Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2006)
Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2006) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş bələdiyyələrə, birləşdirilmə və yenidən təsis yolu ilə qurulmuş yeni bələdiyyələrə, həmçinin, digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün keçirilmiş seçkilər. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
== Zəmin ==
Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş 141 bələdiyyəyə, birləşdirilmə və yenidən təsis yolu ilə qurulmuş yeni bələdiyyələrə, həmçinin, digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün seçkilərin tarixi Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli qərarı ilə 6 oktyabr 2006-cı il olaraq qərarlaşdırılmışdır.Bələdiyyə sistemi təsis olunduğu gündən bəri seçkilər keçirilməyən Nardaran bələdiyyəsinə bu dəfə də namizəd alternativliyi olmadığı üçün seçkilər keçirilməmişdir.
== Seçki sistemi ==
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir.