Pazşəkilli çinar
== Təbii yayılması: ==
Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir.
== Botaniki təsviri: ==
Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur.
== Ekologiyası: ==
Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır.
== Azərbaycanda yayılması: ==
Bir çox rayonlarda mədəni şəraitdə becərilir.
== İstifadəsi: ==
Dekorativ bağçılıqda geniş istifadə olunur.