Ağaməhəmməd xan Qacar

Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı.[4] O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb.

Ağa Məhəmməd şah Qacar
Ağa Məhəmməd şah Məhəmməd Həsən xan oğlu Qovanlı-Qacar
محمد خان قاجار
1820-ci ilə aid Ağa Məhəmməd xan Qacarın portreti.
1820-ci ilə aid Ağa Məhəmməd xan Qacarın portreti.
1789 – 17 iyun 1797
SonrakıFətəli şah Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 1742[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 iyun 1797(1797-06-17)[3][2][…]
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Dəfn yeri
Fəaliyyəti rəhbər
Atası Məhəmmədhəsən xan Qovanlı-Qacar
Anası Ceyran xanım
Uşağı olmayıb
Ailəsi Qacarlar
Dini Şiə (İslam)
Rütbəsi marşal

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir. Rus şərqşünası Aleksandr Vilyamoviç Qadlo hesab edirdi ki, bu söz ağaç əri, yəni ağac ərləri mənasında işlənir, lakin tədqiqatlar göstərir ki, macar alimlərinin yanaşması daha doğrudur. Belə ki, ağaçəri sözünə sonradan qacərçi formasında istifadə olunmuşdur. Səfəvilər dövrünə aid əksər mənbələrdə qacərçilər Səfəvi ordusunun önündə gedən, avanqard qoşun hissələrinə deyilirdi. Etimoloji baxımdan isə istər Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk", istərsə də türk dillərinin etimoloji lüğətində qacar kəskin, ötkəm kişi mənasını verir, eyni zamanda əyilməz, məğrur mənalarında işlənir.

Ağaməhəmməd xan Qacar, 1742-ci ilin 26 oktyabrında Astarabadda doğulub. Ağa Məhəmməd xanın anası Ceyran xanım Qacarların o biri boyundan çıxmış görkəmli şəxsiyyətlərdən olan Məhəmməd xan Dəvəlünün bacısı idi. Nadir şahın xələfi Adil şah qacar tayfasını öz tərəfinə çəkməkdən ötrü Məhəmmədhəsən xan Qacarı Məşhəddə, öz sarayında eşikağasıbaşı təyin edir. Ancaq müstəqil olmağa, rəhbərlik etməyə öyrəşmiş Qacar tezliklə şahla mübahisə edir və yenidən türkmənlərin yanına qaçır, lakin onun kiçik yaşlı uşaqları Adil şahın əlinə keçir.

Yürüşlərin birində atası on üç yaşlı oğlu Ağa Məhəmməd xanı da özü ilə götürür. Ona qabaqda gedən dəstənin rəhbərliyini tapşırır. Bundan sonra gənc Ağa atası ilə bütün yürüşlərə getməyə başlayır. Məhəmməd Həsən xan hətta bəzi vaxtlarda Azərbaycan və Astrabad idarəçiliyini də oğluna tapşırır. 1759-cu ildə Məhəmməd Həsən xan zəndlərlə döyüşlərin birində həlak olur və İran hakimiyyəti uğrunda mübarizə estafeti istər-istəməz onun böyük oğlu Ağa Məhəmməd xan Qacara keçir. Onun atasının nüfuzu olduqca yüksək idi, çıxışlar etmək üçün münbit şərait yaranmışdı və taxt-tac üçün Ağa Məhəmməddən yalnız yüksək şəxsi keyfiyyətlər tələb olunurdu. Atasının ölümündən sonra Ağa Məhəmməd Türkmən düzünə qaçaraq, öz tayfasının cavan nümayəndələrindən və türkmənlərdən dəstə toplayır. Bundan sonra zəndlərlə partizan müharibəsinə qoşularaq hətta Astrabadı tutmağa da çalışır.

