Şəms Qeys Razi
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi (XII əsr, Rey – XIII əsr) — XIII əsr İran şairi.
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır.
Qeys ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə orta əsr mənbələrində , məsələn, Hacı Xəlifənin "Kəşf əz-zünun" XIX əsrdə yaranmış Şəmsəddin Saminin "Qamusül-əlam" və digər əsərlərdə Şəms Qeys Razi haqqında demək olar ki, məlumata rast gəlmirik. Qeys Razinin həyat və yaradıcılığı haqqında biz yenə də ən çox məlumata onun "əl-Möcəm fi məayiri əşar əl-Əcəm" əsərinin dibaçəsində təsadüf edirik.
Buradan məlum olur ki, Qeys Razi uzun müddət Mavərənnəhr və Xorasanda yaşamışdır. O, təqribən hicri-qəməri 601-ci il, miladi təqvimlə 1204-cü ildən sonra beş-altı il Buxarada, hicri- qəməri 614, miladi tarixlə 1217-ci ildə isə Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekişin yaxın adamlarından olmuş, hətta 1217-ci ildə Xarəzmşah Bağdada yürüş edərkən Qeys Razi də onunla olmuşdur. Sonralar monqollar Xarəzmşahı təqib edərkən də Qeys Razi şahın dəstəsində olmuşdur. İraq yürüşünün uğurla nəticələnməməsindən sonra Şəms Qeys bir neçə il İraq və İraqi-Əcəm torpaqlarında yaşamışdır.