Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oğuznamə
Oğuznamə — oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələr. == Oğuzlar haqqında qiymətli mənbələr == Oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda "Oğuznamə" deyilir. Oğuznamə geniş anlayış olub, özündə oğuzların kosmoetnoqonik və təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə dəbini, məsəllərini, şeir parçalarını birləşdirir. Bir sözlə, oğuzlar haqqında hər hansı bədii, tarixi, təsviri məlumat oğuznamə adlandırılmışdı. Oğuznamələr həm köçəri, həm də yarımoturaq əhali arasında passionar ruhu qaldırmaqda böyük rol oynayıb. Kökü mifik oğuz şəcərəsi ilə bağlı olan nümunələr ilk vaxtlarda oğuzların yazılmamış qanunları olubdur. Bunu tarixi-xronoloji oğuznamə yazanlar da (Rəşidəddin, Əbül Qazi və b.) dönə-dönə qeyd etmişlər. Bu mənada Oğuznamələr uzun müddət xalqın qəhrəmanlıq tarixi kimi canlı şəkildə yaşayıb, oğuz birliyinin dağılması, köçəriliyin oturaqlıqla əvəzlənməsi ilə unudulmuşdur. Bu gün Oğuz motivlərinin ayrı-ayrı folklor janrlarında, ədəbi əsərlərdə canlanması tarixi yaddaşa qayıdışın başlanğıcıdır. Bizə qədər Oğuz kağanı və onun övladlarından bəhs edən iki yazılı dastan ("Oğuz kağan" və "Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan"), atalar sözləri ("Hazihir-risaləti min kəlimatı oğuznamə əl məşhur biatalar sözü" və "Əmsali-Məhəmmədiyyə"), Oğuz şeirləri, Oğuznamənin Uzunkörpü variantı, Dana Ata və Əndəlibin əsərləri, həmçinin iyirmidən çox Oğuz salnaməsi gəlib çatmışdır.
Oğuznamə-1
"Oğuznamə"-1 - (Atalar sözü və məsəllər) – oğuz hikmətlərini, obrazlı deyimlərini içinə alan atalar sözü və zərbi-məsəllərdən ibarət toplular. == Haqqında == Elmi-mədəni dəyərinin böyüklüyünə, bədii-estetik istiqamətinə, fəlsəfi mənalarına görə seçilən oğuz atalar sözləri, məsəlləri və hikmətli kəlamları bizə qədər “Oğuznamə” adı ilə iki əlyazması şəklində gəlib çatmışdır. Bunlardan biri Berlin kitabxanasında saxlanılan XV-XVI yüzilliklərə aid edilən əlyazmadır. “Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü” adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889-cu ildə nəşr etdirmişdir. Sonradan Dits nəşrindən O.Ş.Gökyay, A.Binyazar və b. alimlər də istifadə edərək, onu eyni ilə yenidən öz kitablarında nəşr etmişlər. İkinci əlyazma Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi “Haza kitabi-Oğuznamə” adlanan “Məcməüləmsali- Məhəmmədəli”dir. Bu əlyazma XVI-XVII yüzilliklərə aid edilir və həcmcə böyükdür. O, elm aləminə XIX əsrdən məlum olsa da, tam şəkildə ilk dəfə 1987-ci ildə Bakıda S.Əlizadə tərəfindən ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.
Oğuznamə-2
"Oğuznamə"-2 (Dana Ata) – Heca vəznində yazılmış ilk ədəbi əsər. == Haqqında == Türkmən övliya tayfalarından mücəvirlərin əcdadı hesab edilən Dana Ata İhsan Şeyx XV yüzilliyin ikinci yarısı-XVI yüzilliyin əvvəllərində yaşamışdır. O, sufi şeyxi olub yazdığı hikmətləri ilə məşhur idi. Dana Atanın təriqət silsiləsi Əhməd Yəsəviyə bağlanır. Yəsəvi şeyxinin Oğuznamə yazması bir daha göstərir ki, xalq sufiləri təriqətlərini yaymaq üçün oğuzların müqəddəs saydığı Oğuz xan əhvalatından da istifadə edirdilər. Oğuznamə müəllifi Dana Ata haqqında hələlik dəqiq məlumat yoxdur. Bəzi mənbələrə əsasən o, 1608-ci ildə vəfat etmişdir. Dana Atanın oğuznaməsinin əlyazma nüsxəsi Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda saxlanılır. Əlyazmanın təsvirindən göründüyü kimi, 1821-ci ildə onun üzü Molla Qurbangəldi adlı bir katib tərəfindən köçürülmüşdür. Oğuznamə hecada qoşma və gəraylı formasında yazılmış ilk əsərdir.