1761–1762-ci ildə Kərim xan Zəndin 4 minlik qoşunu Ağa Məhəmmədin kiçik dəstəsini mühasirəyə alır. Ağa Məhəmməd xanın 500 süvarisi mühasirəni yarmaq qərarına gəlir. Döyüş bir gün davam edir. Ağa Məhəmməd xan başda olmaqla yalnız 10 gənc mühasirədən çıxa bilir. Ağa Məhəmməd xan 9 ağır yara almasına baxmayaraq döyüşün axırına qədər yəhər üstdə qalmaq üçün özündə güc-qüvvə tapır. Yorulmuş, ağır yaralar almış döyüşçülər Nəcəf yaxınlığında qarovul qoyaraq yatmaq istəyirlər, lakin Mazandaran hakiminin qoşunları onların üstünə gəlir. Ağa Məhəmməd oyanan kimi müqavimət göstərmək istəsə də, artıq qüvvəsi onu tərk etmişdi. Onun əl-qolunu bağlayıb Tehrana, Kərim xan Zəndin hüzuruna aparırlar. Kərim xan Zənd düz on altı il Ağa Məhəmmədi girov, yaxud "fəxri qonaq" sifəti ilə öz yanında saxlayır.

Onun şəhəri tərk etmək hüququ yox idi. Ağa Məhəmməd xan burada mədrəsəyə getməyə başlayır və sadə bir həyat keçirir. Onun oxuduğu mədrəsədə tanınmış ilahiyyatçı və filosof şeyx Əli Təcrimi dərs deyirdi. Ağa Məhəmməd hər səhər xoruz banından durur, fiziki hazırlıqla məşğul olur, mədrəsəyə gedərək, mühazirələrə qulaq asır, müzakirələrdə iştirak edir, öz yaxınları və həmyerliləri ilə daimi yazışmalar aparırdı.

Ağa Məhəmməd xan ehtiraslı ov azarkeşi idi. O, xüsusilə şahinlərlə birlikdə tülkü ovuna çıxmağı çox sevirdi. Tutduğu tülküləri qonşularına və yaxınlarına hədiyyə edirdi. O vaxt belə hesab edirdilər ki, tülkü evə səadət gətirir. Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd xanı da özü ilə aparır. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirir və bu sahədə böyük uğurlar qazanır. O, ilahiyyatı, fəlsəfəni, riyaziyyatı, astronomiyaastrologiyanı, poeziyanı öyrənir. Özünün fenomenal yaddaşına görə, Ağa Məhəmməd sonralar da Qurandan, fəlsəfi əsərlərdən iri sitatlar gətirir və hətta çox da məşhur olmayan şairlərin şeirlərini əzbərdən deyirdi. Ədəbi məclislərdə onun böyük hörməti vardı, müxtəlif məsləhət və məlumatlar almaq üçün onun yanına gəlirdilər. Filosoflar arasında o, hamıdan artıq XII əsrin Əndəlüs alimi İbn-Tüfeylini sevirdi. Həmin filosofun yaradıcılığı ilə tanış olmaqdan Ağa Məhəmməd bütün ömrü boyu əl çəkməmişdi. Belə deyirlər ki, İbn-Tüfeylinin "Yəqzanın oğlu Həy" adlı fəlsəfi romanını həmişə, həm sarayda, həm də hərbi yürüşlər zamanı öz yanında gəzdirərmiş. O, həmişə bu kitaba istinad edər, daim buradan sitatlar gətirərmiş.

Ağa Məhəmməd bir gün öz həyatına hazırlanan qəsddən xəbər tutur və qardaşlarından, sadiq qulluqçularından ibarət kiçik bir dəstə ilə ov adı altında Şirazdan Mazandarana qaçır.

Səksəninci illərin əvvəllərində o, qacarların liderliyi uğrunda qardaşı Rzaqulu xanla mübarizədə qalib gəlir və bütün Mazandaranı, habelə Astrabadı özünə tabe etdirir. Bu mübarizədə qardaşları da ona yaxından köməklik göstərirlər. 1782-ci ildə Ağa Məhəmməd Astrabada gedir və qardaşları və yaxın qohumları ilə birligdə atası Məhəmməd Həsən xanın qəbrini ziyarət edir.

