Asif Ata
Əfəndiyev Asif Qasım oğlu (Asif Ata — İnam Ata; 25 sentyabr 1935, Çaykənd – 6 iyun 1997, Bakı) — filosof, Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısı, ruhaniyyatçı.
== Həyatı ==
Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur.
Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir.
1952–1957-ci illərdə Moskvadakı M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib.
M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969–1975.