Naxçıvanda təkrar parlament seçkiləri (2016) — 2016-cı ilin avqust ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri.
Naxçıvanda təkrar parlament seçkiləri | ||||
---|---|---|---|---|
6 avqust 2016 | ||||
Seçici fəallığı | 79.80 | |||
Rəhbər | İlham Əliyev | |||
Partiya | Yeni Azərbaycan Partiyası | |||
Tutulan yerlər | 1 |
2015-ci il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 45 saylı Aza seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin xanımı, Naxçıvan Tibb Kollecinin sabiq direktoru deputat İlhamə Rafiq qızı Mustafayeva 1 noyabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 8 iyun 2016-ci il tarixli sərəncamı ilə 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilmişdir.[1][2]
45 saylı Aza dairə seçki komissiyasının tərkibi Qanuna müvafiq olaraq seçki gününə 55 gün qalanadək müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər sırasından püşkatma yolu ilə 7 nəfərdən ibarət təşkil edilmişdir. Dairə seçki komissiyası fəaliyyətə başladıqdan sonra Qanunun 32-ci və 33-cü maddələrinə müvafiq olaraq seçicilərin sayını və onların rahat səsvermələrinin təmin olunmasını nəzərə alaraq seçki gününə 35 gün qalanadək 14 seçki məntəqəsinin, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət olmaqla müxtəlif siyasi partiyaların və ictimai birliklərin yerli təşkilatlarının, həmçinin seçicilərin yaşayış yeri üzrə təşəbbüs qruplarının təqdim etdikləri bitərəf nümayəndələri təmsil etməklə məntəqə seçki komissiyalarının tərkiblərinin formalaşdırılmasını başa çatdırılmışdır.[3]
45 saylı Aza seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 2 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfəri isə bitərəf siyasətçi namizəd olmuşdur.[3]
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 45 saylı Aza seçki dairəsi üzrə 6 avqust 2016-cı il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 8 avqust 2016-cı il tarixdə dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir.[3]
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 10 avqust 2016-cı il tarixli Qərarına əsasən, 45 saylı Aza seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış Yeni Azərbaycan Partiyası üzvü Telman Əsəd oğlu İbadov həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.[3]
Seçici sayı | 6 049 |
Səslərin sayı | 4 828 |
Etibarlı səslərin sayı | 4 764 |
Seçici aktivliyi | 79.80% |
Deputat sayı | 1 |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Məmmədəli Abbasqulu oğlu Ələsgərov | 205 | 4.30 | |
Sərdar Salman oğlu Nəsirli | 767 | 16.10 | |
Yeni Azərbaycan Partiyası | Telman Əsəd oğlu İbadov | 3 792 | 79.6 |
Etibarlı səslərin sayı | 4 764 | 100 | |
Etibarsız səslərin sayı | 64 | - |