Mamxuti

Saraçlı[2], MamxutiGürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.

Saraçlı
მამხუტი
41°23′00″ şm. e. 44°43′01″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 510 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.841 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1100[1]
Nəqliyyat kodu EEF, EEP и EEQ
Saraçlı xəritədə
Saraçlı
Saraçlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fiziki-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Saraçlı kəndi dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Xrami çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində yerləşir. Saraçlı qonşu kəndlər – Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km və rayon mərkəzi Bolnisidən 22 km məsafədə, paytaxt Tiflisdən isə 60 km cənubda yerləşir. Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur.

25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur. Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir.

Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan MdivaniAleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar. Deməli, gürcü tarixi qaynaqları hələ XVII əsrin sonlarından Saraçlını oturaq kənd hesab etmişlər.

Saraçlılar XVIII əsrin sonuna qədər Kür çayının sol sahilində Dəmirçihəsənli nahiyəsində (indiki Qardabani rayonu ərazisində) yaşayırdılar. Əhalinin əksəriyyəti heyvandarlıqla məşğul olsa da, əkinçiliklə (daha çox taxılçılıqla) məşğul olanlar da az deyildi. Saraçlılar payız və qış aylarını Qarayazı qışlaqlarında keçirir, yazın sonu və yayda isə Dağ Borçalıdakı dədə-baba yaylaqlarına qalxırdılar.

1785-ci ilin sentyabrında dağıstanlı Ümmə (Ömər) xan böyük bir qoşunla Qanıx çayını keçib Gürcüstan ərazisinə soxuldu. Xanın əsas məqsədi Rusiyanın himayəsinə sığınmış çar İraklini və gürcüləri cəzalandırmaq olsa da, bu amansız hücumun ilk hədəfi yaylaqdan təzəcə qayıtmış Dəmirçihəsənli kəndləri oldu. Gözlənilməz qətl-qarətlə üzləşən əhali, sözün həqiqi mənasında, pərən-pərən olub dağıldı. Borçalının və ümumən bütün Cənub-Şərqi Gürcüstanın o ağır günlərində dağlıların anlaşılmaz qəddarlığından canını və malını qurtarmaq istəyən bir çox kəndlər kimi saraçlıların bir hissəsi də İrəvanQarabağ xanlıqlarına üz tutdu. Borçalıda – dədə-baba yurdunda qalmaq istəyənlər isə xilas yolunu İmircala adlanan yerdə, Arpa qobusunun ayağında gizlənməkdə gördülər. Bir ildən artıq davam edən qətl-qarət rusların köməyi ilə sakitləşdikdən sonra əhali bir daha xaraba qalmış köhnə yurda – Dəmirçihəsənliyə qayıtmadı.

Yeni yurdda da uzun müddət yaşamaq mümkün olmadı. 1795-ci ilin sentyabrında İran şahı Ağa Məhəmməd Şah Qacarın Tiflisə hücumu ərəfəsində calanın ağcaqanad və mığmığasından, qara suyun yaratdığı xəstəliklərdən əziyyət çəkən əhali adi bir təsadüf nəticəsində indiki yerinə – Sağsağanlı dərəsinin ətrafına köçüb Qaraqayanın ətəyindəki bulağın və onun suyu ilə yaranmış kiçik gölün ətrafında məskunlaşdı.

İraklinin ikinci arvadı Dariyadan olan və qardaşı Georgi ilə taxt savaşında Borçalıların dəstəyinə arxalanan Aleksandr Mirzəyə məxsus təmiz havası və suyu ilə fərqlənən bu səfalı yerlər 1801-ci ildə rəsmən saraçlılara verildi. Əldə olan tarixi sənədlər, Gürcüstan Rusiyaya ilhaq edildikdən sonra, Saraçlı torpaqlarının böyük bir hissəsinin milliyyətcə osetin olan süvari asessoru İsaq Qamazovun mülkiyyətinə verildiyini göstərir. Lakin XIX əsrin ortalarından başlayaraq saraçlılar bu torpaqları onun özündən və sonralar oğlu Artyomdan satın almağa başladılar. Beləliklə, XX əsrin əvvəllərində Qamazovların əlində yalnız Ağalıq bağ deyilən kiçik bir sahə qalmışdı.

Bolşeviklər Saraçlıya 1921-ci il fevralın sonunda ayaq basdılar. Aşağı Qoşakilsə, Yuxarı QoşakilsəMolla Əhmədli kəndlərinin də daxil olduğu Saraçlı kənd icmasının əvəzinə Saraçlı kənd sovetliyi yaradıldı. 1931-ci ilin əvvəllərində isə kənddə kolxoz quruluşuna keçildi.

