Qazan xan (Elxani hökmdarı)

Sultan Mahmud Qazan xan, Qazan xan və ya bəzən qərblilərin dediyi kimi Kasanus[1] (5 noyabr 1271, Mazandaran ostanı11 may 1304, Qəzvin) — Çingiz xanın ölümündən sonra formalaşan uluslardan biri olan Elxanilərin VII elxanı. O, bu imperiyanı 1295-ci ildən 1304-cü ilə qədər idarə etmişdir. Arqun xanın oğlu olan Qazan xan Abaqa xanın nəvəsi, Hülakü xanın isə nəticəsi idi. Beləliklə, o, birbaşa Çingiz xanın sülaləsindən gəlməkdə idi. Elxanilər dövlətini idarə etmiş şəxslər içərisində ən önəmli elxan hesab edilən qazan xan ən çox İslamı qəbul etməsi və 1295-ci ildə taxta çıxdığı zaman İmam ibn Teymiyyə ilə görüşməsinə görə bilinməkdədir. O, din dəyişdirmə addımı ilə Qərbi Asiya, İran, İraq, AnadoluCənubi Qafqazdakı monqolların arasında dominant dinin də müəyyən edilməsində həlledici rol oynamışdır.

Mahmud Qazan
monq. ᠭᠠᠵᠠᠨ ᠬᠠᠨ
3 noyabr 1295 – 17 may 1304
ƏvvəlkiBaydu xan
SonrakıOlcaytu
bayraq
Xorasan valisi
11 avqust 1284 – 3 noyabr 1295
ƏvvəlkiArqun xan
SonrakıƏbu Səid Bahadur
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Abaskun, Mazandaran
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Qəzvin
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası Arqun xan
Anası Qutluq xatun
Ailəsi Çingizlilər, Elxanlılar sülaləsi
Dini islam, buddizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun əsas arvadlarından biri olan Kököçin idi. Bayat tayfasından olan Kököçin əslində Qazan xanın atası Arqun ilə nişanlanmışdı, lakin sonuncunun ölümündən sonra Qazan xan ilə evləndirildi. O, Elxanilərə Qazan xanla eyni sülalədən gələn və ali monqol xaqanı hesab ediləm Xubilay xan tərəfindən göndərilmişdi.

Qazan xanın hakimiyyəti dövründə Suriyanı ələ keçirmək uğrunda Məmlük dövləti, eləcə də yeni bölgələr uğrunda mübarizə şəraitində bir digər türk-monqol dövləti olan Çağatay xanlığı ilə döyüşlər baş vermişdi. Eyni zamanda Avropa dövlətləri ilə yaxından diplomatik əlaqələr saxlayan Qazan xan özünün sələflərinin uğursuz Franko-Monqol ittifaqının qurulması siyasətini davam etdirmişdi. Yüksək mədəniyyətə malik şəxs kimi dəyərləndirilən Qazan xan bir çox hoppiyə sahib olmuş, çox sayıda xarici dildə danışmağı bacarmış, Elxanilər dövlətinin bir çox sahəsində islahatlar həyata keçirmişdi. Bu islahatlardan xüsusən valyuta münasibətlərini və fiskal siyasəti standartlaşdırılması ən mühümləri hesab edilir.

Qazan xanın atası Elxanlı imperiyasının hökmdarı Arqun xan idi. Anası isə Oryotların Dörbət elindən Egeçi Kultak idi. Arqun ilə Kultakın evliliyi zamanı Arqun xanın cəmi 12 yaşı var idi. Kultakın böyük bacısı olan Aşlun Hülakü xanın oğlu və Qazandan əvvəlki Böyük Xorasan hakimi Tübşinin arvadı idi. Fəzlullah Rəşidəddinə görə onların evliliyi Arqunun hakim təyin edildiyi Mazandaranda baş vermişdir.[2]

Qazan 11 dekabr 1271-ci ildə Bəndər Türkmən yaxınlığında yerləşən Abaskunda dünyaya gəlmişdir. Buna baxmayaraq, o, əsasən köçəri ordalarda böyümüşdür. O, babası Abaqa xanın arvadı olan Buluğan Xatun tərəfindən böyüdülmüşdür. Buluğan Xatunun özünün övladı yox idi. Qazan ilə Arqun uzun müddət bir-birilərini heş görməmişdilər. Ancaq 1279-cu ildə Abaqa xanın Qaraunasın üzərinə etdiyi yürüş zamanı ata və oğul qısamüddətli də olsa görüşə bildilər.[3]

Qazan qardaşı Olcaytu kimi Şərqi Xristian ənənəsi ilə böyüdülmüşdür.[4] Lakin monqollar ənənəvi olaraq dinlərə tolerant yanaşdıqları üçün Qazanın həyatı boyunca bir çox dinlərin təsirinə məruz qalmışdır. O, gəncliyində çinli buddinst din adamı tərəfindən təhsil almış, qədim mandarin dilini və buddizmi, eləcə də monqol və uyğur əlifbalarını öyrənmişdir.[5]

Əhməd Təkudarın hakimiyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

Qazan Abaqa xanın ölümündən sonra Keyxatu ilə birlikdə Buluğan Xatunun Bağdadda yerləşər düşərgəsində yaşamışdır. O, atası ilə Buluğan Xatunun Arqun ilə evləndirilməsindən sonra birdə görüşdü. Beləliklə, Buluğan Xatun onun ögey anası oldu.[6]

Xorasan hakimliyi

[redaktə | mənbəni redaktə et]

Arqun xanın hakimiyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

1284-cü ildə Əhməd Təkudarın devrilməsindən sonra Qazanın atası Arqun elxa elan edildi. Bu zaman Qazanın 11 yaşı var idi. O, atasının taxta çıxmasından sonra Xorasana hakim təyin edildi və Xorasana göndərildi. Bundan sonra o, heç vaxt atasını görə bilmədi. Ona hakimlikdə müavin təyin edilən Əmir Tegeneni Qazan bəyənmirdi. 1289-cu ildə monqollar arasında yenidən daxili qarışıqlıq hökm sürməyə başladı. Belə ki Hülakünün gəlişindən əvvəl İranın hakimi olan Arqun ağanın oğlu Novruz ağa Arquna qarşı böyük bir üsyan başlatmışdı. Qazanın köməkçisi Tegene Novruzun 20 aprel 1289-cu ildə etdiyi yürüşün qurbanı oldu. Qazan özü isə ələ keçirilib həbsə atıldı. Novruzun himayədarı olan Şahzadə Hulaçu Qazanın komandanlarından biri olan Mulay tərəfindən 10 gün sonra həbs edildi. 1290-cı ildə isə Novruzun qüvvələri Arqunun əsas qüvvələri tərəfindən məğlub edildi. Bundan sonra Novruz Elxanlılar dövlətindən qaçmağa məcbur oldu və Bayduya sığındı. Baydu Çingiz xanın soyundan gələn bir başqa hökmdar idi. O, eyni zamanda həm Ögeday xanədanının rəisi, həm də Elxanilərə qonşu olan Çağatay ulusunun hökmdarı idi. Bundan sonrakı 10 il ərzində Qazan xan Xorasanaı Çağatay xanlığından və Mərkəzi Asiyanın digər yerlərindən həyata keçirilən yürüşlərə qarşı mübarizə aparmaqla keçirdi.[7][8]

