Adət-ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur.
== Adət-ənənə anlayışının məzmunu ==
Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.