Etnik azərbaycan türkü olan saraçlılar tarixi qaynaqlara və tədqiqatçıların yekdil rəyinə görə soykök etibarilə qıpçaqların qazaxlı tayfasının qarapapaqlardan sonra ən böyük tirəsidir.

Saraçlıda bizə məlum olan ilk siyahıyaalma 1727-ci ildə Cənubi Qafqazı tutmuş Osmanlı imperiyasının vergi dəftərdarları tərəfindən aparılmışdır. O zaman saraçlılar Dəmirçihəsənli nahiyəsində yaşayırdılar. "Dəftəri-müfəssəli-əyaləti-Tiflis" adlanan və İstanbul Başbakanlıq Osmanlı Arxivində saxlanan bu vergi dəftərində yalnız kişi cinsindən olan sakinlər siyahıya alındığından (№№441,442) kənd əhalisinin dəqiq sayını müəyyən etmək mümkün deyil. 2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə isə Saraçlı kəndinin əhalisi 2841 nəfər olmuşdur ki, onların 48,9%-i kişilər, 51,1%-i qadınlardır. Hazırda əhalisinin sayına görə Saraçlı, rayonun Bolus Kəpənəkçisi, Faxralı, ArıxlıDarbaz kəndlərindən sonra 5-ci ən iri kəndidir.

Elmə, savada böyük marağı ilə fərqlənən Saraçlı uşaqları 1919-cu ilədək kənddəki molla məktəblərində təhsil alırdı. Həmin il Saraçlıda ilk dünyəvi məktəb açıldı. Bu dördillik məktəb sovet hakimiyyəti illərində əvvəlcə yeddiillik məktəbə, 1956-cı ildə isə orta məktəbə çevrildi. Hazırda Saraçlı məktəbinin yetirmələri arasında 60-dan artıq alim, yüzlərlə müəllim, mühəndis, həkim, hərbçi, dövlət qulluqçusu var. Onlar GürcüstanAzərbaycanla yanaşı Türkiyə, Rusiya və başqa ölkələrdə də çalışırlar.

Təhsil və mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Kənd orta məktəbi – 1919-cu ildə açılmışdır. 1926-1927-ci illərdə, Saraçlı Kənd Sovetinin Rəhbəri Məhəmməd Səfərovun təşəbbüsü ilə genişləndirilmişdir.[3]

1918-cu il Gürcüstan Demokratik Respublikasının yaradılması ilə, Borçalı regionunda bir sıra təhsil ocaqlarının tikintisinə başlanılmışdır. Planlaşdırılmış 19 azərbaycandilli orta məktəblərindən 13-çü bir il ərzində artıq tikilmişdir. Onların içərsinə Saraçlı məktəbi də daxilidi. Cəmi üç sinfi olan bu kiçik məktəbdə 30-a yaxın tələbə (onların içərsində 4 qız) öz ilk təhsilini alırdı. 1926-1927-ci illərdə, yerli Kənd Sovetinin Rəhbəri Məhəmməd Səfərovun təşəbbüsü və bilavasitə rəhbərliyi altında məktəb fundamental şəkildə genişləndirilmiş, Saraçlı Kənd Orta Məktəbi və həmçinin Böyuklərin savad alması üçün Böyüklər İbtidai Məktəb adlı təhsil ocaqları yaradılmışdır. 30-cu illərin əvvəllərində, kənd məktəbi on illik məktəbə çevrilmişdir.[4] 2009-cu ildə Saraçlı Orta Məktəbi öz 90 illiyini təntənəli qeyd etmişdir.

Aşıq mədəniyyəti

Borçalı regionu öz aşıq sənəti ilə məşhurdur. Hər ilin baharında Saraçlıda, görkəmli sənətkar, saz və söz ustadı Aşıq Hüseyn Saraçlının xatirəsinə həsr olunmuş aşıq musiqisi günü keçirililir.

== Tanınmış şəxslər ==

Məhəmməd Səfərov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Fikrət Süleymanoğlu. Borçalı Saraçlısı. Bakı, 2009
  2. Ulu baban kim olub ? III kitab (Faxralı, Saraçlı, İmirhasan və Qoçulu kəndləri - XIX yüzilə aid kameral təsvirlər). Tərtib edənlər: V. Hacılar, F. Valehoğlu. Bakı: "Kooperasiya" nəşriyyatı, 2019, 64 s.
  1. http://ufps.org/index.php?option=com_content&task=view&id=35.
  2. Zirvə İnformasiya Mərkəzi. "Qədim Saraçlı kəndi" (az.). zim.az. 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
  3. Məhəmməd Səfərov
  4. G.Səfərova: Saraçlı kəndinin tarixindən bir səhifə. Bakı, Nağıl evi Nəşriyyatı, 2007.