Keyxatu xanın hakimiyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

Qazan atası Arqun xanın 1291-ci ildə ölümü zamanı taxta iddia irəli sürə bilmədi. Çünki o, Xorasana mütəmadi yürüşlər həyata keçirən Novruzun orduları, daxildə baş verən üsyanlar və Nişapur ilə ətraf şəhərlərdə meydana çıxan aclıqla məşğul olmaqda idi. Bundan əvvəlki 3 nəsil elxanlara xidmət edən məşhur komandanlardan olan Tağacarın Arqunun ölümünün arxasındakı şəxs olduğu güman edilirdi.[3] Tağacar taxta Qazanın əmisi Keyxatunun iddiasını dəstəkləyirdi. Gəncliklərində aralarında olan rəqabətə baxmayaraq, Keyxatu Qazana yardım üçün Xorasana əlavə ordu göndərdi. Bu zaman Qazan Xorasanda Novruz ilə mübarizə aparmaqda idi. Qazana Keyxatu tərəfindən şahzadə Anbarçı (Münkü Teymurun oğlu), Əmir Tuladay, Quncuqbal və El Teymurun rəhbərliyində ordu göndərilmişdi. Keyxatu özü isə Anadoluda üsyan qaldıran türkmənlərlə döyüşməyə yollandı. Lakin tezliklə aclıq digər ordalara da çatdı və Anbarçı öz ordusunu yedirə bilməyəcək vəziyyətə düşdü. Buna görə də o, yürüşü yarımcıq saxlayı tezliklə Azərbaycana geri dönməyə məcbur oldu. O, Keyxatunu ziyarət etməyə çalışsa da, rədd cavabı aldı və geri dönməyə məcbur oldu. Qazan Təbrizdən Xorasana gedərkən yolda Çindəki monqol sülaləsi olan Yuanlar tərəfindən göndərilmiş şahzadə Kököçini qəbul etdi. Kököçin şərqdən karvan yolu ilə gətirilmişdi. Onu yüzlərlə insan müşayiət edirdi və bura məşhur səyyah Marko Polo da daxil idi. Əslində Kököçin Qazanın atası Arqun ilə nişanlandırılmışdı, lakin onun aylar boyunca davam edən səyahəti zamanı Arqunun öldüyünə görə oğlu Qazan ilə evləndirildi.[9]

1294-cü ildə Qazan Novruzu Nişapurda təslim olmağa məcbur etdi və Novruz Qazanın köməkçilərindən birinə çevrildi.[10] Qazan əmisi Keyxatuya qarşı sadiq olsa da, onun imperiyada kağız pul tədavülə buraxmasına qarşı çıxmış, bu islahatı öz vilayətində həyata keçirməmişdi. O, bu addımını Xorasanda havanın çox nəmli olmasın agörə kağız pul işlədilməsinin mümkünsüz olması ilə əsaslandırmışdı.[11]

Bayduya qarşı mübarizəsi

[redaktə | mənbəni redaktə et]

1295-ci ildə Tağaçar və müttəfiqləri Keyxatu xanı da öldürdülər. Bu çevrənin Arqun xanın da ölümünün əsas günahkarları olduqları ehtimal edilir. Bundan sonra onlar Qazanın əmisinin oğlu və nəzarət etmək rahat olan Baydunu taxta çıxardılar. Baydunun hakimiyyəti sadəcə simvolik səviyyədə idi və əslində imperiya onu taxta çıxaranlar arasında bölünmüşdü. Keyxatunun ölüm xəbərini eşidən Qazan tez bir şəkildə Baydunun üzərinə yürüdü. Baydu Qazana cavab olaraq Keyxatunun ölümünə aparan hadisələr zamanı onun çox uzaqda olduğunu və buna görə də əsilzadələrin başqa seçimləri olmadığı üçün məhz onu taxta çıxarmağa məcbur olduqlarını bildirdi.[12] Buna baxmayaraq, Novruz Qazanı Bayduya qarşı addımlar atmağa təhrik etdi. Novruz bunu Baydunun sadəcə imperiyanı bölməyə çalışan şəxslərin əlaltısı olmaqla əsaslandırırdı. Baydunun qüvvələrinə Eldar (onun əmisinin oğlu və şahzadə Acayın oğlu), Elçidey və Çiçək komandanlıq edirdilər və onlar Qəzvin yaxınlığında görüşdülər. Qazanın ordusuna şahzadə Soqay (Yoşmutun oğlu), Buralğı, Novruz, Qutluqşah və Nurin Ağa komandanlıq edirdilər. İlk döyüşdə Qazan qələbə qazansa da, geri çəkilməyə məcbur oldu. Çünki Qazan anladı ki, onun məğlub etdiyi Eldar komandanlığındakı ordu Baydunu dəstəkləyənlərdən ibarət ordunun sadəcə bir hissəsi idi. Qazan geri çəkilərkən Novruzu geridə buraxsa da, Coci Qasarın (Çingiz xanın doğma 3 qardaşından biri) soyundan gələn Arslanı ələ keçirdi.[13][14]

Qısamüddətli sülhdən sonra Baydu Qazana Elxanlı imperiyasını ikisinin birlikdə idarə etməsini təklif etdi. Novruzun sahib-i divan vəzifəsini tələb etməsi ilə birlikdə, Qazan atasının Fars, Əcəm İRaqı və Kermandakı şəxsi torpaqlarını irsi olaraq ona verilməsini tələb etdi. Novruzun bu şərtləri rədd etməsindən sonra həbs edildi. Bir lətifəyə görə, o, Bayduya onu azad edəcəyi halda Qazanı bağlayaraq ona göndərəcəyini söz vermişdi. Lakin Novruz Qazanın düşərgəsinə çatdıqdan sonra sadə bir qazanı bağlayaraq Bayduya göndərdi. Novruz Qazana onun İslamı qəbul edəcəyi halda onu taxta çıxaracağına söz vermişdi. Qazan Novruzun onu hərbi baxımdan dəstəkləməsi şərtilə 16 iyun 1295-ci ildə Sunni məzhəbini İbrahim ibn Məhəmməd ibn əl-Muəyyid ibn Həmaveyh əl-Xorasani əl-Cüveyni tərəfindən qəbul etdi.[15][16][14] Novruz 4 min döyüşçü ilə birlikdə Qəzvinə daxil oldu.[17] O, burada Ebügenin (Coci Qasarın soyundan gələn şahzadə) komandanlığı altında 120 min (başqa qaynaqlarda 30 min) döyüşçünün də gələcəyini elan etdi. Verilən məlumata görə bu yeni gələn ordular Azərbaycan yolunda onunla birləşəcəkdi. Tağaçarın vəziri Sədrəddin Zəncaninin fəaliyyəti nəticəsində onların ordusunda təlaş başladı. Çoban, Qurumuşi kimi güclü əmirlər Baydunu və Tağaçarı tərk etməyə başladılar. 28 avqust 1295-ci ildə demək olar ki, Baydunun ordusu dağıldı.[18]

Məğlubiyyətin qaçılmaz olduğunu görən Baydu onu tərk etməsindən xəbərsiz Tağaçardan dəstək istədi. Tağaçarın geri çəkildiyini başa düşdükdən sonra 26 sentyabr 1295-ci ildə Gürcüstandakı Əmir Tukala qaçdı. Qazanın sərkərdələri onu Naxçıvan yaxınlığında tapdılar və həbs etdilər. Baydu 1295-ci il oktyabrın 4-də edam edilmək üçün Təbrizə göndərildi.[3]

Dini təqiblər

[redaktə | mənbəni redaktə et]

