çərkəzlər

çərkəzlər
çərkəzi
çərləmə
OBASTAN VİKİ
Çərkəzlər
Adıqlar, (Çərkəzlər) — Şimali Qafqaz dil ailəsinə bağlı xalq. Bir vaxt onlar Qafqazın ən çoxsaylı xalqlarından və rus işğalına qarşı mətanətlə sinə gərərək bu yolda on minlərlə şəhid verən, bölgədə Rusiya ilə bərabərhüquqlu dövlət quran və ona öz şərtlərini diktə etdirən, 1739-cu ildə isə onu özünün dövlət müstəqilliyini tanımağa məcbur edən qəhrəman və olduqca döyüşkən xalqlardan biri hesab edilirdilər. Qafqaz tarixində Rusiyanın işğalçılıq siyasətinə qarşı çeçenlər istisna olmaqla, onlar qədər qızğın müqavimət göstərən ikinci bir xalq yoxdur. Söhbət Qafqazın ən qədim xalqlarından biri hesab edilən çərkəzlərdən gedir. Çərkəzlər Şimali Qafqaz dil ailəsinə mənsub olan abxaz-adıq budağının kabardin-çərkəz dialektində danışırlar. Qafqazın digər xalqları kimi, çərkəzlər də XVIII əsrdən başlayaraq öz həyatlarının ən ağır dövrlərini yaşamalı oldular. Buna da səbəb Rusiyanın işğalçılıq siyasəti idi. Rusiyanın çərkəzlər yaşayan əraziləri ələ keçirərək Qara dəniz sahillərinə çıxış yolu axtarması rus zülmünə dözməyən çərkəzlərin özlərinə yaxın hesab etdikləri Anadoluya köç prosesinin əsasını qoydu. 1828-ci ildə çərkəzlərin (adıqların) ana yurdu olan Anapanın ruslar tərəfindən işğalından sonra orada yaşayan əhalinin bir hissəsinin Anadoluya köçü başladı. Həmin dövrdə Türkiyənin Qara dəniz sahillərində 370 adıq (çərkəz) ailəsindən ibarət ilk yaşayış məskəni əmələ gəldi.
Türkiyə çərkəzləri
Türkiyə çərkəzləri ya da Türkiyədəki çərkəzlər (çərkəzcə:Тыркуе aдыгэхэр) — XIX əsrdə Çərkəz bölgəsinin Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra başladılan Çərkəz sürgünü adlı etnik təmizləmə hərəkatında Şimali Qafqazdan Osmanlı imperiyası torpaqlarına gələn çərkəzlərin daha sonra yaradılan Türkiyə sərhədləri daxilində qalan qismidir. Türkiyədəki çərkəzlərin dəqiq sayı bilinməməkdədir. Bir çox etnik çərkəz çərkəz dilini bilmir və özünü sadəcə türk olaraq təqdim edir. Türkiyədəki çərkəzlər içində dillərini ən yaxşı qoruyan qrup əsasən Kayseri və Sivasa bağlı kəndlər olan Uzunyayla ilə Maraş-Göksun ilçəsində yaşayan kabardeylərdir. TRT-3 televiziya kanalında dövlət tərəfindən yayımlanan ilk çərkəz dili də bu kəndin sakinlərinin danışdığı şərq çərkəzcəsidir. Çərkəz adı Qafqazda çərkəzcə danışan ləhcə qrupunun qərb çərkəzcəsi və şərq çərkəzcəsi olmaqla iki qolunu təşkil edən şimali qafqazlıları təmsil edərkən, Türkiyədə (və keçmiş Osmanlı coğrafiyasında) isə bunlardan əlavə, abazalar, çeçenlər, abxazlar, osetinlər, qaraçaylılar və balkarlar kimi fərqli dil ailələrindən olan toplumları da bildirmək üçün istifadə edilir. Türkiyədəki bütün Çərkəz boyları İstanbulda da yaşasa da, Anadoluda çoxluq formada yaşadıqları bölgələr bunlardır: Abadzexlər — Sinop, Tokat, Balıkesir, Sakarya (Akyazı ilçəsi) Şapsuqlar — Samsun, Balıkesir, Bolu, Aydın, Sakarya, Bursa Ubıxlar — Balıkesir, Bolu, Sakarya, Samsun, Ordu Bjeduğlar — Çanaqqala (Biqa ilçəsi ətrafı) Hatukaylar — Kayseri, Bileçik Çemguylar — Düzcə Mahoşlar — Samsun (Alaçam ilçəsi) Kabardalılar — Kayseri, Tokat, Sivas, Qəhrəmanmaraş Besleneyler — Çorum, Amasiya 1965-ci il siyahıyaalmasına görə, çərkəz dilini ana dili kimi danışanlar faiz nisbəti ilə ən çox Kayseridə olmuşdur. Onlar burada ümumi əhalinin 3.2 faizini təşkil etmişdir. Sonrakı yerlərdə 1.2 faiz göstərici ilə Tokat, 1.0 faizlik göstərici ilə Qəhrəmanmaraş gəlmişdir. Türkiyənin ən şərqindəki Çərkəz diasporası Əxlatda yaşamaqdadır.
