1474-cü ildə Amasyadakı Əndərun məscidinin ehtiyaclarının qarşılanması üçün vəqf etmişdir.[11]
Bu illər ərzində qızı Gövhər Sultan anası və qardaşıyla birlikdə Amasyada yaşasa da, 1474-cü ildə İstanbula gətirildi. Atasının istəyilə Ağqoyunlu sultanı Uzun Həsənin oğlu və o əsnada Osmanlılara sığınan Uğurlu Məhəmmədlə evləndirildi.[12]
Fateh Sultan Mehmedin ölümünün ardından, oğlu Şahzadə Bəyazidin 22 may 1481-ci ildə taxta çıxması ilə Gülbahar Xatunun saray içərisindəki nüfuzu daha da artdı. XV əsrin ikinci yarısında hərəmxananın Topqapı sarayına köçürülmədiyini nəzərə alaraq, Gülbahar Xatunun Amasyadan birbaşa İstanbuldakı Köhnə saraya gətirildiyi və qalan ömrünü burada yaşadığını demək mümkündür.[13] Validə sultan ünvanı hələ tam olaraq təsis olunmadığı üçün Validə Xatun ünvanı ilə anılan Gülbahar Xatunun oğlunun icazə verdiyi zamanlarda Topqapı sarayını ziyarət etdiyi, bir çox hallarda isə oğlunun Köhnə saraya gələrək burada yaşayan anasına və digər hərəm nümayəndələrinə baş çəkdiyi bilinir.[14]
Oğluna ünvanladığı bəzi məktubları günümüzədək qorunub saxlanılan Gülbahar Xatunun dövlət idarəsinə nə dərəcədə müdaxilə etdiyi bilinməsə də, bir çox məqamlarda oğluna məsəhət verdiyi bilinir. Yazdığı məktubların birində Xızır bəyin oğlu Mehmed Paşanın və lələ Ayaz Paşanın vəzirliyə yüksəldilməsinin düzgün bir qərar olduğunu bildirən Gülbahar Xatun, yenə eyni məktubunda Herseqli Əhməd Paşanın sədarətə gətirilməsini kəskin şəkildə tənqid etmiş, yeniçərilər tərəfindən sevilməyən paşanın İstanbuldan uzaq bir əyalətə təyin olunmasını tövsiyə etmişdir.[15]
Oğlu Sultan Bəyazidin əmirylə 1485-ci ildə Gülbahar Xatun adına Tokatda məscid, mədrəsə və imarətdən ibarət bir külliyə inşa edilmişdir. Bunlardan mədrəsə və imarət binası günümüzə gəlib çatmamışdır. Xatuniyyə məscidi və ya Meydan məscidi olaraq anılan məscid isə hal-hazırda da fəaliyyətini davam etdirməkdədir.[16] 1492-ci ildəki ölümünün ardından oğlu Sultan Bəyazid tərəfindən bu külliyəyə külli miqdarda gəliri olan vəqf torpaqları təsis edilmişdir.
Oğlunun taxta çıxması ilə 11 ilə yaxın Validə Xatun ünvanıyla sarayda nüfuz sahibi olan Gülbahar Xatun 1492-ci ildə İstanbuldakı Köhnə sarayda vəfat etdi.[17] Cənazəsi oğlunun əmriylə Fateh məscidinə - atasının türbəsinin yaxınlığına dəfn olundu. Daha sonra məzarı üzərinə Gülbahar Xatun türbəsi inşa edilmişdir. İstanbulda adına türbə inşa olunan ilk qadın kimi tarixə düşmüşdür. Türbədə özüylə yanaşı, qızı Gövhər Sultanın və adı bilinməyən 2 saraylı xanımın məzarı yerləşir.[18]