Zəndlərlə mübarizə

[redaktə | mənbəni redaktə et]

Kərim xan Zənd öləndən sonra onun qohumları hakimiyyətə can atırdılar. Onların arasında gedən gərgin mübarizə bir il davam edir. Heç kim hakimiyyətdə duruş gətirə bilmir. Bundan istifadə eləyən Ağa Məhəmməd 500–600 nəfərlik bir dəstə ilə Mazandarandan çıxaraq, İsfahana hərəkət edir. 1785-ci ildə o, həmin şəhəri tutur, oradan Zənd hakimini qovur və bu tayfanın nümayəndələri üzərində qazanılmış bir neçə parlaq qələbədən sonra təqribən bütün Mərkəzi İranı azad edir. həmin döyüşlərdə Ağa Məhəmməd xana qardaşı, istedadlı sərkərdə Cəfərqulu xan Qacar böyük yardım göstərir. Bundan sonra Ağa Məhəmməd o zaman kiçik bir şəhərcik olan Tehranda iqamət edir və 1786-cı ilədə buranı yeni dövlətin paytaxtı elan edir. Elə həmin il o, özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır və çox keçmədən orada sui-qəsd qurbanı olur. Bundan sonra Ağa Məhəmməd xan Gilanı tutur və öz qardaşı Mürtəzaqulu xan Qacarı Astrabad hakimi təyin edir, lakin qardaşı ona dönük çıxaraq, zəndlərin tərəfinə keçir. Buradan da Talışa qaçır və II Yekaterinanın himayəsinə keçmək istəyir. Bir il sonra rus donanmasının köməyinə arxalanan Mürtəzaqulu xan Gilana dönsə də, Ağa Məhəmmədin böyük bir ordu ilə üzərinə gəldiyini eşidən kimi yenidən Rusiyaya qaçır. 1798-ci ildə o, Peterburqda ölür. 1795-ci ildə Gürcüstan yürüşündən sonra Ağa Məhəmməd xan Talış xanlığını Mürtəzaqulu xana kömək etdiklərinə görə cəzalandırır. Bu zaman Azərbaycan, Kürdüstan və Mərkəzi İranın (İraqi-əcəm) hökmdarları qacarların tərəfinə keçirlər. Artıq 90-cı illərin əvvəllərində az qala bütün İran Ağa Məhəmməd xanın tabeliyi altında idi. Onun idarəsi altına keçməkdən imtina edən türkmən yomudlar darmadağın olunur, öldürülənlərin kəllələrindən təpələr düzəldilir. Ağa Məhəmməd Kərim xana o qədər nifrət bəsləyirdi ki, onun cəsədinin qalıqlarını məzarından çıxarıb Tehranda, Gülüstan sarayının girəcəyində basdırtdırır.

1791-ci ildə Ağa Məhəmməd özünü İran şahənşahı elan edir, lakin bu münasibətlə nəzərdə tutduğu təntənəli mərasimi bir qədər sonraya saxlayır. O, təcili surətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görür, baş qaldıran xanları yatırır, ölkə daxilində iqtisadi və ticarət əlaqələrinin bərpa olunması üçün əlindən gələn hər şeyi edir, lakin o, köklü inzibati-təsərrüfat islahatları keçirməyə vaxt tapmır. Qacarlarla zəndlər arasında son qanlı döyüş, 1794-cü ilin yayında Girman yaxınlığında baş verir və Ağa Məhəmmədin tam qələbəsi ilə nəticələnir. Bununla da Zəndlər nəslinin adı İran taxt-tacı tarixindən biryolluq silinir. Burada Ağa Məhəmməd şah gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim Xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahim Xəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacar İranın tabeliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeridir. Qoşun üç yerə bölünür: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollanır. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyil və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girir. İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağmalanıb, dağıdılır.

Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi. Və görünür, Şuşanın mühasirəsinin belə tezliklə götürülməsinə və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik köstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınların müqabilində II iraklidən hayıf çıxmaq məqsədi güdürdü. Tiflis alındıqdan sonra bir çox Azərbaycanin cenub xanliqlari Ağa Məhəmməd şaha tabe olduqlarını bildirir. Yalnız İrəvan və Qarabağ xanları onun tabeliyini qəbul etmirlər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır.

Yürüşdən geri qayıdarkən Ağa Məhəmməd xan Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirir. Baxmayaraq ki, Nadirin tacqoyması da Azərbaycanın bu vilayətində keçmişdi, Qacar onun qoyduğu tacı başına qoymaq istəmir. Təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, ƏfqanıstanOrta Asiya üzərində hökmranlığın rəmzi idi. Tacqoyma zamanı Ağa Məhəmməd şaha kiçik bir diadema (çutqabağı) və şah qılıncı da verirlər. Qılınc və çutqabağı Ərdəbildən Şeyx Səfi kompleksindən gətirilmişdi. Görünür, bununla Ağa Məhəmmədin Səfəvi hakimiyyəti ilə varisliyi rəmzləşdirilmişdi. Qacar böyük Səfəvi imperiyasını bərpa etmək arzusu ilə yaşayırdı.

