1. sif. Hər kəslə mehriban olan; ünsiyyətli, mehriban; istiqanlı. Munis adam.
– [Xədicə] olduqca xoşsöhbət, … genişqəlbli, munis və mehriban bir qız idi.
Könüllər yolçusu, o munis gözəl; Min ürək fəth edir hər keçən anda.
2. is. Yaxın adam, mehriban dost, sirdaş, ürək dostu.
Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim; Can şikarım, sevgili yarım canımın cananıdır.
[Pəri xanım:] Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox.
□ Munis olmaq – ürək dostu olmaq, ən yaxın yoldaş, sirdaş yerini tutmaq, mehriban olmaq.
Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir; Didələr oldu həmin munisü qəmxar mənə.
Bu gün gülən yarın ağlar, saqın, öyünmə, düşün! Düşün də, munis ol! İncitmə, qırma kimsəni sən!…
// Sevgili, istəkli, məhbubə.
[Rəhim:] …Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma.
Deyəsən, Vahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdur.
3. sif. məc. Xoş, fərəhverici, ürəyəyatan, ruhu oxşayan. Munis gecə. Munis mənzərə.
– …Baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi.
[Nuriyyə:] Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var.