Eyni zamanda Novruz Qazanın bibisi olan Toğan Xatun ilə evli idi. Bu ikisi Qazan xanın dini düşüncələrinin formalaşmasında mühüm rol oynamışdılar. Qazan xanın müsəlman olmasını elan edilməsindən sonra Baydunu dəstəkləyən müsəlman əmirlər tərəf dəyişdirmişdilər və bu da iki şahzadə arasındakı mübarizənin nəticəsinin müəyyən edilməsində mühüm rol oynamışdı. Gürcüstana qaçmağa çalışan Baydu həbs edilmiş və 4 oktyabr 1295-ci ildə edam edilmişdi. Həmçinin mənbələrdə yazılan bilgilərə görə, Novruz ağa xristianlara qarşı təmizləmələrə başlamış, yalnız bundan sonra Qazan xan yarlıq verərək bu siyasətin hüquqi olduğunu bildirmişdi. Xristian müəllif olan Stefanos Arbelian yazır ki, Novruzun səyləri nəticəsində Elxanilər dövlətindəki bütün monqollar müsəlmanlığa keçdilər. Lakin Fəzlullah Rəşidəddin Qazan xanın İslamı qəbul etdiyi gündə digər monqollarında kütləvi şəkildə bu dinə keçdiklərini yazır. vasaf Şirazi və Həmdullah Mustofhi isə Qazan xanın taxta çıxmasından sonra qərar qəbul etdiyini və bütün monqollara İslamı qəbul etməyi əmr etdiyini qeyd edirlər. Lakin bütün monqolların İslama keçmədikləri də bildirilməkdədir. 1296-cı ildə Noyon Oyrot dini təzyiqlərə görə və məcburi din dəyişdirmə hadisələrinə görə məmlüklərə sığınma kimi mübahisəli hesab edilə biləcək qərar qəbul etmişdi. Məmlük salnamələrində onlara sığınan Oyrot ailələrinin sayı 10–18 min ailə olaraq göstərilir. Eyni zamanda bu qaçqınların buddist patriarxlar olduğu da iddia edilir.[19]

Qazan xan elan edildikdən sonra Novruz öz qardaşları olan Laqzi Güregeni maliyyə işlərinə nəzarət edən, Hacı Narini isə divana nəzarət edən şəxslər olaraq təyin etdi. Qatı dindar müsəlman olan Novruz ağa III Yabalaxa və Rabban Bar Sauma tərəfindən Nestorian xristianlığının qatı əleyhdarı kimi təqdim edilir. İslamın dövlətin yeni dini elan edilməsindən sonra Novruz bütün buddist və xristian ibadət yerlərinin ya dağıdılmasını, ya da məscidə çevrilməsini əmr etdi.[20]

Xristian məbədlərindən əlavə, buddistlər Qazan xan ilə Novruz ağanın başqa dinlərə qarşı təzyiq siyasətindən ən çox əziyyət çəkən kəsim idilər. Qazan xan dövlətin içərisində də müqavimətlə qarşılaşdı. Hülakü xanın nəvəsi olan şahzadə Soqay üsyan qaldırdı. Onun üsyanının digər səbəbləri olsa da, həm o, həm də onu dəstəkləyən Əmir Barola kimi sərkərdələr üsyana səbəb kimi din dəyişdirməyə məcbur edilmələrini də göstərirdilər. Üsyançılar Qazan xanın bu siyasətini Novruz ağa ilə əlaqələndirirdilər. Soqayın üsyanının yatırılması digər üsyanların meydana çıxması ilə nəticələndi. Esen Teymurun və Qurumuşinin üsyanlarının da yatırılmasından sonra Çingiz xanın qardaşının nəslindən gələn şahzadə Arslan üsyana başladı. Bu üsyan Qazan xanın həyatına təhlükə yaratsa da, digər üsyanlar kimi Novruz ağanın yardımı ilə yatırıldı. Üsyanlara cavab olaraq Qazan xan 1296-cı ildə kütləvi edam prosesinə başladı. Bu proses zamanı 5 şahzadə, onların qan qohumları, eləcə də 38 sərkərdə edam edildi. Qazan xan 1295-ci ildə II Hetum ilə görüşdüyü zaman ona xristianlara toxunmayacağını bildirmişdi. Eyni zamanda 1296-cı ildən Qazan xanın bu siyasətini tərk etdiyini göstərən hər hansısa material yoxdur. II Hetumla görüşdüyü zaman Qazan xan yalnız Elxanlı buddistlərinə qarşı qisas almağa davam edəcəyini də bildirmişdi. Beləliklə, Qazan xan erməni kilsəsinə mənsub olan təbəələrini himayə etsə də, xüsusilə Nestorianlara qarşı təzyiqləri davam etdirdi. Xristianlara qarşı təzyiqlər bir neçə ay davam etsə də, 1296-cı ildə bitdi. Bu tarix Soqayın, Arslanın və Esen Teymurun üsyanlarının yatırıldığı dövrə təsadüf edirdi.[19]

Siyasi təqiblər

[redaktə | mənbəni redaktə et]

Baydunun 4 oktyabr 1295-ci ildə Təbriz yaxınlığından edam edilməsindən sonra Qazan özünün qələbə qazandığını elan edib şəhərə daxil oldu. Onun xan elan edilməsindən sonra bir çox təyinatlar və ya edamlar barədə əmrlər verilməsinə başlanıldı. Keyxatunun oğlu Alafranqın kürəkəni Elçiday Quşçu edam edildi, Novruz fövqəladı səlahiyyətlər verilməklə dövlətin naibi elan edildi. Onun bu səlahiyyətləri Arqunun xanlığı dövründəki Buğanın səlahiyyətlərinə bənzəməkdə idi. Novruz isə öz növbəsində Elxanlılardakı digər dinlərə qarşı rəsmi bir fərman verdi. Novruzun fərmanı nəticəsində buddistləri və xristianları o qədər təqib etdilər ki, İranda buddizm heç vaxt özünə gəlmədi, dövlətin paytaxtı Marağada Şərq Xristian kilsəsi talan edildi, Təbriz və Həmədandakı kilsələr dağıdıldı. Digər bir sıra edamlar 1296-cı ildən sonra baş verdi: Şahzadə Acayın oğlu Eldar fevralın 6-da Anadoluya qaçdı, lakin tutularaq edam edildi; Hülakünün kürəkəni Tarağayi dəstəkləyən Oryat komandiri Yesütay Suriyaya köç edərkən həbs edilib mayın 24-də, Arquna qarşı üsyan edən komandir Buralqi Qiyatai isə fevralın 12-də edam edildi.[13]

Bu zaman Qızıl Orda dövlətində hökmdarların taxta çıxmasından önəmli rol oynayan Noqay xan öldürüldü. Əri öldürüldükdən sonra Çubey oğlu Toray (və ya Böri) ilə birlikdə 1296-cı ildə Qazan xana sığındı. Toray eyni zamanda Abaqa xanın kürəkəni idi.[21]

