“Təmizləmək” mənasında ar feili olub. “Aydan arı, sudan duru” deyimindəki arı (təmiz) sözü həmin feildən düzəlib. Bal arısının adı da, ehtimal ki, “təmiz” anlayışı ilə bağlıdır (ərəb dilində əri/arı “bal” deməkdir. Biz bala “arı yağı” demişik. Ola bilsin ki, arı ərəb mənşəlidir və onlarda bal olan, bizdə həşərat adına çevrilib). Ehtimal olunur ki, ar feilindən ikinci feil, yəni ardımaq əmələ gəlib, -c şəkilçisi isə onu ismə çevirib. Ardıc kəlməsi də təmiz məfhumu ilə bağlıdır. Bu ağacın şirəsindən təmizləyici vasitə kimi istifadə olunub. Onun qozalarının tərkibində 2 faizə qədər efir yağı, qlükozidlər, pektinlər var və böyrəklərin xronik iltihabında faydalı dərman hesab olunur, sidikqovucudur, mədə və qaraciyər üçün faydalıdır.