Azərbaycan (tarixi ərazi)
Bu məqalədə Azərbaycan adlı tarixi ərazinin müxtəlif dövrlərdən olan tarixi sənədlərdə təsvir edilən hüdudları qeyd olunmuşdur.
Azərbaycan bir inzibati, coğrafi və etnik vahidə çevrilmə yolunda müxtəlif proseslərdən keçmişdir. Keçmiş tarixçilər bu mövzuda müxtəlif fikirlər bildirmişdir. Bu məsələ alimlər və tarixçilər arasında fikir ayrılığına gətirib çıxarıb və hazırkı dövrdə milli, etnik və bəzi siyasi məsələlərə görə bu elmi və tarixi məsələylə bağlı müzakirələr siyasi bir mahiyyət qazanmışdır.
Bəzi qrupların iddiasına görə, Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adını daşımayıb və daima "Arran" adını daşımışdır, və "Azərbaycan" adı bu bölgəyə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulanda Azərbaycanın milli hökuməti tərəfindən "siyasi məqsədlərlə", sanki İrana təcavüz etmək məqsədilə verilmişdir. Bir qrup tədqiqatçıların fikrincə, 1920-ci ildə AXC-nin bolşeviklərin əlinə düşməsindən sonra da, bu ad həmin siyasi məqsədlərlə saxlanılmışdır. Digər tədqiqatçılar isə öz elmi əsərlərində bu cür fikirləri təkzib etmişdir.
== Azərbaycanın islamaqədərki tarixi-siyasi coğrafiyası ==
Tarixi Azərbaycan ərazisində e.ə. 1-ci minillikdə artıq Manna və Matiyen kimi dövlət qurumları mövcud olmuş, kuti, lullubi, kaspi tayfaları, həmçinin uti, qarqar, leq, lupen (lpin), silv (çilb), gel, savdey və s. alban tayfaları yaşamışdır.