Qazan xan Qızıl Orda ilə olan pis münasibətləri yaxşılaşdırsa da, Ögedaylar və Çağataylarla olan gərginlik davam etməkdə idi. Bu iki Çingiz xandan törəmə xanədanlar həm Elxanilərə, həm də elxanın hamisi və müttəfiqi olan Çindəki ali xaqana qarşı təhdid təşkil etməkdə idi. Qazan xan taxta çıxdığı zaman Çağatay xanı Duva 9 dekabr 1295-ci ildə Xorasanı ələ keçirdi. Qazan xan Duvaya qarşı qohumları şahzadə Soqay (Yoşmutun oğlu) və Esen Teymurun (Qonqurtayın oğlu) komandanlığı altında ordu göndərdi. Lakin onlar Qazan xanın əmrinə tabe olmadılar, çünki orduya komandan təyin edilərək Xorasana göndərilmələrini Novruzun onlara qarşı sui-qəsdi kimi dəyərləndirmişdilər. Onlar inanırdılar ki, Novruz onları öz mülklərindən uzaqlaşdırmağa çalışmaqdadır. Onun üsyanının digər səbəbləri olsa da, həm o, həm də onu dəstəkləyən Əmir Barola kimi sərkərdələr üsyana səbəb kimi din dəyişdirməyə məcbur edilmələrini də göstərirdilər. Üsyançılar Qazan xanın bu siyasətini Novruz ağa ilə əlaqələndirirdilər. Novruz Qazan xana bu barədə məlumat verdi və onlar 1296-cı ildə edam edildilər. Bundan bir qədər sonra bir başqa Borçiqin şahzadəsi Arslan da Biləsuvarda üsyana başladı. O, buna qədər Qazan tərəfindən Baydu ilə mübarizə zamanı ələ keçirilmiş və bağışlanmışdı. Bir neçə döyüşdən sonra Arslan Beyləqanda ələ keçirildi və bir müddət sonra edam edildi.29 martda onun üsyana qarışmış bir neçə başqa əmirlər də edam edildilər.[22]

Şahzadələrin təmizlənməsindən sonra Taqaçarın Şahzadə Soqayın üsyanında iştirak etdiyi güman edilirdi və üsyançı elan edildi. Tağaçar Tokatda mövqeyini gücləndirdi və ona qarşı Qazan tərəfindən göndərilmiş Harmançı, Baltu və Ərəbə (Samaqarın oğlu) qarşı müqavimət göstərdi. Qısa müddət sonra o, Baltu tərəfindən Dəlicə adlı yerdə həbs edilib 1296-cı ildə Qazana təhvil verildi. Bundan qısa müddət sonra Qazan tam ürəkli də olmasa onun edam edilməsinə əmr verdi. O, Tağaçarın ona əvvəllər kömək etdiyini və böyü təhlükə olmadığını qəbul edirdi. Lakin buna baxmayaraq, onun edam əmrini bir Çin hekayəsi ilə əsaslandırmağa çalışmışdı. Hekayədə gələcək imperatora hazırkı imperatora xəyanət etməklə xilas edən şəxsin edam edilindən bəhs edilirdi.[21][19]

Təqiblər Çormoqun Noyonun nəvəsi Bəyqutun 7 sentyabr 1296-cı ildə edam edilməsi ilə davam etdi. Xəzəraspid sülaləsindən hakim I Əfrasiyab 1296-cı ilin oktyabrında, Baydunun vəziri Camaləddin 27 oktyabr 1296-cı ildə edam edildilər.[21]

Baltunun üsyanı

[redaktə | mənbəni redaktə et]

Tağaçarın ölümü Abaqa xanın dövründən Anadoluda yaşayan Cəlairli tayfasından olan Baltunun üsyana başlamasına səbəb oldu. Onun bu üsyanı 1296-cı ilin sentyabrında həbs edilən və sonradan edam edilən Qonqurtay oğlu Eldar tərəfindən də dəstəklənirdi. Üsyanın başlamasından iki ay sonra Qutluqşah 30 minlik qoşunla Anadolunu ələ keçirib üsyanı yatırdı. Baltu Təbrizə gətirilib həbsə atıldı. O və oğlu 1297-ci ilin 14 sentyabrda edam edildilər. Bir digər tərəfdən Anadolu səlcuqlularının hökmdarı II Məsud da həbs edildi və Həmədanda zindana atıldı.[23]

Novruzun öldürülməsi

[redaktə | mənbəni redaktə et]

Novruz bir müddətdən sonra ordu daxilində xeyli məşhurluğa malik olan Nurin Ağa ilə mübahisə etməyə başladı və sonra da Xorasanı tərk etdi.

Qərbə gəldikdən sonra Novruz ağa ona qarşı təşkil edilmiş bir sui-qəsd cəhdindən qurtula bildi. Onu öldürməyə cəhd edən Tuğtay adlı əsgər Novruzun öz atası olan Arqun ağanı qətlə yetirdiyini iddia edirdi. Qısa müddət sonra Novruz Qazan xanın sahib-divanı Sədr əl-Din Xaladi tərəfindən məmlüklərlə birlik olmaqda ittiham edildi. Həqiqətən də, Məmlük mənbələrinə görə, Novruz Sultan Laçınla yazışırdı.[22]

Bundan istifadə edən Qazan xan Novruz və onun tərəfdarlarına qarşı 1297-ci ildən etibarən böyük təmizləməyə başladı. Onun qardaşı Hacı Narin və onun tərəfdaşı Satılmış Novruz uşaqları ilə birlikdə Həmədanda edam edildilər. Novruzun bir digər qardaşı Lazi Güregen 2 aprel 1297-ci ildə İraqda edam edildi. 12 yaşlı oğlu Toğay Arqun ağanın nəvəsi və Qazan xanın arvadı olan Buluğan Xatun Xorasaninin səyləri nəticəsində edamdan qurtula bildi. Edam əvəzinə o, Əmir Hüseynin yanına göndərildi. Xilas ola bilənlərin digərləri isə qardaşı Yol Qutluq və qardaşının oğlu Küçluq oldu. Lakin imperiyadakı hakim təbəqənin Novruzdan narazılığı getdikcə artmaqda idi. Bu da onun tədricən zəiflədilməsinə və 1297-ci ilin yayında edam edilməsi ilə nəticələndi. Xəyanətdə ittiham edilən Novruzun məmlüklərlə yazışmasını göstərən sənədlər üzə çıxarılmışdı. Lakin müəlliflərin bəzisi bu sənədlərin saxta olduğunu bildirməkdədirlər. Məktublarda Novruzun özü ilə eyni dində olan Məmlük sultanından Elxanlı buddist monqollarının İslamı qəbul etməyə müqavimət göstərdiyinə görə yardım istədiyi qeyd edilmişdi. Mənbələrdə Novruzun öldürülməsindən sonra qeyri-müsəlmanlara qarşı təzyiqlərin dayandırıldığı bildirilir.[19] Beləliklə, Qutluqşaha Novruzu təqib və öldürmək əmr edildi. Onun orduları Novruzu Cəm və Nişapur yaxınlığında iki dəfə məğlub etməyi bacardı. Bu məğlubiyyətlərdən sonra Novruz müasir Əfqanıstanın şimalında, Heratda məlik Fəxrəddinin yanında sığınacaq tapdı. Lakin Fəxrəddin ona xəyanət edərək Qutluqşaha təhvil verdi. Nəticədə Novruz 13 avqust 1297-ci ildə edam edildi.[24] Onunla birlikdə qardaşları Hacı və Bulquq da edam edildilər. Novruzun kəsilmiş başı kəsilərək Bağdadın darvazasından asıldı.[25]

Digər monqol xanlıqları ilə münasibəti

[redaktə | mənbəni redaktə et]

Qazan xan həm Qızıl Orda, həm də Ali Monqol Xaqanı ilə yaxşı münasibətlər saxlamaqda idi. 1296-cı ildə Xubilay xanın varisi Teymur xan özünün hərbi komandanlarından biri olan Baycunu Elxanilərin yanına göndərdi. Bundan beş il sonra Qazan özünün monqol və fars xidmətçilərini Hülakü xanın Çindəki mülklərindən vergi toplamaq üçün Çinə göndərdi. Bu xidmətçilər Çində ikən Teymura hədiyyələr təqdim etdilər və Monqol Avrasiyası boyunca mədəni əlaqələr qurmaqla məşğul oldular. Qazan digər monqol xanlarını öz iradələrini ali monqol xaqanı Teymur xana tabe etməyə çağırırdı. Onun bu təklifi Kaydunun düşməni və Ağ Orda hökmdarı Bayan xan tərəfindən də dəstəkləndi. Eyni zamanda Qazan xanın sarayında çinli həkimlər də var idi.