İraq çərkəzləri
İraq çərkəzləri — çərkəz, çeçen, qumuq və dağıstanlılar da daxil olmaqla, İraqda yaşayan Şimali Qafqaz kökənli insanlar nəzərdə tutulur. Çərkəzlər ifadəsi ümumilikdə çərkəzcə danışan xalqı bildirmək üçün istifadə edilir, lakin diasporada abxazlar, osetinlər, çeçenlər, dağıstanlılar da daxil olmaqla ümumilikdə bütün Şimali Qafqaz xalqlarını ifadə etmək üçün istifadə edilir. İraqlı şimali qafqazlılar başda Çərkəz bölgəsi olmaqla, Çeçenistan və Dağıstan kökənlidir. İraqda olan Qafqaz xalqları bunlardır: abxazlar, çərkəzlər, inquşlar, çeçenlər, avarlar, ləzgilər və qumuqlar. Onların köçləri illər əvvələ - Qafqaz müharibəsi dövrünə və 1860-cı illərdəki Çərkəz sürgünü ilə Rus-Çərkəz müharibəsinə qədər gedib çıxır. Adıgeylər İraqa iki köç dalğası halında gəlmişdir: birbaşa İraqa köç edənlər və Balkanlara köç edib İraqa gələnlər. Çeçenlər və dağıstanlılar da Osmanlı dövründə İraqa yerləşmişdirlər. Eyni zamanda çərkəzlər Türkiyə, Suriya, İordaniya və Fələstin kimi digər qonşu ölkələrdə də yerləşmişdirlər. Çərkəzlər və ya İraqdakı Şimali Qafqaz kökənli insanların ümumi sayı 30.000-50.000 arasında olduğu təxmin edilməkdədir, ancaq dəqiq sayları bilinmir. Təkcə Bağdadda 30.000 Adıgey ailəsi olduğu bildirilmişdir.
İsrail çərkəzləri
İsrail çərkəzləri (adıq Израилым ис Адыгэхэр; ivr. ‏הצ'רקסים בישראל‏‎) — etnik çərkəz olan israillilərdir. Onlar XIX əsrdə Qafqaz müharibəsi zamanı Rusiya imperiyası tərəfindən həyata keçirilən Çərkəz soyqırımı nəticəsində formalaşmış çərkəz diasporunun bir qoludur. Çərkəzlər əslən çərkəz dillərində danışan və Şimali Qafqazdakı tarixi Çərkəz bölgəsindən olan Abxaz-adıq dilləri ailəsinə aid etnik qrupdurlar. İsraildəki çərkəzlərin əksəriyyəti müsəlmandırlar. İsrail çərkəzləri əsasən İslam dininin sünni qoluna sadiqdirlər; onların sayı təxminən 4000-5000 nəfər olmaqla, İsrailin iki şəhərində: Kfar-Kama (Кфар Кама) və Reyhaniyədə (Рихьаные) yaşayırlar. Onlar 1870-ci illərdə Osmanlı imperatorluğu tərəfindən Qalileyaya yerləşdirilən iki çərkəz diaspor qrupunun nəslindəndirlər. Çərkəzlər İsraildəki (Druzlarla yanaşı) iki milli azlıq qruplarından biridirlər ki, onlarda İsrail Silahlı Qüvvələrində (İSQ) məcburi hərbi xidmətə cəlb olunurlar. İSQ-i çərkəz və druz icmalarından yalnız kişilərin hərbi xidmətə çağırılmasını məqbul qəbul edir; bu siyasət İsrailin yəhudi əksəriyyətinə tətbiq edilən siyasətdən fərqlidir,çünki, İsraildə kişilərlə bərabər qadınlar da hərbi xidmətə çağırılır. Çərkəzlər 1000 ilə yaxın xristian olsalar da, XVI əsrdən XIX əsrə qədər Krım tatarları və Osmanlı türklərinin təsiri ilə islamlaşdırılıb.