Molla Şəmsəddin Fənari, (1350[1][2], Bursa – 15 mart 1431[3], Bursa) — Osmanlı alimi, müdərris və ilk Osmanlı şeyxülislamı.[4]
Molla Şəmsəddin Fənari | |
---|---|
Əvvəlki | yoxdur |
Sonrakı | Molla Fəxrəddin Əcəmi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mavəraünnəhr, Teymurilər dövləti |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | fəqih, qazı, müfəssir |
Dini | islam, sünni islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Hənəfi məzhəbi, təfsir, məntiq |
1350-ci ilin aprel ayında Mavəraünnəhrdə dünyaya gəlmişdir. Əsl adı Şəmsəddin Məhəmməd ibn Həmzədir. İlk təhsilini atasından aldıqdan sonra İznikdə din dərsləri aldı. Müəllimi ilə aralarında yaranan elmi bir mübahisə səbəbilə buradan ayrıldı və Amasiyaya getdi. Burada Cəmaləddin Aksarayinin tələbəsi oldu və 1376-cı ildə təhsilini tamamladı. Ardından Qahirəyə gedən Molla Şəmsəddin burada elmi dərslər aldıqdan sonra Bursaya geri döndü. İldırım Bəyazidin əmrilə Manastr Mədrəsəsinə müdərris təyin olundu və bu vəzifəsinə davam edərkən 1393-cü ildə Bursa qazısı seçildi. 1402-ci ildə baş verən Ankara döyüşü səbəbilə Əmir Teymurun ordusu Bursanı ələ keçirdi və Qaramanoğulları bəyliyini bərpa etdi. Bu əsnada bir müddət vəzifədən azad edilən Şəmsəddin Fənari bir qrup alimlə birlikdə Əmir Teymurun əmrilə əsir alındı və Kütahyaya aparıldı. 1415-ci ildə ikinci dəfə Bursa qazısı təyin olundu. 1419-cu ildə həcc ziyarətinə çıxmış, döndükdən sonra bir müddət Qahirədə qalaraq burada dərslər vermişdir. 1420-ci ildə buradan ayrılan Şəmsəddin Fənari öncə Qüds şəhərinə, ardından Bursaya geri döndü və vəzifəsinə davam etdi. 1425-ci ildə II Murad tərəfindən şeyxülislamlığa gətirildi.[4][5]
1430-cu ildə ikinci dəfə həcc ziyarətinə gedən Şəmsəddin Fənari bu dəfə də öncə Qahirəyə, ardından Bursaya qayıtdı. Döndükdən qısa müddət sonra 15 mart 1431-ci ildə Bursada vəfat etdi. Cənazəsi özünün inşa etdirdiyi məscidə dəfn edildi. İstər dövlət adamları, istərsə də xalq arasında sayılıb seçilən Molla Fənarinin maddi vəziyyəti yaxşı olsa da, çox sadə həyat yaşamış, ailəsini ipəkçiliklə məşğul olaraq saxlamışdır. Tarixi mənbələrdə iki oğlunun olduğu müəyyən olunur. Övladlarından Mehmed Şah Fənari (ö. 1435) bir çox əsərlərin müəllifi olmuş məşhur Osmanlı alimi, Yusif Bali Fənari isə müdərris və qazı olaraq fəaliyyət göstərmişdir.[4]