Hakimiyyətinin sonrakı dövrü

[redaktə | mənbəni redaktə et]

Ölkə daxilində sabitliyi qorumaq və davam etdirmək üçün Qazan yenidən edamlara başladı. Bu prosesin bir parçası kimi Münkü Teymurun oğlu Taycu 15 aprel 1298-ci ildə fitnəkarlıq ittihamlarına görə edam edildi. Vəzir Sədrəddin Zəncanı 4 mayda, qardaşı Qütbəddin və qohumu Qəvam-ül-Mülk 3 iyunda dövlət əmlakını mənimsəmə, Əbu Bəkr Dadqabadi 10 oktyabrda edam edildilər. Vəzir vəzifəsinə Qazan xan yəhudilikdən müsəlmanlığa keçmiş Fəzlullah Rəşidəddini təyin etdi. O, bu vəzifədə 1318-ci ildə öldürülənə qədər qaldı. Eyni zamanda Qazan xan ona öz sülaləsinin və türklər ilə monqolların tarixini yazmağı əmr etmişdi. Nəticədə Fəzlullah dövrün tarixini öyrənmək üçün hələ də əsas qaynaqlardan biri hesab edilən Cəmi ət-Təvarix əsərini yazdı. Bir neçə illik genişlənmə müddətində iş Adəm dövründən bəri bütün dünya tarixini əhatə etmək üçün böyüdü və Qazanın varisi Olcaytunun hakimiyyəti dövründə tamamlandı. Çoxlu nüsxələr hazırlanmışdır, onlardan bir neçəsi müasir dövrümüzə qədər qalmışdır.

Taycunun öldürülməsindən sonra 11 sentyabr 1298-ci ildə Nurin ağa Aranın hakimi təyin edildi.

Sülemişin üsyanı

[redaktə | mənbəni redaktə et]

Baycunun nəvəsi Sülemiş 1299-cu ildə Anadoluda üsyana başladı. O, Baltunun üsyan qaldırmasından sonra Qutluqşah tərəfindən Anadoluya hakim təyin edilmişdi. Baycunun 20 min nəfərlik ordu toplamasından sonra Qazan xan Suriyanı ələ keçirmək planını ertələməyə məcbur oldu. Qutluqşah Arandan geri gəlməyə məcbur oldu. 27 aprel 1299-cu ildə Ərzincan yaxınlığında baş vermiş döyüşdə Qutluqşah qələbə qazandı və məğlub olan üsyançılar Misir məmlüklərinə sığındılar. Sülemiş Misirdən məmlüklərdən aldığı dəstək qüvvə ilə geri dönsə də, yenidən məğlub edildi. Sülemiş Təbrizə gətirildi və 27 sentyabr 1299-cu ildə edam edildi.

Məmlük-Elxanlı müharibəsi

[redaktə | mənbəni redaktə et]

Qazan, ortaq düşmənlərinə, ilk növbədə Misir Məmlüklərinə qarşı Franko-Monqol ittifaqı yaratmaq cəhdlərində avropalılar və səlibçilərlə diplomatik əlaqədə olan monqol liderlərinin uzun bir xəttinin nümayəndələrindən biri idi. O, buna qədər özünün Gürcüstan və Kilikiya erməniləri kimi vassal xristian dövlətlərin hərbi qüvvələrindən yararlanmışdı. Plan, Misirliləri məğlub etmək üçün Qazan qüvvələri, xristian hərbi dairələrini və Kipr aristokratiyası arasında hərəkətləri əlaqələndirmək idi, bundan sonra Qüds avropalılara qaytarılacaqdı. Pizalı İsol [a] və Buskarello de Ghizolfi[b] kimi şəxslər Qazan xan üçün işləmişdilər. Bunlar adətən saray daxilində yüksək vəzifələrdə işləyirdilər. Belə yüzlərlə macəraçı avropalı monqol hökmdarlarının xidmətinə daxil olmuşdular. Tarixçi Peter Ceksona görə XIV əsrdə monqollara aid şeylər Qərbdə çox yüksək dərəcədə dəbdə olmuşdur. Belə ki İtaliyada bir çox yeni dünyaya gələn uşaqlara Qazan da daxil olmaqla monqol hökmdarlarının adları verilirdi. Bu adlardan ən çox istifadə edilənləri Can Grande ("Böyük Xan"), Alaone (Hülakü, Qazanın ulu babası), Argone (Arqun, Qazanın atası) or Cassano (Qazan)

1299-cu ilin oktyabrında Qazan qüvvələri ilə birlikdə Suriyaya irəlilədi və xristianları onun ordusuna qatılmağa dəvət etdi. Bir müddət sonra Hələb şəhəri də Qazanın qüvvələri tərəfindən ələ keçirildi. Burada ona özünün vassal hakimi olan Kilikiya çarı II Hetum, müəyyən qədər də Malta ordeni üzvləri və Tambliyerlər də qatıldılar.[30]

Vadi əl-Xəznədar döyüşü

[redaktə | mənbəni redaktə et]

Döyüşün əvvəllərində Qazan xanın ordusunda 60 min,[31][32] Məmlük ordusunda isə 20–30min[33][31] döyüşçünün olduğu güman edilir. Döyüşün sonunda məmlüklərin özlərinin 5 minə qədər döyüşçüsünü itirdikləri iddia edilir.[33] Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna baxmayaraq, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır.[30]

Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı. Qazanın ordusundan bir qrup döyüşçü ayrılaraq geri çəkilən Məmlük ordusunu Qəzzaya qədər izlədi və Misirə qədər qovdu. Ordunun yerdə qalan qismi isə Dəməşqə doğru irəlilədi və şəhəri mühasirəyə aldı. Şəhər 30 dekabr 1299 ya da 6 yanvar 1300-cü ildə təslim oldu. Lakin şəhər qalasındakə qarnizon müqavimət göstərməyə davam etməkdə idi. Qazanın ordusunun əksər hissəsi fevralda geri çəkildilər. Bunun səbəbi kimi Elxani döyüşçülərinin atlarının yem ehtiyacının olduğu güman edilir. Qazan xan 1300–1301-ci ilin qışında geri dönəcəklərini bildirmişdi. Geri çəkilmədən sonra 10 minlik ordu Mulayın komandanlığı altında Suriyanı idarə etmək üçün buraxıldı. Bir müddət sonra onlar da geri çəkildilər.[34]

Məmlüklər bu yürüşə görə Qazandan həm qorxur, həm də ona nifrət edirdilər. Onlar 1300-cü ilin yanvarında İbn Teymiyyənin də daxil olduğu imamlardan və aparıcı alimlərdən ibarət diplomatik heyəti Dəməşqdən Qazan xanın qışladığı əl-Nabekə göndərərək ondan şəhərə davam edən hücumu dayandırmalarını istədilər. Eyni zamanda İbn Teymiyyə Qazanın din adamlarından olan Diya əl-Din Məhəmməd ilə də Dəməşq şəhərində 1301-ci ilin avqustunda görüşmüşdü. Belə hallardan birində rəvayət olunur ki, İbn Teymiyyədən başqa alimlərdən heç biri Qazana bir şey deməyə cəsarət etməmişdir:

Sən iddia edirsən ki, müsəlmansan və Sizin yanınızda müəzzinlər, müftilər, imamlar və şeyxlər var, amma siz bizə hücum edib nə üçün ölkəmizə gəldiniz? Baxmayaraq ki, sizin atanız və babanız Hülakü inanclı deyildilər, bizə hücum etməmiş, öz sözlərinin üstündə durmuşdular. Lakin siz söz verdiniz və öz sözünüzün üstündə durmadınız.