O, öz dövlətində Qacarlar boyundan olanların üstün mövqeyini hər cəhdilə göstərməyə çalışırdı. Qacar öz tayfasından başqa, hakimiyyət uğrunda mübarizəsində türkmənşəli Azərbaycan tayfaları olan Əfşarlar, Xələclər, BayatlarQaragözlülərin köməyinə arxalanırdı. Ağa Məhəmməd şah taxt-tacını varisi Baba xana vəsiyyət edərkən demişdi:

"Bəylərbəyi Mirzə Məhəmməd xan Dovalu-Qacarın qızını taxtın səndən sonrakı varisi Abbas Mirzəyə alarsan. Onların oğluna mənim adımı verib, Məhəmməd Mirzə çağırarsınız. Bax, o öz qanında iki böyük Qacar sülaləsinin qanını daşıyacaq. Mənim dayım Süleyman xan dövlətimiz üçün çox işlər görüb. Öz qızını onun oğluna verərsən. Onların nikahından doğulan qızı isə Məhəmməd Mirzəyə alarsan. Beləliklə, Məhəmməd Mirzədən doğulan uşaqlar hər iki tərəfdən sənin nəvələrin olar."

Buradan belə bir nəticə çıxarmaq mümkündür: Ağa Məhəmməd elə bir şahzadə istəyirdi ki, onun atası Kovanlu, anası Dovalu qacarlarından olsun. Buna görə də, sonralar Baba xanın (Fətəli şahın) varisi kimi onun gürcü qızından doğulmuş böyük oğlu yox, Abbas Mirzə seçilmişdi.

Tacqoyma mərasimindən sonra Ağa Məhəmməd şah Nadir şah Əfşarın nəvəsi Şahruxun hökmranlıq etdiyi Xorasanı fəth edir. Xorasana gedərkən Ağa Məhəmməd yenə nəzarətdən çıxmış Astrabad türkmənlərini yatırır. O, 1796-cı ildə Məşhəd darvazalarına çatanda Şahrux özü təslimçilik nişanları ilə onun qarşısına çıxır, lakin Ağa Məhəmməd bununla kifayətlənmir. O, Nadir şahın məşhur xəzinəsini almaq tələbi qoyur. Şahrux əvvəl buna razılaşmır, lakin dəhşətli işkəncələrdən, bir qocanın başına əridilmiş qurğuşun tökəndən sonra o, Nadir şahın xəzinəsinin yerini nişan verir. Məlumdur ki, bütün müsəlman aləmində müqəddəs yer sayılan İmam Rza məscidinin sərvəti də həmin xəzinədə saxlanırdı. Üstündən çox keçməmiş Qacarın ağır işkəncələrə məruz qalmış bu sonuncu rəqibi də həyatla vidalaşır.

Rusların general V. A. Zubovun başçılığı altında Gürcüstana yürüşünə cavab olaraq, Ağa Məhəmməd 1797-ci ildə böyük bir qoşunla Qafqaza doğru irəliləyir. O, Gürcüstana yolun üstündə olan Şuşanı ələ keçirir. Qarabağ xanı İbrahim Xəlil xan Azərbaycanın şimalına qaçır, lakin Gürcüstan yürüşü bu dəfə baş tutmur. Ağa Məhəmməd şahı onun öz qulluqçuları qətlə yetirirlər. Bir mülahizəyə görə, şaha qarşı sui-qəsdi digər Azərbaycan xanları və İranda yaşayan gürcülərlə birlikdə görkəmli dövlət xadimi, Qacarın bacarıqlı sərkərdələrindən biri Sadıq xan Şəqqaqi hazırlamışdır. Digər bir versiyaya görə isə burada əsas işi gürcü hakimlərinin əmrini yerinə yetirən Sadiq Qorci (Msxetli Andrey) görüb. Təzkirəçilərin yazdıqlarına görə, Ağa Məhəmməd gecə ikən yatağında öz qulluqçuları, gürcü Sadıq Qorci, isfahanlı Xodadad və mazandaranlı Abbas tərəfindən öldürülüb. Şah bunları hansı günahlarına görə isə səhərisi gün öldürməli imiş. Şahın oğurlanmış zinət şeyləri Sadıq xan Şəqqaqiyə verilib ki, bu da onun sui-qəsdlə əlaqəsini göstərir.

