Şahsüvar Sultan (1682, Rusiya – 27 aprel 1756, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və III Osmanın anası, Validə sultan.
Şahsüvar Sultan | |
---|---|
14 dekabr 1754 – 27 aprel 1756 | |
Əvvəlki | Saliha Sebkati Sultan |
Sonrakı | Mehrişah Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1682 |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 1756 |
Vəfat yeri | |
Dəfn yeri | Şahsüvar Sultan türbəsi, Nuruosmaniyə məscidi |
Fəaliyyəti | Validə Sultan, qul[d] |
Uşağı | |
Dini | islam |
1682-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən rus və ya serb olub, əsl adının Mariya olduğu bilinir. Osmanlı sarayında təlim-tərbiyə almış və Sultan Mustafaya səltənətinin ilk illərində təqdim edilmişdir. İlk övladı olan Şahzadə Osmanı 3 yanvar 1699-cu ildə, qızı Əmətullah Sultanı isə 22 iyun 1701-ci ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Şahsüvar Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 51 il boyunca köhnə sarayda yaşayan Şahsüvar Sultan bu müddət ərzində övladını görə bilmədi.
Sultan Əhmədin 1730-cu ildə Patrona Xəlil üsyanıyla taxtdan endirilməsinin ardından Sultan Mustafanın böyük oğlu Şahzadə Mahmud taxta çıxmış, kiçik oğlu (eləcə də Şahsüvar Sultanın oğlu) olan Şahzadə Osman isə vəliəhd elan edilmişdi. Vəliəhdlik dönəmində nisbətən rahat həyat yaşayan Şahzadə Osman böyük qardaşının vəfatının ardından 14 dekabr 1754-cü ildə cümə günü 58 yaşında ikən taxta çıxdı. Osmanlı tarixi boyunca Şimşirlik bölümündə ən uzun saxlanılan şahzadə olaraq bilinir. Səltənətinin altıncı günündə (19 dekabr) anası Şahsüvar Sultan Köhnə saraydan Topqapı sarayına xüsusi mərasimlə gətirildi. Validə sultanlar bu mərasim əsnasında adətən at arabasıyla saraya gətirilirdi, ancaq istisna hal olaraq Şahsüvar Sultan üçün tərtiblənən mərasimdə validə sultan yeni sarayına kəcavə ilə gətirildi. Bu Şahsüvar Sultanın validə sultanlıq dönəminin ilk yeniliyi deyildi. Belə ki, ənənəyə görə, yeni validə sultan cülus mərasiminin ardından sədrəzəmə və digər divan üzvlərinə kürk hədiyyə etməli idi. Ancaq Şahsüvar Sultan bununla yanaşı şeyxülislama da kürk göndərmiş, ardından bu, Osmanlı sarayında ənənə halını almışdır.
Validə sultanlıq dönəmi olduqca qısa olan Şahsüvar Sultan bu müddət ərzində daha çox saray daxilində aktiv fəaliyyət göstərsə də, bəzi hallarda dövlət məsələlərində oğluna məsləhətlər də verirdi. Belə ki, səltənətinin ilk ilində Ayvansarayda baş verən dəhşətli yanğında təqsirkar görülən sədrəzəm Həkimoğlu Əli Paşa vəzifədən alınaraq Qız qalasına həbs edilmiş, ancaq Şahsüvar Sultanın müdaxiləsiylə edamdan xilas edilərək Maqosaya (Famaqustaya) sürgün edilmişdir.
Şahsüvar Sultan 27 aprel 1756-cı ildə İstanbulda vəfat etdi. Cənazəsi əvvəllər Sultan Mahmudun dəfni üçün nəzərdə tutulmuş, ancaq oğlunun səltənətində inşası tamamlanan Nuruosmaniyə məscidindəki türbəyə dəfn edildi. Anasına bağlılığı ilə bilinən Sultan Osman vəfatından sonra burada dəfn edilməsini istəsə də, xələfi Sultan Mustafa tərəfindən bu istəyi yerinə gətirilməmişdir. Türbədə Şahsüvar Sultanla yanaşı qız nəvəsi olan Hibətullah xanım Sultan (ö. 1766) və II Mahmudun kiçik yaşda vəfat edən bəzi övladları dəfn edilmişdir.