Azərbaycan–Ermənistan sərhəd toqquşması (aprel, 2023)
2023-cü ilin aprel ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 11 aprel 2023-cü ildə, günorta saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Gorus rayonu, Azərbaycan tərəfdən isə Laçın rayonu istiqamətində başlanan və bir saatdan çox davam edən silahlı toqquşma. Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir. Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 7 hərbçisi öldürülmüş, 10 hərbçisi isə yaralanmışdır. Axşam saatlarında gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur.
== Zəmin ==
1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür.
1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.
2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.