Saray tarixçisi bu hadisələrin finalını belə təsvir edir: "Elə ki, bu cəsarətli addım və mühüm hadisə vicdan əzabı çəkməyən dələduzlar tərəfindən cinayətkarcasına həyata keçirildi, onlar şah hakimiyyətinin əlamətləri olan çutqabağını və tacı ələ keçirdilər. Bunlar müqayisəyəgəlməz incilərlə bəzənmişdi və hər dənənin qiyməti yeddi iqlimin vergisinə bərabər idi. Bundan başqa həmin başkəsənlər şahın brilyant qolçağını, düşmənlərin kökünü kəsmiş, ziqiymət daşlarla bəzənmiş qılıncını, nadir əşyalar saxlanan sandıqçasını, həmçinin "Kuhi-nur", "Dəryayi-nur", "Taci-mah" adlanan brilyantlarını, hər biri dünyanın bir hökmdarına şərəf gətirəcək qədər gözəl illüstrasiyalarla bəzədilmiş nadir əlyazmalarını apardılar."

Qatillər qacar xanımları, o cümlədən Baba xanın anası və şahın xalası tərəfindən çarmıxa çəkdirildilər. Şahın cəsədi Məşhədə aparılır və orada dəfn olunur. Onun başını Balakənə İbrahim Xəlil xana göndərirlər, orada onu şərəflə məşhur adamların basdırıldığı qəbiristanlıqda torpaqa tapşırırlar. Şahın qoşunları İrana qayıdır və Qacarın qohumu Baba xan Fətəli şah adı altında şah elan olunur.

Qacarın qətli

[redaktə | mənbəni redaktə et]

Nadir şahın öldürülməsindən sonra yaranan siyasi şəraitə nəzər yetirək. Bu zaman üç şəxs hakimiyyət uğrunda ölüm-dirim mübarizəsinə qoşulmuşdu. Bunlardan birincisi, Nadir şahın əmisi oğlu — Əfşarlar tayfasından olan Fətəli xan idi. Fətəli xan Əfşar Azərbaycanın cənub xanlıqları olan Xoy, Təbriz, Qaradağ, MarağaSərab xanlıqlarını özündən asılı vəziyyətə salmışdı. İkinci şəxs farsların Zənd tayfasından olan Kərim xan idi. Kərim xan Zənd çox hiyləgər və tədbirli idi. Bütün fars vilayətləri onu dəstəkləyirdi. Üçüncü şəxs isə Qacar tayfasının başçısı olan Məhəmmədhəsən xan Qacar idi. Məhəmmədhəsən xan Qacar Mazandaran, Gilan və Astrabadı tutmuşdu. Bu üç şəxs arasında hakimiyyət uğrunda gedən mübarizədə ilk mərhələlərdə məğlub olan tərəf Kərim xan Zənd olmuşdu. O, döyüş bölgələrindən qaçmaqla canını qurtara bilmişdi. Məhəmmədhəsən xan Qacar ömründə bir dəfə səhv etdi və bu səhvin də qurbanı oldu. Belə ki, 1759-cu ilin fevralında Kərim xan Zəndin üzərinə kiçik bir qüvvə ilə getdi və döyüşdə öldürüldü. Fətəli xan Əfşarla bacara bilməyən Kərim xan Zənd Qarabağlı İbrahimxəlil xanı, Xoylu Şahbaz xanı və başqalarını ittifaqa cəlb edərək, əsas düşməni olan Urmiyalı Fətəli xan Əfşarı aradan götürdü. Bayramı birlikdə qeyd etmək bəhanəsi ilə ittifaqa cəlb etdiyi xanları özü ilə Şiraza apardı. 1763-cü ildə baş verən bu hadisə tarixdə Şiraz qonaqlığı adlanır.

