Zağalı
Zağalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd.
Oykonim Qalaça dağının ətəyində qayada sıra ilə düzülmüş 5 zağanın (süni mağaranın) olması ilə əlaqədardır. Kəndin adı "zağalı, mağaralı yer" mənasındadır.
Kənd keçmişdə Zağa dərəsi adlanmışdır. Güney Zağalı və Dora Zağalı adlı iki hissədən ibarətdir. Yerli məlumata görə, kənd aran camaatının yaylaq yurdunda məskunlaşması nəticəsində yaranmışdır.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir. Rayonun ərazisində eyniadlı su anbarı da var.
Əhalisinin əksəriyyətini Goranboy (Qaraqucaq, Zəyva kəndləri) və Yevlax (Tanrıqulular kəndi) rayonlarından köçüb gəlmiş ailələr təşkil edir.