1300-cü ilin iyulunda xaçlılar 16 gəmidən və bir qədər də kiçik qayıqlardan ibarət donanma düzəldərək sahil hissələri yağmalamağa başladılar. Qazanın səfiri də onlarla birlikdə idi. Xaçlı ordusu eyni zamanda kiçik Ruad adasında baza formalaşdırmaq və buradan Tərtus şəhərinə mütəmadi yürüşlər təşkil etməyə cəhd etdilər. Bütün bu proses zamanı isə onlar Qazanın əsas qüvvələrinin gəlişini gözləyirdilər. Lakin Qazan xanın ordusu gecikdiyinə görə onlar Kipr adasına geri çəkilməyə məcbur oldular. Onlar Ruad adasında kiçik qarnizon buraxsalar da, bu qarnizon 1303-cü ildə məmlüklərə təslim oldu.

1301-ci il yürüşü və Qərblə yeni əlaqələr

[redaktə | mənbəni redaktə et]

1301-ci ilin fevralında Qazan xanın ordusu yenidən 60 min nəfərlik qüvvə ilə yürüşə başladı. Lakin bu ordu Suriyada kiçik yağmalar həyata keçirməkdən o tərəfə keçə bilmədi. Qazan xanın generalı Qutluqşaq 20 min nəfərlik qüvvəsini Dəməşqi qorumaq üçün İordan vadisində cəmləşdirmişdi. Eləcə də bura monqol hakim tərəfindən idarə edilirdi. Lakin qısa müddət sonra yenidən o qüvvələr geri çəkilməyə məcbur edildilər.

Yenidən xaçlılar ilə ortaq əməliyyatlar hazırlamaq və növbəti qışda hücuma keçmə barədə razılaşmaya gəlindi. 1301-ci ilin sonlarında Qazan Roma papası VIII Bonifasedən ordu, keşiş və kəndlilər göndərməsini, beləcə Müqəddəs Torpaqları "yenidən Frank dövlətinə" çevirməyi təklif etdi. Lakin yenə də Qazan bildirdiyi vaxtda Suriyada görünmədi. 1302-ci ildə o, yenidə Papaya məktub göndərdi. Bundan başqa onun səfirləri Neapollu II Karlın da sarayını 27 aprel 1303-cü ildə ziyarət etdilər. II Karl da öz növbəsində Gualterius de Lavendeli Qazanın sarayına göndərdi.

Mərc əl-Səffar döyüşü

[redaktə | mənbəni redaktə et]

1303-cü ildə Qazan Buskarello de Gizolfinin rəhbərliyində I Edvarda məktub göndərdi. O, məktubunda ulu babası Hülakü xanın sözünü təkrarladı və monqolların Yerusəlimi Franklara verəcəyini bildirdi. Bunun üçün Franklar onlara məmlüklərə qarşı əməliyyatlarında yardım etməli idilər. Qazan xan 80 minlik ordu təşkil edərək Qutluq Xacənin komandanlığı altında yağma yürüşləri həyata keçirən Çağatay xanlığına qarşı yürüş başlatmışdı. Orada uğur qazanıldıqdan sonra Qazan xan yenidən məmlüklərin üzərinə yürüşə çıxdı.[35]

1303-cü ildə Qazan xan Qutluqşahı Suriyanı yenidən ələ keçirmək üçün göndərdi. Qutluqşah ilə birlikdə Qazan xan da ordusu ilə Rahbeyə çatmışdı. Buradakı Məmlük hakimi onu qarşılamağa çıxmış, ona hədiyyələr vermiş, eyni zamanda da Rahbenin kiçik yer olduğunu, hökmdarların böyük şəhərlərə yönəlməli olduğunu, çünki əgər belə bir kiçik yeri tutmaq istəsə onların Elxani ordusuna əngəl ola bilməyəcəklərini bildirdi. Qazan xan hakimin oğlunu və bir məmlükünü girov olaraq götürüb öz yerinə geri döndü. Onunla birlikdə olan ordunu isə Qutluqşahın yanına göndərdi. Qutluqşaha isə Dəməşq üzərinə yürümək əmr edildi. Hələb və Həma sakinləri monqollardan xilas ola bilmək üçün Dəməşqə qaçdılar. Lakin II Bəybars bu zaman Dəməşqdə idi və Məmlük sultanı Nəsrəddin Məhəmmədə məktub yazaraq gəlməsini və monqollarla birlikdə döyüşülməsini bildirdi. Sultan ordusu ilə birlikdə monqollarla döyüşmək üçün Misirdən yola çıxdı və monqollar HƏmaya hücum edərkən oraya çatdı. 19 apreldə Elxanlı ordusu onu qarşılamaq üçün Dəməşq həndəvərinə gəldi. Bundan xəbər tutan Məmlük ordusu öz yolunu Mərc əl-Səffar düzənliyinə saldı və iki ordu burada qarşılaşdı. Döyüş 20 aprel 1303-cü ildə başladı. Qutluqşahın ordusu çay yaxınlığında mövqe almışdı. Döyüş Qutluqşahın sol cinahının 10 min nəfərlik qüvvə ilə məmlüklərin sağ cinahına hücum etməsi ilə başladı. Məmlük ordusunun bu cinahına ağır zərbə vuruldu. Məmlüklərin mərkəz və soldakı qüvvələrinə isə Salar və Bəybars ək-Ceşnakir komandanlıq etməkdə idilər. Onların Elxanlı ordusu ilə toqquşmalarına Bədəvi qeyri-nizami dəstələri də yardım edirdilər. Elxanlı ordusu durmadan Məmlüklərin sağ cinahına təzyiqi artırmaqda idilər və məmlüklərin çoxu döyüşü yaxın bir zamanda tamamilə itirəcəklərini düşünürdülər. Lakin məmlüklərin sol cinahı hələ də möhkəm olaraq qalmaqda idi. Bu zaman Qutluqşah yaxınlıqdakı təpəyə çıxaraq oradan ordusuna əmrlər göndərməyə başladı. Lakin məmlüklər təpəni mühasirəyə aldılar və ağır döyüş baş verdi. Elxanlı ordusu ağır zərbələr aldılar. Növbəti səhər məmlüklər bilərəkdən öz sıralarını açaraq Elxani döyüşçülərinin Vadi Arram çayına keçmələrinə şərait yaratdılar. Elxani ordusu çaydan çox ehtiyac duyduğu suyu həm qəbul edib, həm də atlarına verməyə çalışarkən məmlüklərin ordusu arxadan onlara hücuma keçdi. Günortaya qədər davam edən sonrakı döyüşlər şiddətli oldu. Ertəsi gün döyüş bitdi.[36][37]

Orta əsrlər misirli tarixçisi əl-Məğrizi bildirir ki, döyüşdən sonra Qutluqşah Kuşuf adlı yerdə Qazan xana çatmış və ona ordunun məğlub edildiyi xəbərini vermişdir. Məğriziyə görə Qazan xan bu xəbərdən o qədər qəzəblənmişdi ki, burnundan qan açılmışdı. Misirə və Dəməşqə qələbə xəbəri göndərildi, Sultan özü isə Dəməşqə getdi. Sultan Dəməşqdə ikən Məmlük ordusu hələ də Elxani ordusunu izləməyə davam etməkdə idi. Təqib əl-Qarqateynə qədər davam etdi. Sultan Qahirəyə qayıdanda zəncirlənmiş hərbi əsirlərlə Bab ən-Nəsrdən (Qələbə qapısı) içəri girdi. Böyük qələbəni qeyd etmək üçün Misirin hər yerindən müğənnilər və rəqqaslar çağırılırdı. Qalalar bəzədilib, şənliklər günlərlə davam etdi.[36][37]