Atası Məhəmmədhəsən xan Qacar Kərim xan Zənd tərəfindən öldürüldükdən sonra Ağa Məhəmməd Qacar tayfasını Türkmənistan səhrasına apardı. Ağa Məhəmməd başına bir dəstə atlı toplayaraq Kərim xanın idarə etdiyi vilayətlərə hücumlar edirdi. İş o yerə çatdı ki, Kərim xan bütün ordusunu toplayaraq Ağa Məhəmmədin üzərinə getdi. Kiçik bir dəstə ilə böyük bir ordu üz-üzə gəldi.

Ağa Məhəmməd nəinki qorxub geri çəkilmir, əksinə, Kərim xan Zəndin ordusunun mərkəzinə hücum edir, mərkəzi yarıb o biri tərəfə çıxır, lakin adamlarının əksərini itirir. Ağa Məhəmməd gəlib bir vilayətə çıxır, bu vilayət də Kərim xanın torpağı idi. Buna görə burada da hücuma məruz qalır, yaralanır, qanaxmadan huşunu itirir. Atdan yıxılır və onu tuturlar. Ağa Məhəmməd xan təxminən 15 ilə qədər Kərim xan Zəndin yanında dustaq olur. Bu müddət ərzində dərin mütaliə edir. XII əsrdə yaşamış əndəlüslü filosof İbn Tofeylin yazdığı "Nəyyebni Yəqzən" fəlsəfi romanını oxuyur.

Dərin ağla, zəkaya, biliyə malik olduğu üçün Kərim xan Zənd ən mühüm məsələlərdə Qacar xandan məsləhət alırdı. Hətta bu müddət ərzində də Ağa Məhəmməd xan ruhdan düşmür, öz hisslərini gizlədərək ürəyində yaşadır. Qacarın əsas məqsədi hakimiyyətə gəlmək, qisasını Zənd hakimiyyətindən almaq idi. Onun hakimiyyətə gələndən sonra dediyi sözlər də bunu təsdiq edir: "Atamın, özümün, qardaşlarımın qisasını aldım". Qacar son dərəcə ehtiyatlı bir şəxs idi. O, Zənd tayfasına olan nifrətini büruzə vermir, gizlətməyi bacarırdı. Hətta Kərim xan Zəndin qardaşı vəzir Mirzə Cəfər xan qardaşına həmişə deyərmiş: — "Sən bu Xacəyə inanma, danışanda onun gözünün içinə bax! Onun dili ilə ürəyi başqa-başqa şeylər deyir", lakin Kərim xan Zənd Qacardan heç vaxt şübhələnməzdi. Qacar isə səbirsizliklə Kərim xanın ölümünü gözləyirdi. Nəhayət, 1779-cu ildə Kərim xan Zənd öldü. Bu zaman Ağa Məhəmməd xan Qacar ovdan şəhərə qayıdırdı. Qacar görür ki, şəhərin qapıları bağlıdır. O saat bilir ki, Kərim xan Zənd vəfat edib. Qacar şəhərə girmədən Şirazdan Tehrana doğru istiqamət götürür ki, bu xəbər yayılmamış özünü qardaşlarına çatdırsın, qoşun yığsın, hakimiyyəti ələ keçirsin. Beş gündə 900 km-dən artıq məsafəni qət edən Qacar məqsədinə nail olur, hakimiyyəti ələ keçirir. Bundan sonra Zənd tayfası ilə Qacar arasında şiddətli mübarizə başlayır. Şirazı, İsfahanı, Mazandaranı tutan Qacar 1785-ci ildə Tehranı paytaxt elan edir. Zəndlərlə mübarizə 1794-cü il Kirmanda Lütfəli xanın məğlubiyyəti ilə başa çatır.

Mirzə Adıgözəl bəy "Qarabağnamə"də (səh.57) yazır ki, İbrahimxəlil xan Qacarın ikinci yürüşünü eşidərək Şuşanı tərk edib öz yaxın adamları ilə birlikdə Ümma xanın yanına gedir. Ağa Məhəmməd şah bu xəbəri Araz kənarında eşidir və İbrahim xanı tuta bilmir. Eyni məzmunlu məlumatı Mirzə Camal Cavanşir Qarabaği də söyləyir (səh. 126). Eyni zamanda Əhməd bəy Cavanşir də özünün yazdığı "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" (1747-ci ildən 1805-ci ilə qədər) əsərində bu məlumatı təsdiq edir.