Oğuznamə-3
"Oğuznamə"-3 (Əndəlib) – XVIII yüzilliyin ədəbi dastanı. == Haqqında == Bu "Oğuznamə" Dana Atanın əsərindən sonra ikinci nümunədir ki, şeirlə yazılmışdır. Nurmühəmməd Əndəlib XVIII əsr türkmən ədəbiyyatının böyük şairlərindəndir. Onun təqribən 1660-1665-ci illərdə doğulduğu güman edilir. Dövrünün bütün elmlərini kamil bildiyinə görə, ona ustad təxəllüsü verilmiş, hətta bir çox əsərlərinə sonrakı şairlər nəzirə, təxmis də yazmışlar. Əndəlibin yaradıcılığında başlıca yeri əruz vəznində yazdığı şeirləri, qəzəlləri tutur. Şair heca vəznində də bir çox sənət nümunələri yaratmışdır. Əndəlib Nurmühəmmədin "Oğuznamə" əsəri həcmcə böyük olmasa da, dəyərinə görə çox qiymətlidir. Üç min illik tarixi olan Oğuz xan və onun övladlarının əhvalatını şair böyük ruh yüksəkliyi ilə qələmə almışdır. Bu oğuznamənin qiymətli cəhətlərindən biri də onun ilk dəfə olaraq 24 hərfli Oğuz əlifbası haqqında xəbər verməsidir.
Oğuznamə-4
"Oğuznamə"-4 (Rəşidəddin) – Oğuznamələrin İslam variantı, tarixi xronoloji əsər. == Haqqında == Görkəmli tarixçisi, həkimi, alimi və dövlət xadimi Fəzlullah Rəşidəddinin üç cilddən ibarət "Cami ət-təvarix" əsərinin birinci hissəsi elm aləmində "Oğuznamə" adı ilə tanınmışdır. Birinci cildə giriş, türk və monqol tayfalarının geneologiyası (şəcərələri) və Çingiz xanın tarixi daxildir. Əsərin bu hissəsi şifahi mənbələrə əsaslandığından tarixçi etnoqonik mifləri, rəvayətləri, dastan elementlərini tarixi hadisələrlə çulğaşmış şəkildə təqdim edir. Oğuz dastan elementi oğuz şəcərəsində, oğuz tarixi oğuz əfsanələrində verildiyindən Rəşidəddinin Oğuznaməsi spesifik cəhətlərə malikdir. Əsl adı “Oğuz, onun soyunun və türk sultanlarının zikri” adlandırılan Oğuznamə variantında Rəşidəddin türk və monqol ağsaqqallarından eşitdiyi əhvalatları da qələmə almışdır. Bununla yanaşı, müəllif türkcə mənbələrdən də geniş istifadə etmişdir. Bunu Oğuznamənin əlyazmalarında qalmış “tac”, “kenqəş”, “yurt”, “yurt- çu”, “yaylaq”, “yağı”, “il” sözləri, həmçinin mətndə türkcə getmiş şəxs və coğrafi adlar da sübut edir. Orxon-Yenisey kitabələrində Üç Oğuz, Altı Oğuz adı ilə xatırlanan oğuzların daha qədim və nisbətən düzgün tarixini Rəşidəddin vermişdir. Rəşidəddin oğuzların tarix səhnəsinə çıxmalarını, dövlət qurmalarını, başqa xalqlara münasibətini ümumdünya tarixi kontekstində təqdim edir.
Oğuznamə-5
"Oğuznamə"-5 (Salır Baba) - türkcə yazılmış Oğuznamələrin İslam variantı. == Haqqında == Mənbələrə əsasən Salır Baba Qulalıoğlu Xiridarinin "Oğuznamə" əsəri ikinci Oğuznamədir ki, oğuzların özü tərəfindən doğma dillərində yazılmışdır. XVI əsrin türkmən tarixçisi Salır Baba haqqında çox az məlumat qalmışdır. Onun Oğuznaməni yazarkən artıq orta yaşlarda olduğu, türkmənlərin şəcərəsini yaxşı bildiyi, dövrünün elmlərini dərindən mənimsədiyi və yazılı oğuznamələrlə tanış olduğu, fars və ərəb dillərini yaxşı bildiyi öz əsərindən aydınlaşır. Salır Babanın əsəri “Oğuz tarixi” adlanır. Bu əsərini o, Aşqabadın yaxınlığında olan doğma şəhəri Nusayda yazmışdır. Özü də salur boyundan olduğu üçün xalqın arasında yaşayan rəvayətləri, atalar sözlərini, Oğuz dastanlarını yaxşı bilirdi. Salır Babanın Oğuznaməsi digər oğuznamələrdən ciddi şəkildə fərqlənir. Məsələn, boz qurd obrazına heç bir salnamədə rast gəlmədiyimiz halda, Salır Baba Oğuznaməsində buna rast gəlirik. Əsərində verdiyi atalar sözləri, məsəllər, şeir parçaları, canlı ifadələr də Salır Babanın Oğuznaməsinin xalq variantını bacarıqla yazılı qaynaqlarla çulğamış şəkildə verə bilməsinə sübutdur.
