Ayşənur Yazıcı
Ayşənur Yazıcı (13 sentyabr 1958, Elazığ) – Türkiyəli aparıcı və yazıçı.
A.Yazıcı Ərzurumlu zabit ata və Elazığlı müəllim ananın ilk övladı olaraq dünyaya gəlib. O, ibtidai təhsilini Anadolunun müxtəlif yerlərində, orta məktəbi Parisdə, liseyi Ankara Tofiq Fikrət Liseyində, universiteti Fransanın Lion şəhərindəki Rhone Akademiyasında bitirib, kosmetologiya və səhnə kino sənəti üzrə təhsil alıb.
1983-cü ildə İzmir TRT-də işləməyə başlayıb. TRT-dəki işinə davam edərkən Christian Dior şirkətinin Türkiyə nümayəndəliyində 5 il texniki müdir və təlimatçı olaraq çalışıb. Printemps mağazalarının reklam, animasiya və ictimaiyyətlə əlaqələr müdiri vəzifəsində olduğu illərdə geniş çərçivəli kosmetika promosyonların ilk tətbiqçisi və təbliğatçısı olub.
O, 1984-cü ildə evlənib, lakin 1986-cı ildə boşanıb. Onun bu evlilikdən 1986-cı ildə Kərəm adında bir oğlu dünyaya gəlib. 1989-cu ildə isə indiki soyadını hələ də istifadə etdiyi Cem Yazıcı ilə evlənsə də 1996-cı ildə onunla da boşanıblar.
1990-2011-ci illər arasında özəl televiziyalarda və TRT-də diktor və veriliş aparıcısı kimi işləyib.