Şuşanın qarşı tərəfində meşə var və onun adı Topxana meşəsidir. Nə üçün meşənin adı belədir? Qacar Şuşa üzərinə ikinci yürüşündə topları həmin meşədə qurdurub Şuşanın müdafiə barısını vurdurur. Buna görə də həmin vaxtdan meşənin adı Topxana meşəsi qalır. Topçular qalanın hündür barısını gündüz topla vurub dağıdırdılar, lakin gecə qaladakılar həmin yeri yenidən hörüb bərpa edirdilər. Bu barədə fransız J. Kevr "Xacə şah" əsərində yazır. Qacarın ordusunda Rusiya-Türkiyə müharibələrində iştirak etmiş Həmid adlı bir təcrübəli topçu var idi. Ağa Məhəmməd şah Həmidi yanına çağırıb qalanın müdafiə barısını dağıtmaq üçün nə etmək lazım olduğunu soruşur. Həmid bildirir ki, biz gərək gecə dağıdılmış yerə atəş açaq ki, müdafiəçilər bərpa işləri görə bilməsinlər. Bu taktika öz bəhrəsini verdi. İbrahimxəlil xan başa düşdü ki, belə getsə, Şuşa tezliklə alınacaq. Ona görə xan başda olmaqla bir qrup sütunvari şəkildə düzülərək qəflətən Topxanaya hücum edirlər. Qacarın toplarını İbrahimxəlil xan məhv edir, lakin Şuşa qalasının yolunu İran ordusu bağladığı üçün qalaya qayıda bilmir və Cara getməyə məcbur olur. Məntiqi nəticə budur ki, "Qarabağnamə"lərin verdiyi məlumat doğru deyil. Ona görə ki, Qərb tarixçiləri o zaman İranda səfirlikdə işləyən adamların qeydlərindən, Qacar tarixçilərinin məlumatlarından istifadə edərək bu məsələni təsdiq ediblər. Mirzə Camal Cavanşir "Qarabağnamə"sində (səh.126) göstərir ki, İbrahimxəlil xan 20 gün Balakəndə qaldı. 128-ci səhifədə isə göstərir ki, 3 ay qaldı…

Qacar Şuşanı tutdu. Azərbaycanın şimalı da şaha tabe oldu.