Ələ keçirilmiş monqol döyüşçülərdən biri vasitəsiylə Məmlük ordusunun qələbəsini bildirmək üçün Elxani hökmdarı Qazana da məktub göndərildi.[38]

Döyüşdə böyük itki verən Elxanilər Fəratın sahillərinə doğru qaçmağa çalışmaqda idilər. Döyüşçülərin önəmli bir qismi öldürülən Qutluqşah az bir birlik ilə çayı qarşı tərəfə keçə bilmişdi. Məmlük müəlliflərindən biri olan Baybars əl-Mansuri Elxanilərin 3 hissə ilə qaçmağa çalışdığını, iki qrupun 30 min, üçüncü qrupun isə 20 min nəfərdən ibarət olduğunu yazır. Tarixçi bu qüvvələrin çoxunun onları təqib edən Məmlük ordusu tərəfindən öldürüldüyünü də yazmaqdadır. Həmçinin çoxunun ayaqla qaçmağa çalışdığı, ayaqlarına at yəhərlərinin çullarını bağladıqları da bildirilir. Sağ qurtula bilənlər isə əsasən Məmlük döyüşçülərinin görmədikləri şəxslər idilər. Belə ki Məmlük döyüşçüləri gördüklərini ya öldürür, ya da əsir alırdılar. Mənbələrdə döyüşdən sonra hər tərəfdə Elxani döyüşçülərinin cəsədləri qaldığı da bildirilir.[38]

Döyüşdə məmlüklərin ordusunun 18.000–20.000[39][40] nəfərdən, Elxani ordusunun isə 20.000–30.000[39][40] nəfərdən ibarət olduğu iddia edilir. Həm Mərc əl-Səffar, həm də Şaqhab döyüşü adlandırılan bu döyüş İslam tarixində mühüm hadisə olmaqla birlikdə, müasir İslam dininə də təsirsiz ötüşmədi. Belə ki İbn Teymiyyənin müsəlmanlara qarşı mübahisəli cihad fətvası və Ramazan ayı ilə bağlı qərarlı döyüşün bir digər önəmli tərəfi oldu. Eyni zamanda o, özü də döyüşə qatılmışdı. Döyüşün özü isə Elxani ordusu üçün fəlakətlə bitdi və onların bu bölgəyə yürüşlərinin sonuncusu oldu.[41]

Elxanilərin döyüşdə və sonrasında verdikləri itki ilə bağlı fərqli bilgilər vardır. Məsələn tarixçi İbn Fəzlullah əl-Öməri Elxani ordusunun ancaq 1/3 hissəsinin sağ qurtula bildiyini yazmaqdadır. Bir başqa mənbəyə görə Elxani ordusundakı hər 10 nəfərdən yalnız 1-i evinə çata bilmişdi. Elxani qaynaqları da itkilərini 10 min ölü, 20 min əsir olaraq bildirirlər. Hər bir halda, Elxanilərin böyük itkiylə üzləşdikləri dəqiqdir. Çünki bəzi qaynaqlar gürcüermənilər də daxil olmaqla, Elxani ordusu döyüşçülərinin sayını 90 min olaraq göstərirlər. Məmlük qaynağı olduğu üçün şişirtmə etdiyi böyük ehtimal olan əl-Mansuri əsərində bir yerdə 12 tümən olmaqla 90 min, bir başqa yerdə isə 100 min rəqəmlərindən istifadə edir. Əl-Öməri və Safedi Elxani ordusu üçün 50 min rəqəmini verməkdədir, İbn Habib isə 13 tüməndən ibarət olduqlarını, ermənilərin sonradan bu orduya qatıldıqlarını bildirir.[42]

Məmlük ordusunun da dəqiq sayı haqqında bir məlumat verilməsə də, döyüşdə verdikləri itki barədə bəzi materiallar mövcuddur. Beləliklə, Elxanilərin hücum etdiyi sağ cinahda öldürülən 11 böyük əmir və 1000-ə qədər döyüşçü öldürülmüşdür. Döyüşdən sonra bölgədəki hakimlərdən birinin öldürülən Məmlük döyüşçülərini bir yerə toplayaraq dəfn etdirdiyi, dəfn yerinin üzərində isə qübbə tikdirdiyi də bildirilməkdədir.[42]

Hakimiyyətinin son dövrü

[redaktə | mənbəni redaktə et]

Hərbi yürüşlərdən sonra Qazan 1302-ci ilin iyulunda öz paytaxtı olan Uçana geri döndü. Burada olduğu zaman o xeyli sayda yeni təyinatlar barədə əmrlər verdi. Bu fərmanlarla Nirun Ağa Arana, Olcaytu Xorasana, Mulay Diyarbəkirə, Qutluqşah Gürcüstana hakim olaraq göndərildilər. Bu zaman ona Bizans imperatoru II Andronik Paleoloq tərəfindən bir neçə kəniz göndərildi. Bu kənizlərdən biri olduğu güman edilən Dəspinə daha sonralar Olcaytu ilə evləndi.[43] 17 sentyabr 1303-cü ildə Qazan qızı olan Ölçey Qutluğu qardaşı Olcaytunun oğlu olan Bistam ilə nişanladı.[44]

Fəzlullah Rəşidəddinin bildirdiyinə görə Qazan arvadı Qaramunun 21 yanvarda ölümündən sonra depressiyaya düşmüşdü. O, əmirlərindən birinə "hiyat zındandşr…və heç bir xeyri yoxdur" demişdi. Bir neçə ay sonra, yəni ya mart, ya da apreldə o, qardaşı Olcaytunu özünün varisi elan etdi, çünki onun heç bir oğulu yox idi. Nəhayət o, 25 may 1304-cü ildə Qəzvin yaxınlığında vəfat etdi. Onun nəşi Mazandaranda yerləşən Lar Damavənd vadisi sularında yuyuldu.[45]

Güman edilir ki, Qazan sufiliklə maraqlanmağa başlamışdı. Şeyx Sədrəddin İbrahim Hamnuiyənin bildirdiyinə və bir neçə Məmlük qaynağında qeyd edilənlərə görə o, Qazan xana bir sufilərin geyindiyi yun xüsusi geyimdən vermişdir. Buradan yola çıxaraq bəzi müəlliflər onun sufi olmağa başladığını iddia edirlər. Lakin bu o demək deyil ki, Qazanın sufilərlə münasibətləri problemsiz idi. 1303-cü ildə ona bir neçə sufi şeyxinin və digərlərinin təşkilatçılığı ilə ona qarşı sui-qəsdin hazırlandığı barədə məlumat verilmişdi. Qəsdçilərin planında Qazanı devirmək və onnu yerinə əmisi Keyxatunun oğlu Ala Firəngi gətirmək var idi.[46]

