AXİRƏT
“son” mənasını ifadə edən ərəb dilindəki axır sözünün müənnəs formasıdır.
Quranın 26 yerində “son gün”, 9 yerdə “son qərar tutulan yer”, bir yerdə “son yaradılış”, 50 yerdə isə dünya ilə eyni mənada istifadə edilir.
Axirət dünya həyatından sonra başlayıb əbədiyyətə qədər davam edəcək ikinci həyatdır.
Dünya həyatını izləyən ona oxşar, ancaq fərqli və ən önəmlisi isə ölümsüz bir həyatı, əbədiyyəti əhatə edir. İnsanın ölümü ilə bədəndən ayrılan ruh axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar.
Bu fikir digər səmavi dinlərdə (yəhudilik və xristianlıq) və İslamda daha dərin şəkil almışdır. Tövratda dünya həyatından sonra ruhun ölməzliyi və insanların imtahana çəkiləcəkləri, işlədikləri əməlin əvəzini alacaqları, ölümdən sonra Tanrının görüləcəyi də ifadə edilir. Bununla bərabər Matta İncilində (22/23-30), Sadduki məzhəbinə bağlı yəhudilərin Musa peyğəmbərin nəql etdiyi axirət ilə əlaqəli məsələni inkar etdikləri bildirilir.
İncildə istər axirət, istərsə möcüzə inancı açıq bir şəkildə mövcuddur. Quranda isə Nuh, İbrahim, Yusif, Musa və İsa kimi peyğəmbərlərin öz ümmətlərinə axirət əqidəsini təlqin etdikləri bildirilir. Ayrıca Allaha və axirət gününə iman gətirən Yəhudi, Nəsrani və Sabiilərin qurtuluşa nail olacaqları da Quranda qeyd edilir. Bununla bərabər axirətə inananların “özündən əvvəlki ilahi kitabları təsdiqləyən” Quranı qəbul edəcəkləri xəbəri də verilir. Qurandan əvvəlki müqəddəs kitabların həm kanonik (kilsə tərəfindən tanınan), həm də apokrif (kilsə tərəfindən tanınmayan) qəbul edilən nüsxələrində axirət inancına yer verilmişdir.
Tədqiqatçıların bir çoxu hesab edir ki, İslam axirət inancına aid düşüncələri Yəhudilik və Xristianlıqdan almış olması ehtimalı yoxdur. Səmavi dinlərin təməl əsaslarından birini təşkil edən axirət inancı arasında oxşarlığın olması o qədər də təəccüblü deyildir.
Çünki, bu dinlər ilahi mənşəli dinlər olduğundan bənzərliyin olması da normaldır.
Çünki bu dinlərin qaynağı vəhydir.
Fəxrəddin ər-Raziyə görə axirət mövzusunun əqli və nəqli olmaq üzrə iki yönü vardır. Bədənin və bizi əhatə edən kainatın fani olduğunu, öldükdən sonra təkrar dirilməyin də imkan daxilində olduğunu qəbul etmək mövzunun əqli yönünü təşkil edir. Qiyamətin necə qopacağı və axirət həyatının necə başlayacağı məsələsi isə mövzunun nəqli tərəfini bildirir.
İlk dövrlərdən başlayaraq filosoflar da esxatologiya ilə məşğul olmuşlar. Onların bu mövzu ilə məşğul olmaları dini inanclarından deyil, yaradılış fəlsəfəsi, əxlaq anlayışı və ruhun ölməzliyi problemindən irəli gəlir.
Axirət və digər metafizik problemlər beş duyğu orqanı və pozitiv elmlərlə dərk edilməz. Ona görə də pozitiv elm adına dəqiq bir şey söyləmək absurd olardı. Axirət inanc məsələsi olduğu üçün ancaq ona inanmağı tələb edir.
Quran digər müqəddəs kitablarla müqayisədə axirət əqidəsini olduqca çox təlqin etməkdədir.
Bununla birlikdə İslamiyyət dünya həyatından da əl çəkməyi tövsiyə etməmişdir.
Dünya başlanğıc, axirət son olduğuna görə ikisi arasında tarazlıq qurmaq İslamda xoş qarşılanır. İnsan axirətə hazırlanarkən dünya nemətlərindən də faydalanmağı unutmamalıdır. Önəmli olan dünya həyatının cazibəsindən ayrıla bilib, axirət səadətini əldən verməməkdir. Çünki “Dünya həyatı axirətə nisbətən keçici və az faydalanılan yerdir”. Axirət həyatına gəlincə isə əsl həyat, səadət və rahatlıq oradadır.
Rəvayətlərə görə qiyamət Allahın dörd böyük mələklərindən biri İsrafil iki dəfə “suru” üflədikdən sonra başlayacaqdır (Quran, 39: 68). Birinci dəfə üfürdükdən sonra bütün kainatdakı varlıqlar məhv olacaqdır.
Allah göyü (Quran, 21: 104), ulduzları (Quran, 77: 8), dənizləri (Quran, 82: 3) də məhv edəcəkdir Bundan sonra dünya yenidən yaradılacaq (Quran, 18: 47; 14: 48) və yer üzü yenidən ovuc içi kimi hər yer görüləcək qədər düz olacaqdır. İsrafil ikinci dəfə suru üflədikdə isə bütün insanlar dirilib (Quran, 36: 51-52), bir yerə toplanacaqlar.
Buna isə dini ədəbiyyatda “həşr” (toplantı yeri) deyilir. Bundan sonra Allahın ədalət məhkəməsı başlayacaq, (Quran, 36: 53, 54) orada hakim Allah olacaqdır (Quran, 1: 4).
Məhəmməd peyğəmbər bütün müsəlmanlar üçün Allahdan şəfaət diləyəcək, sonda müsəlmanlar cənnətə, kafirlər isə cəhənnəmə girəcəklər.
İlahiyyatçılara görə, Allahdan başqa heç kim Qiyamət gününün nə zaman qopacağını bilmir. Ancaq, rəvayətlərdə qiyamətin yaxınlaşmasının əlamətləri haqqında məlumat vardır. Bunlardan bəziləri Yəcuc və Məcucun hücumu; İsa və Mehdinin zühuru; Dəccalın peyda olmasıdır.
Axirət hər bir insan üçün ölümdən sonra başlayır. Rəvayətlərə görə dünyasını dəyişən hər bir insan üçün öncə qəbir əzabı vardır. Daha sonra insanın ruhu “bərzəx” adlanan bir yerdə qiyaməti gözləyəcəkdir. İnsan burada dünya həyatında etdikləri yaxşı və ya pis əməllərə görə cavab verəcəkdir.
Axirət Quran və hədislərdə geniş işıqlandırılmışdır.
İslam mənbələrində bu məqamlar haqqında çoxlu əsərlər yazılmışdır. Ancaq buna baxmayaraq, axirət ilə əlaqədar hadisələri insan düşüncəsi ilə dərk etmək olduqca çətindir.