Mirzə Camal Cavanşir "Qarabağın tarix"ində yazır: Ağa Məhəmməd şah bir gecə xoşu gəlmədiyi işə görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın xidmətçisinə acıqlanıb dedi: "Səhər açılan kimi ağır cəza verəcəyəm" ("Qarabağnamələr", səh.127). 3 "Qarabağnamə"nin heç birində şahın Səfərəli bəyi və Abbas bəyi nə üçün cəzalandırdığının səbəbi göstərilmir. İndi həmin səbəbləri araşdıraq. Qarət olunan bir şamaxılı ondan başqa heç kəsin soyulmadığını səhərisi gün bildi. Buna görə də, o, Şuşaya gəlib Axund Hacı Babəklə görüşür və məsələni təfsilatı ilə ona bildirir. Axund Hacı Babək Qədd bayramı münasibətilə Qacarı təbrik etmək üçün saraya gəlir və eyni zamanda şamaxılının şikayətini Qacara çatdırır. Qacar şamaxılını qəbul edir. Həmin şəxslərin əlamətini soruşur, bəlli olur ki, bunun biri xəlvət fərraşxana rəisi Sadıq xan Nəhavəndidir. Sadıq xanı çağırtdırır. Şamaxılıya isə bildirir ki, xəlvət bax gör, bu, həmin adamdırmı? Sadıq xan otağa daxil olur. Şah ona adi bir göstəriş verir. Sadıq xana xəlvət baxan şamaxılı bunun həmin şəxs olduğunu bildirir. Ağa Məhəmməd gün əyilənə yaxın yenidən Sadıq xanı çağırıb deyir: "Get Ərikli kəndinə, yemək üçün mənə ərik gətir". Ərikli kəndi Şuşadan xeyli aralı olduğu üçün Sadıq xan şaha bildirir ki, yolun uzaqlığına görə yalnız sabah qayıdıb gələ bilər. Şah razılığını bildirir. Gecə Sadıq xanın evində aparılan axtarış nəticəsində şamaxılı şikayətçinin mallarının bir hissəsi tapılır və saraya gətirilir. Qacar eyni zamanda xüsusi casuslar ayırır ki, Sadıq xanla kimlər görüşsə, xəbər versinlər. Səhəri gün Sadıq xan cəbələrə yığdığı əriyi Şuşaya gətirir. Yolda Səfərəli bəylə Abbas bəyə gecə evində axtarış aparılması haqqında məlumat verirlər. Casuslar Sadıq xanın bu görüşü haqqında şaha xəbər çatdırırlar. Nəhayət, Sadıq xan saraya gəlir. Şah ərikdən bir neçəsini yeyib tərifləyir. Sadıq xana getmə icazəsi verir. Sonra şamaxılını çağırır, bundan sonra Sadıq xanla Abbas bəyi, Səfərəli bəyi çağırtdırır. Sadıq xan şamaxılı kişinin şahın yanında olduğunu görəndə məsələnin nə yerdə olduğunu dərk edir və rəngi qaçır. Qarət edilən malların hamısı saraya gətirilir. Ağa Məhəmməd şah şamaxılıdan soruşur ki, mallarının hamısı burdadırmı? Kişi cavab verir ki, 200 tümən də pulunu alıblar. Şah əmr edir ki, kişinin pulunu verin, lakin qarətçilərin üstündə pul olmur. Şahın əmri ilə xəzinədar xəzinədən 200 tümən pulu şamaxılıya verir. Şah bildirir ki, sabah bu üç nəfər edam edildikdən sonra onların əmlakından 200 tümən pulu tutub xəzinəyə keçirsinlər. Onlar həbs edilir. Sadıq xan xəlvət fərraşlarının rəisi olduğu üçün həbs otağının qapısına qıfıl vurulmur. Bundan istifadə edən üç nəfər 1797-ci il iyulun 4-də Qacarı öldürdülər. Qacarın qətli Azərbaycan tarixşünaslığında düzgün izah edilməyib. Belə ki, guya Qacarın öldürülməsində Məhəmməd bəyin (Batmanqılınc) xüsusi rolu olub. Eynilə Sadıq xan Şəqaqinin də adı çəkilir. Sadıq xan Şəqaqi Qacarın qoşun fərmandahı idi. Məhəmməd bəy Sadıq xanın qohumu olub və hələ Qacar öldürülməmişdən əmr verərək Məhəmməd bəyi Sadıq xan Şəqaqinin evində göz dustağı etdirib.

Qacarı öldürən qatillər sübh çağı tezdən qaçmaq istərkən Şuşanın çıxacağında Sadıq xan Şəqaqi ilə rastlaşırlar. Sadıq xan Şəqaqi bunları sorğu-sual edir, özlərini şübhəli aparan bu üç qatil Sadıq xan, Abbas bəy, Səfərəli bəy Sadıq xan Şəqaqinin əmri ilə tutulurlar. Qacarın öldürülməsinin üstü açılır. Qacarın ölümü Azərbaycanın Rusiya tərəfindən işğalını sürətləndirdi. Abbas bəylə Səfərəli bəyin qəbri Ağdamda İmarət adlanan yerdədir.[5]

Ədəbiyyatda Qacar obrazı

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Azərbaycanda milli ideologiyanın formalaşmağa və ədəbiyyatın yeni bədii və tarixi funksiyalar daşımağa başladığı bir zamanda Qacar mövzusu ədəbiyyata, ədəbiyyatdan da səhnəyə -teatra gətirilmişdir. Buna misal olaraq Səməd Vurğunun "Vaqif"(1937) dramını, Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında"(1937), Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar"(1907) dramını, Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar"(2005) dramını göstərmək olar.

  1. Agha Mohammad Khan // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Āġā Muḥammad // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. Agha Mohammad Khan Qajar // https://pantheon.world/profile/person/Agha_Mohammad_Khan_Qajar.
  4. Jamie Stokes and Anthony Gorman, Encyclopedia of the Peoples of Africa and the Middle East, 2010, p.707, Online Edition Arxivləşdirilib 2020-08-19 at the Wayback Machine: "The Safavid and Qajar dynasties, rulers in Iran from 1501 to 1722 and from 1795 to 1925 respectively, were Turkic in origin."
  5. "Arxivlənmiş surət". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]