Onun İslamı qəbul etməsi ilə birlikdə bu din monqollar arasında məşhurlaşmağa başladı. Eləcə də Qazan özünə ilk ad olaraq müsəlmanlara məxsus olan Mahmud adını götürdü. Qazan əsasən digər dinlərə qarşı tolerant yanaşmış, qədim monqol mədəniyyətini çiçəkləndirməyə çalışmış, şiələrlə münasibətləri yaxşı tutmuş, eləcə də vassalları olan gürcülərlə ermənilərin dinlərinə hörmət ilə yanaşmışdır. Beləliklə də Qazan babalarının dinlərə tolerant yanaşma siyasətlərini davam etdirmişdir. Qazan bəzi Buddist rahiblərin məbədlərinin daha əvvəl dağıdılması səbəbindən İslamı qəbul etdiklərini biləndə, Tibetə, Kəşmirə və ya Hindistana getmək istəyən hər kəsə öz inanclarına riayət edə ola biləcəkləri və digər Buddistlər arasında olmaq üçün icazə verdi.[47] Monqol Yasa məcəlləsi qüvvədə qalmaqda idi və monqol şamanlar siyasi olaraq hələ də güclərini saxlamaqda idilər. Onların bu gücləri həm Qazanın, həm də onun varisi Olcaytunun dövründə də davam etmişdi.[46] Lakin qədim monqol ənənələri Olcaytunun ölümündən sonra enişə başladı. Qazan xanın hakimiyyəti boyunca dini toqquşmalar Novruz ağanın əsas əmirliyi dövründə baş vermişdi və Qazan buna bir müddət sonra son qoymuşdu. O, xüsusi fərman verərək müsəlman dövlətlərdə xristian əhalidən alınan cizyə vergisini ləğv etmiş.[48] və 1296-cı ildə III Mar Yabalaxanın xristian patriarxlığını bərpa etmişdi. Qaynaqlarda bildirilir ki, Qazan 21 iyul 1298-ci ildə Təbrizdə kilsə və sinaqoqları dağıdan dini fanatikləri cəzalandırıb.[49]

Qazan xanın 10 arvadı olmuşdur. Onlardan altısı əsas arvadlar, biri isə kəniz idi.

  • Yeddi Kurtka Xatun — Münke Teymur Güregenin (Sulduz tayfasından) və Tuğluqşah Xatunun (Qara Hülakünün qızı) qızı idi.
  • Buluğan Xatun Xorasani — Əmir Tasunun (Konqratların Elcigin tirəsindən) və Menqlitiginin (Arqun ağanın qızı) idi.
  • Kököçin Xatun (d. 1269, evlənib. 1293, Əbhər, ö. 1296) — Buluğan Xatunun qohumu idi.
  • Buluğan Xatun Muazzama (evlənib. 17 oktyabr 1295, Təbriz, ölüb. 5 yanvar 1310) — Otman Noyonun (Konqrat tayfasından) qızı, Keyxatu xanınArqun xanın dul arvadı idi.
  • Eşil Xatun (nişanlanıb. 1293, evlənib 2 iyul 1296, Təbriz) — Tuğ Teymir Əmir-Tümənin (Bayatların Noqay Yarquşi qolundan) qızı idi.
  • Dondi Xatun (ö. 9 fevral 1298) — Ağ Buğanın (Cəlair tayfasından) qızı və Keyxatu xanın dul arvadı idi.
  • Qaramun Xatun (evlənib. 17 iyul 1299 — ö. 21 yanvar 1304) — Buluğan Xatun Muazzamanın qohumu və Konqrat tayfasından Qutluq Teymurun qızı idi.
  • Günçişkap Xatun — Şaday Güregenin (Çilaunun nəticəsi) və Orğudaq Xatunun (Cumğurun qızı) qızı idi.
  • Eyrene Paloyologina (evlənib. 1302) — II Andronikin qızı idi.
  • Qutulun (d. 1260-cı illər — ö. 1306) — həmçinin Aygiarne, Ayyuruq, Xotol Tsaqaan və ya Ay Yaruq (tərc. Ayişığı) kimi də tanınmaqdadır. O, əsilzadə və şahzadəliklə birlikdə güləşçi qadın kimi xeyli məşhur olmuşdur. Qutulun eyni zamanda Kaydunun qızı idi.
border=none Əsas məqalə: Qazan xanın islahatları
  1. Pizalı İsol, Ciolo Bofeti di Anastasio və ya Zolus Bofeti de Anestasio italiyalı tacir, diplomat və hərbi lider idi. O, müəyyən müddətlik Qazan xanın sarayında yaşamış, onun Kipr krallığına göndərilmiş səfiri kimi fəaliyyət göstərmişdir. Qazan sarayında onun yüksək statusu onun vəftiz zamanı Olcaytunun xaç atası olmasından irəli gələ bilər.[26][27]
  2. Buskarello de Ghizolfi və ya Gisolfeli Buskarel XIII əsrdə Elxanlı dövlətində məskunlaşmış avropalı idi. O, 1289-cu ildən 1305-ci ilə qədər Avropada monqol dövlətinin səfiri olmuşdur. O, bu müddət ərzində Arqunun, Qazanın və Olcaytunun səfiri kimi xidmət etmişdir. Onun səfirliyinin məqsədi monqollar ilə avropalılar arasında müsəlmanlara qarşı Franko-Monqol ittifaqını formalaşdırmaq idi. Bu istiqamətdə bəzi bu və ya digər dərəcədə irəliləyişlər əldə edilsə də, tam olaraq heç bir zaman uğur qazanmaq mümkün olmadı.[28][29]
  1. Schein, 1979. səh. 806
  2. Hamadani, 1998. səh. 590
  3. 1 2 3 Hamadani, 1998
  4. Foltz, 2010. səh. 120
  5. Melville, 1990. səh. 159–177
  6. Amitai-Preiss, 2000
  7. Hamadani, 1998. səh. 596
  8. Hope, 2015. səh. 451–473
  9. Polo, 1852
  10. Jackson, 2005. səh. 170
  11. Grousset, 1970
  12. Hope, 2016. səh. 148
  13. 1 2 Hamadani, 1998. səh. 614
  14. 1 2 Dashdondog, 2010. səh. 34
  15. Atiya, 1965. səh. 195
  16. Adh-Dhababi, 1948
  17. Foltz, 2010. səh. 128
  18. Hamadani, 1998. səh. 623
  19. 1 2 3 4 Hautala, 2018. səh. 143
  20. Khanbaghi, 2006. səh. 69–70
  21. 1 2 3 Fisher, 1998. səh. 381
  22. 1 2 Hope, 2016. səh. 154–155, 166–167
  23. Melville, 2009. səh. 51–101
  24. Roux, 1993. səh. 411
  25. Grousset, 1970. səh. 380
  26. Roux, 1996. səh. 456
  27. Sinor, 1975. səh. 535–536
  28. Richard, 1990
  29. Roux, 1993. səh. 410
  30. 1 2 Demurger, 2007. səh. 142
  31. 1 2 Reuven, 2007. səh. 219
  32. Demurger, 2007. səh. 142-143
  33. 1 2 Mazor, 2015. səh. 116
  34. Demurger, 2007. səh. 146
  35. Nicolle, 2001. səh. 80
  36. 1 2 Waterson, 2007. səh. 209-210
  37. 1 2 Boyle, 1968
  38. 1 2 Ayaz, 2007. səh. 23
  39. 1 2 Mazor, 2015. səh. 123
  40. 1 2 Waterson, 2007. səh. 210
  41. Kadri, 2012. səh. 187
  42. 1 2 Ayaz, 2007. səh. 24
  43. Hamadani, 1998. səh. 654
  44. Raby və Fitzherbert, 1996. səh. 201
  45. Hamadani, 1998. səh. 661
  46. 1 2 Amitai-Preiss, 1999. səh. 33–34
  47. Arnold, 1896
  48. Foltz, 2010. səh. 129
  49. Hamadani, 1998. səh. 642