is. tar. 1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs.
Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani.
19-cu ilin yayında Naxçıvan xanlarının cavanları Keçiliyə ova gəlmişdilər. E.Sultanov.
Müxtəlif yerlərdən ruhanilərin, mülkədarların, bəy və xanların “Əkinçi”yə hücumu artıb şiddət edirdi. M.İbrahimov.
// Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb.
Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”.
Almış sifarişi Hüseynqulu xan; İldırım tökülür qaş-qabağından. S.Vurğun.
2. məc. Ağa, hökmran.
Necə ki yar ilə həmzəban idim; Xalq içində sultan idim, xan idim. Q.Zakir.
3. köhn. Aşıq-aşıq oyununda: başçı, hakim.
Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. H.Sarabski.
Əvvəllər kənd uşaqları, “xan cığal olar” – deyə [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu.
4. məc. Obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə.
Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.
5. Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi;
məs.: Muradxan, İsmixan, Səlimxan.
◊ Xan ilə aş (plov) yemir ki, bığı yağa batar – çox məğrur, lovğa, təkəbbürlü adam haqqında.
[Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar… Ü.Hacıbəyov.