Oğuznamə-6
"Oğuznamə"-6 (Uyğur versiyası) – Paris Milli Kitabxanasında Şefer fondunda, Supplement Turcs, 1001 sayı altında saxlanılan, uyğur əlifbası ilə əsas nüsxədən XIII-XIV yüzilliklərdə üzü köçürülmüş abidə. == Haqqında == Oğuznamə mətni 21 vərəq, 42 səhifədən ibarətdir. Hər səhifəyə 9 sətir yerləşdirilib. I səhifədə 1 və 3 sətirlər arasında göy rəngli öküz, V səhifənin axırıncı sətrində quş şəkli, VI səhifədə 4 sətirdə təkbuynuzlu heyvan şəkli çəkilmişdir. Bu Oğuznamə elmi ədəbiyyatda “Oğuz kağan” adı ilə də tanınır. Oğuz xan və onun haqqında dastan barədə ilk məlumatı 1815-ci ildə alman alimi F.Dits vermişdir. Rus tədqiqatçısı Radlov bu əsəri 1890-cı ildə rus dilinə tərcümə etmişdir. 1891-ci ildə o, “Oğuz kağan” dastanının transkripsiyasını, almancaya tərcüməsini nəşr etmişdir. Bu abidənin ikinci nəşri Rza Nura məxsusdur. O, Oğuznaməni 1928-ci ildə İskəndəriyyədə (Aleksandriya) transkripsiya, tərcümə, ön söz və faksimile ilə birlikdə çap etdirmişdir.
Oğuznamə-7
"Oğuznamə"-7 (Uzunkörpü variantı) – Oğuznamələrin qərb qoluna aid İslami dastan parçası. == Haqqında == Nəzmlə yazılmış bu Oğuznamənin Uzungörpü variantını ilk dəfə H.N.Orkun nəşr etmişdir. Orkun nəşrində mətnşünaslıq baxımından qiymətli olan faksimile, əsərin müasir türkcəsi, latın qrafikası ilə transkripsiyası verilmişdir. Bu dörd vərəqlik əlyazmanın hər səhifəsinə 13 beytlik iki sütun yerləşdirilmişdir. Ancaq Orkun bu əsər haqqında lazımi bilgi verməmiş, onun dil, leksik xüsusiyyətləri barədə, demək olar ki, heç nə deməmişdir. Bu islami Oğuznamənin Uzunkörpü variantı adlanmasına səbəb onun ilk dəfə Uzunkörpüdə Seyid Əli adlı bir şəxsin kitabxanasından tapılmasıdır. Seyid Əlinin məcmuəsi 15 vərəq olub, onun da 4 vərəqi, yəni 104 beyti Oğuznamədir. Sonradan məcmuə itdiyindən, onun yazılma tarixi, yeri və katibin adı qaranlıq qalmışdır. Çox güman ki, bu, Oğuznamədən böyük olmuş, katib oradan yalnız bəzi parçaların üzünü köçürmüşdür. Oğuznamə məsnəvi formasında yazılmış dastan olub İslami variantlardan biridir.
Oğuznamə-8
"Oğuznamə"-8 (Yazıçıoğlu Əli) – Türkcə yazılmış ilk Oğuz tarixi. == Haqqında == Osmanlı sultanı II Muradın (1421-1451) əmri ilə 1436-cı ildə türk dilində yazdığı tarix əsəri ilə məşhur olan Yazıçıoğlu Əli haqqında məlumat çox azdır. Dövrünün bir çox elmlərini, xüsusən də Osmanlı hökmdarlarının, ümumən oğuzların və türk dövlətlərinin tarixini gözəl bilən Yazıçıoğlu Əli XV əsrdə yaşamış, Sultan II Muradın dövründə bir müddət Misirdə məmlük sultanlarının yanında Osmanlı dövlətinin elçisi olmuşdur. Onun doğulduğu və öldüyü il məlum deyildir. Ancaq o, çox güman ki, XIV əsrin sonlarında, yaxud da XV əsrin əvvəllərində anadan olmuşdur. Yazıçıoğlunun elm aləmində “Oğuznamə” adı ilə tanınan əsərinin əsl adı “Təvarixi-ali Səlcuq”dur. Onun başqa əsərlər yazıb-yazmadığı hələ ki məlum deyildir. “Təvarixi-ali Səlcuq” Yazıçıoğlunun indiyə qədər qalmış yeganə əsəridir. Hələlik türk dilində yazılmış ilk oğuznamə olan bu qiymətli əsər iki hissədən ibarətdir: 1.Yarıtarixi, yarıəfsanəvi Oğuz xan və övladlarının əhvalatı. Bura səlcuqların, osmanlıların əcdadı Oğuz kağanın doğulması, hələ anasının bətnində ikən müsəlman olması, anasının yuxusuna girərək onu müsəlman olmağa dəvət etməsi, yalnız anası İslamı qəbul etdikdən sonra onun döşünü əmməsi, bir yaşında özü-özünə Oğuz adını qoyması və s.
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. == Mənbə == Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.