1517-ci ildə alman rahibi Martin Lüter katolik və protestantların bir-birindən qəti surətdə ayrılmaları ilə nəticələnən münaqişənin təşəbbüskarı qismində çıxış etdi. Sonrakı 25 ildə protestant Reformasiyası elə sürətlə yayılırdı ki, katolik kilsəsinin süqutu labüd görünürdü. Ancaq katolisizm buna tab gətirərək öz islahatçı hərəkatına (Əksreformasiya) başladı.
Bundan əlavə, katolisizm vaxtilə katolik kilsəsinə mənsub olan və sonradan itirdiyi dindarları geri qaytarmaq üçün cəhdlərə başladı. İspan əsgəri İqnati Loyolanın yaratdığı təşkilat bu cəhdlərin aparıcı qüvvəsinə çevrildi. O, təşkilatının üzvlərini İsanın əsgərləri elan etdi. 1540-cı ildə Loyola papa III Pavelin bu qrupun fəaliyyətini təqdir etməsinə nail oldu. Beləliklə də, İsa ordeni (cəmiyyəti) yarandı.
Düşmənləri İsa ordeninin üzvlərini yezuit adlandırırdılar. İlk vaxtlarda bu söz istehza və təhqir kimi işlənirdi, amma sonradan onu cəmiyyət üzvlərinin özləri də qəbul etdilər. Yezuitlər fitnə-fəsad ustaları idilər. Bu üzdən də düşmənləri onların öz məqsədlərinə çatmaq üçün hər yola əl atdıqlarını iddia edirdilər. Başqa sözlə, onları “məqsəd vasitələri doğruldur” prinsipi ilə hərəkət etməkdə ittiham eləyirdilər. Buna görə də “yezuit” sözü “hiyləgər”, “ikiüzlü”, “fitnəkar” mənasında işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)