Bahoz Ərdal
Bahoz Ərdal (türk. Bahoz Erdal), həmçinin Fəhman Hüseyn (kürd. Fehman Hûseyn فەهمان حوسێن; 3 avqust 1969, Suriya) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək komandiridir və əslən Suriyanın Əl-Malikiyyə şəhərindəndir.
== Sui-qəsd iddiası ==
Türkiyənin rəsmi dövlət xəbər agentliyi "Anadolu Agentliyi" və "Daily Sabah"ın verdiyi məlumata görə, Bahoz Ərdal 8 iyul 2016-cı ildə Suriyada öldürülmüşdür. Təl-Hamis Briqadaları adlı rejim əleyhdarı silahlı qruplaşmanın sözçüsü Xalid əl-Həsəkəvi adlı şəxs "Anadolu Agentliyi" müxbirinə bildirmişdir ki, Hüseyn Suriyanın şimalında yerləşən Qamışlı şəhəri yaxınlığında hədəfə alınmışdır. O, 8 iyulda, saat 8:30-da Hüseynin avtomobilinin partladıldığını, mühafizəçiləri də daxil olmaqla 8 nəfərin öldürüldüyünü iddia etmişdir. 12 iyulda "Yeni Şafak" qəzeti bu xəbərin mənbəyi kimi Türkiyənin MİT kəşfiyyat xidmətinə istinadən xəbər yaymışdır.
PKK bu iddianı təkzib etmiş və Ərdal 13 iyulda özü radioya müsahibə vermişdir. O, 2017-ci ilin aprel ayında bir videoda görünmüşdür.