Şanagülə
Elmi adı:Nelumbo caspica (DC.) Fisch. (Nelumbo nucifera auct.)
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür.
Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur. Çiçəkləri iri, ətirli, 20 (25) sm diametrdə; ləçəkləri çəhrayı və ya açıq –çəhrayı rəngdə, tərs –yumurtavari, uzunsov formadadır. Erkəkcikləri yumruvari, çoxsaylıdır. Meyvəsi – xırda qoz, 10-22 (daha çox 14-17) sayda, yumruvari, tünd –göyümtül qabıqlı, 1-1,5 sm uzunluqdadır.
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—iyul—avqust aylarına təsadüf edir.