is. [
ər. ]
1. Pislik, yamanlıq, fənalıq, pis iş. Xeyir və şər. – Şər deməsən, xeyir gəlməz. (
Ata. sözü ).
Dünyanın gərdişindən; Təng oldum hər işindən; Mərdin başı qal çəkir; Namərdin şər işindən. (Bayatı).
Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir.
[Cümrü Ağamalı] xeyir və şərdə can-başla iştirak edərdi. H.Sarabski.
2. Böhtan, iftira, fitnə, intriqa; xata, xatabala. [İmamverdi nəvəsinə:] Yox, daha səni orada qoymaq olmaz.
Mən azarlıyam, durmağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. S.S.Axundov.
Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədilər. Mir Cəlal.
□ (Üstünə) şər atmaq – üstünə böhtan atmaq.
[Gülnisə:] Yalandır, atamın canı üçün yalandır; üstümə nahaqdan şər atırlar. Ə.Haqverdiyev.
[Süleyman Heydərquluya:] Sən canını qurtarmaq üçün gərək Abbasın üstünə bir şər atasan. M.İbrahimov.
Şərə düşmək – dayanıb durduğu yerdə, nahaqdan böhtana, iftiraya məruz qalmaq, böhtana düşmək.
Şərə düşmək qəfil gülləyə düçar olmaq kimidir. Ə.Vəliyev.
Şərə salmaq – iftira edərək, böhtana salaraq dolaşdırmaq.
[Vəzir:] …Bir təhər elə, onu şərə sal, öldürək. “Qurbani”.
3. sif. Böhtançı, iftiraçı, fitnəçi, intriqaçı, xatakar. Şər adamdır, ondan uzaq ol.
◊ Şər qarışmaq (qovuşmaq) – qaranlıqlaşmaq, qaranlıq düşmək, qaş qaralmaq. Şər qovuşanda dəstə kəndə çatdı.
– [Tahir:] Maşınımın təkəri partlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn.
Şər qarışanda məscid həyətinə otuza qədər gənc yığılmışdı. Mir Cəlal.
Axşam şər qarışıb, qaş qaralanda; Şairin qapısı döyüldü birdən. B.Vahabzadə.
Şəri başdan uzaqlaşdırmaq – xata-balanı özündən uzaqlaşdırmaq, gözlənilən böhtanın, iftiranın qarşısını almaq, özünü xətərsizləşdirmək.
[Salonda] səslər eşidilməyə başlandı: – Bir gədənin birinə əlli manat verə bilməzsiniz ki, bir gecənin içində şərini başınızdan uzaqlaşdırsın. M.S.Ordubadi.
[Yaşlı kişi:] Mən onu qovub şərini başımdan uzaqlaşdırmalı idim. S.Hüseyn.
Xeyirə-şərə yaramaz – bax
xeyir-şər.